ABŞ`ın keçirdiyi hərbi əməliyyatlar fonunda İranın razılaşmaqdan başqa çıxış yolu qalmayıb – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


ABŞ-İsrail-İran arasında gərginlik davam etdiyi bir vaxtda bölgədə hərbi əməliyyatlar daha da intensivləşib. Son məlumata görə, ötən gecə ABŞ qüvvələri İran ərazisində xüsusi əməliyyat həyata keçirərək vurulmuş təyyarələrin pilotlarını xilas edib və təhlükəsiz şəkildə ölkədən çıxarıb. Eyni zamanda, tərəflər arasında qarşılıqlı raket və hava zərbələri davam edir, İran İsrailə və körfəz ölkələrinə cavab hücumları həyata keçirir. ABŞ Prezidenti Donald Trumpın İrana verdiyi ultimatumun müddəti isə aprelin 6-da başa çatır.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına müsahibəsində bildirib ki, ABŞ-ın İran ərazisində həyata keçirdiyi pilotların xilas edilməsi əməliyyatı onun hərbi imkanlarını və operativ üstünlüyünü bir daha nümayiş etdirdi: “İki amerikan pilotunun İran ərazisindən sağ-salamat çıxarılması ABŞ ordusunun yüksək səviyyəli koordinasiya və texnoloji imkanlara malik olduğunu göstərir. Bu, onu deməyə əsas verir ki, mümkün daha genişmiqyaslı əməliyyatlar zamanı da İranın müqavimət imkanları məhdud olacaq.”

Əhməd Şahidov qeyd edib ki, mövcud qarşıdurma uzun müddət davam edə bilməz və İran qısa zaman ərzində ABŞ ilə razılığa gəlməlidir: “Hazırda İran ərazisi mütəmadi olaraq havadan zərbələrə məruz qalır. Əgər yaxın müddətdə, xüsusilə də elan olunmuş vaxt çərçivəsində razılıq əldə edilməzsə və Hormuz boğazı ilə bağlı məsələlər həll olunmazsa, ABŞ daha sərt addımlara keçə bilər. Bu isə İranın enerji infrastrukturu və strateji obyektləri üçün ciddi nəticələr doğura bilər.”