Vaşinqton, 28 iyun — ABŞ-ın İran əleyhinə keçirdiyi son hərbi əməliyyatdan sonra ölkə daxilində və beynəlxalq mediada geniş müzakirələr başlayıb. Əməliyyatın nəticələri ilə bağlı kəşfiyyat hesabatının mediaya sızması Vaşinqtonda diqqət çəkib. Hələlik bu məlumatları kimin və hansı məqsədlə yaydığı bəlli olmasa da, məsələ ictimaiyyət və siyasətçilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov CGTN kanalına Vaşinqtondan danışıb. O bildirib ki, son günlər ABŞ mediasında yayılan məlumatlar Ağ Evin Yaxın Şərqdəki siyasətinə diqqəti artırıb.
“Burada əsas müzakirə mövzusu əməliyyatın nəticələri yox, kəşfiyyat sənədlərinin necə və kim tərəfindən mediaya ötürülməsidir. İddialara görə, bu məlumatlar Pentaqon daxilindəki bəzi narazı şəxslər tərəfindən sızdırılıb. Lakin rəsmi qurumlar hələlik bunu təsdiqləmir və araşdırmanın davam etdiyini bildirirlər,” — deyə Əhməd Şahidov qeyd edib.
Əməliyyat və yayılan hesabatlarla bağlı ABŞ ictimaiyyətində fərqli fikirlər var. Bəziləri bu əməliyyatın zəruri olduğunu düşünür, digərləri isə mümkün müharibə riskindən narahat olduqlarını bildirirlər. Əhməd Şahidov deyib ki, prezident Donald Trampın əvvəlki seçki kampaniyasında verdiyi “ABŞ`ın sonsuz müharibələrindən uzaq qalacayıq” vədi də indi müzakirə mövzusudur. “Bəzi vətəndaşlar Ağ Evin bu vədinə sadiq qalmasını istəyir, digərləri isə regiondakı təhlükəsizlik məsələlərinin hərbi tədbir tələb etdiyini düşünür. Demokratlar Ağ Evdən məsələ ilə bağlı daha ətraflı məlumat tələb edirlər.”
Hazırda ABŞ Müdafiə Nazirliyi və Ağ Ev bu məsələ ilə bağlı geniş açıqlama verməyib. Konqresdə isə növbəti günlərdə əməliyyat və məlumat sızması ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır.

