Azərbaycan Ağ Evdə diplomatik zəfərə imza atdı – Əhməd Şahidov Vaşinqtondan Space TV`ə danışıb

8 avqustda, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtondakı Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixi görüş keçirildi. Görüşün nəticəsində tərəflər arasında uzun illər davam edən münaqişəni siyasi yolla həll edən yekun sayıla biləcək sülh sazişi imzalandı. Bu sənəd Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyur.

Diplomatik mənbələr bildirirlər ki, bu razılaşma öncədən Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Abu-Dabidə aparılan intensiv danışıqların davamı olaraq əldə olunub. Vaşinqtondakı görüş isə həmin ilkin razılaşmaları rəsmiləşdirərək, sülhün təminatı üçün konkret yol xəritəsini təsdiqlədi.

Donald Tramp administrasiyası bu nəticəni yalnız regional sabitlik baxımından deyil, həm də ABŞ-ın beynəlxalq vasitəçilik mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirir. Ağ Ev rəsmilərinə görə, imzalanan saziş Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz üçün yeni iqtisadi və siyasi imkanlar açacaq.

Vaşinqtonda olan siyasi şərhçi Əhməd Şahidov Space TV`ə müsahibəsində bildirib ki, imzalanan sənəd region üçün əsl tarixi dönüş nöqtəsidir: “Bu, sadəcə diplomatik jest deyil, real nəticələr verəcək bir razılaşmadır. Donald Tramp bu prosesi şəxsi siyasi iradəsi ilə irəli apardı və məqsədi yalnız iki ölkə arasında barışıq yaratmaqla məhdudlaşmadı. Bu addım həm ABŞ-ın qlobal vasitəçi mövqeyini gücləndirəcək, həm də regionda uzunmüddətli sabitlik üçün möhkəm zəmin yaradacaq.”

Əhməd Şahidovun sözlərinə görə, imzalanan saziş yalnız münaqişənin bitməsi ilə məhdudlaşmır: “Razılaşma iqtisadi əməkdaşlıq, sərhədlərin açılması, nəqliyyat və enerji dəhlizlərinin bərpası, humanitar əlaqələrin inkişafı kimi məsələləri də əhatə edir. Bu, region ölkələrinin iqtisadi inteqrasiyasına, yeni ticarət yollarının açılmasına və insanların sərbəst hərəkətinə geniş imkanlar yaradacaq,” – deyə siyasi şərhçi əlavə edib.

Əhməd Şahidov, həmçinin vurğulayıb ki, Vaşinqtondakı diplomatik dairələr bu tarixi uğuru yüksək qiymətləndirir və sülhün davamlı olması üçün prosesə dəstəyini davam etdirəcək.