“Azərbaycan Suriyanın bərpasına dəstək verməyə hazırdır” – Əhməd Şahidov Vaşinqtondan Misirin Al Qahera kanalına danışıb


Ötən gün Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bakıdakı görüşlər çərçivəsində Prezident İlham Əliyev və Əhməd Əl Şaraa iki ölkə arasında iqtisadi, enerji və humanitar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Səfər zamanı Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı layihəsi, bərpa-quruculuq işlərində əməkdaşlıq və Yaxın Şərqdə sülh təşəbbüsləri əsas mövzulardan olub.

Bu mövzu ilə bağlı Vaşinqtondan Misirin nüfuzlu Al Qahera kanalına müsahibə verən beynəlxalq məsələlər üzrə ekspert Əhməd Şahidov səfərin regional əhəmiyyətini və Azərbaycanın bu prosesdəki rolunu şərh edib. Müsahibədə o qeyd edib ki, Azərbaycan Suriyanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib və post-müharibə dövründə bu ölkənin bərpası və iqtisadi inkişafına dəstək verməyə hazırdır.

Əhməd Şahidov vurğulayıb ki, Bakı və Dəməşq arasında enerji və diplomatik əməkdaşlıq region üçün yeni imkanlar yarada bilər. Xüsusilə Azərbaycan qazının Suriyaya çatdırılması və humanitar layihələrin icrası Yaxın Şərqdə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Ekspert, həmçinin Azərbaycanın Qarabağda apardığı bərpa və yenidənqurma təcrübəsinin Suriyada tətbiq oluna biləcəyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın perspektivli olduğunu qeyd edib.