Prezident Donald Tramp Rusiyaya 50 günlük möhlət verdi – Əhməd Şahidov CGTN Türk kanalına şərh edib


ABŞ Prezidenti Donald Trampın NATO Baş katibi ilə keçirdiyi son görüş və Rusiya-Ukrayna müharibəsi ilə bağlı sərt açıqlamaları beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı CGTN Türk kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Prezident Tramp artıq Rusiya lideri Vladimir Putinə qarşı daha sərt mövqe nümayiş etdirir.

“Prezident Tramp hakimiyyətə gələndən sonra Ukrayna müharibəsini dayandırmaq üçün Rusiya ilə birbaşa dialoqa üstünlük verdi. Lakin Kremlin geri çəkilməməsi və hücumlarını davam etdirməsi Trampı daha sərt qərarlar almağa vadar etdi. O, Putinə 50 günlük möhlət verib və əgər bu müddət ərzində hücumlar dayandırılmasa, cavab tədbirləri görüləcək,” – deyə Əhməd Şahidov bildirib.

Əhməd Şahidovun sözlərinə görə, Prezident Tramp artıq Ukraynaya əlavə hərbi dəstək verməyə qərar verib:“Tramp Ukraynaya ‘Patriot’ hava hücumundan müdafiə sistemləri göndərilməsinə razılıq verib. Lakin bu yardımın maliyyə yükünü ABŞ yox, Avropa ölkələri daşıyacaq. Bu, həm NATO-nun daxilində məsuliyyət bölgüsünü yenidən qurmaq, həm də Avropanı daha aktiv mövqeyə gətirmək strategiyasıdır.”

Siyasi şərhçi əlavə edib ki, Prezident Trampın mövqeyi onun “ilk mərhələdə diplomatiya, sonra isə zəruri olarsa sərt tədbirlər” prinsipinə əsaslandığını göstərir.

Hazırda ABŞ administrasiyası, Avropa müttəfiqləri ilə birlikdə Ukraynadakı vəziyyətin dinc yolla həlli üçün təzyiqləri artırmağı planlaşdırır.