“Hindistanın su terroru Cənubi Asiyada yeni müharibə riski yaradır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Hindistanın su siyasəti və Pakistanda daşqın fəlakəti beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Son həftələr Pakistanın Pəncab vilayətində və digər bölgələrində baş verən güclü daşqınlar minlərlə insanın evsiz qalmasına, yüzlərlə vətəndaşın həyatını itirməsinə səbəb olub. Rəsmi İslamabad isə Hindistanı çayların axarını manipulyasiya etməklə və qəfil su buraxmaqla vəziyyəti daha da ağırlaşdırmaqda ittiham edir. Ekspertlər bildirirlər ki, bu addımlar 1960-cı ildə imzalanmış Indus Waters Treaty müqaviləsinin pozulması deməkdir və regionda yeni gərginlik ocağı yaradır.

Siyasi şərhçi Əhməd Şahidov ARB24-ə açıqlamasında məsələni şərh edib. Onun sözlərinə görə, Hindistanın qəsdən su buraxması beynəlxalq hüquqa ziddir və artıq “su terroru” anlayışını aktuallaşdırır:

“Əgər Hindistan bu müqavilədən birtərəfli qaydada imtina edirsə, bu, təkcə Pakistan üçün deyil, bütün region üçün ciddi təhlükə yaradır. Suyun silahlaşdırılması yeni bir müharibə səbəbinə çevrilə bilər. Pakistan isə bütün çətinliklərə baxmayaraq güclü və mübariz dövlətdir, bu təxribatların öhdəsindən gələcək.”