8 avqust Cümə günü, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli görüş keçiriləcək. Bu görüş son aylarda sürətlənən diplomatik prosesin məntiqli davamı kimi dəyərləndirilir və Cənubi Qafqazda uzun illərdir davam edən münaqişənin siyasi yolla həllinə doğru atılmış ən mühüm addımlardan biri hesab olunur.
Diplomatik mənbələrə görə tərəflər bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Əbu Dabidə mühüm razılaşmalara nail olublar. Ağ Evdəki üçtərəfli görüşün əsas məqsədi həmin ilkin razılaşmaları rəsmiləşdirmək, yekun sülh müqaviləsini imzalamaq və münaqişənin tamamilə başa çatdırılması üçün yol xəritəsini təsdiqləmək olacaq.
Vaşinqtonun bu təşəbbüsə verdiyi əhəmiyyət yalnız regional sabitliklə məhdudlaşmır. Donald Tramp administrasiyası bu görüşü ABŞ-ın beynəlxalq vasitəçilik mövqeyinin gücləndirilməsi və Prezidentin şəxsi diplomatik uğuru kimi dəyərləndirir. Ağ Ev rəsmilərinin fikrincə, əldə olunacaq razılaşma həm Azərbaycan, həm Ermənistan, həm də ümumilikdə Cənubi Qafqaz üçün yeni iqtisadi və siyasi imkanlar yaradacaq.
Hazırda Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov CGTN Türk kanalına açıqlamasında Ağ Evdəki görüşün region üçün tarixi bir fürsət olduğunu və konkret nəticələr gözlədiklərini bildirib:
“Bu dəfə proses yalnız rəsmi bəyanatlarla məhdudlaşmaya bilər. Donald Tramp bu təşəbbüsü adi bir diplomatik missiya kimi deyil, şəxsi siyasi iradəsi ilə aparır. Onun məqsədi yalnız iki ölkə arasında sülh yaratmaq deyil, eyni zamanda ABŞ-ın qlobal vasitəçi mövqeyini gücləndirməkdir. Bu, həm Vaşinqtonun nüfuzunu artıracaq, həm də bölgədə uzunmüddətli sabitlik üçün zəmin yaradacaqdır,” – deyə qeyd edib.
Əhməd Şahidov həmçinin vurğulayıb ki, görüşdə müzakirə olunacaq məsələlər yalnız sülh müqaviləsi ilə məhdudlaşmır. Gündəmdə iqtisadi əməkdaşlıq imkanları, sərhədlərin açılması, nəqliyyat və enerji dəhlizlərinin yenidən işə salınması, humanitar münasibətlərin canlandırılması kimi mövzular da var:
“Əgər bu görüşdə yekun razılaşmaya nail olunarsa, bu, yalnız münaqişənin başa çatması demək olmayacaq. Eyni zamanda region ölkələrinin iqtisadi inteqrasiyası, yeni ticarət yollarının açılması və insanların sərbəst hərəkəti üçün tamamilə yeni bir dövrün başlanğıcı olacaqdır,” – deyə əlavə edib.
Siyasi şərhçi Əhməd Şahidov həm də Vaşinqtondakı diplomatik dairələrin görüşün nəticələrinə böyük ümidlə baxdığını və prosesin uğur qazanması üçün tərəflərə ən yüksək səviyyədə dəstək verildiyini vurğulayıb.

