İsrail və İran arasında başlayan müharibə artıq üçüncü gündür davam edir. Son məlumata görə, İran növbəti dəfə İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib. Nəticədə Bat Yam və digər şəhərlərdə 14 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. İsrail isə cavab olaraq “Operation Rising Lion” əməliyyatı çərçivəsində Tehranda yerləşən hərbi və strateji obyektləri hədəfə alıb. İran tərəfi hücumlar nəticəsində onlarla insanın həyatını itirdiyini açıqlayıb. Müharibənin regionda daha geniş qarşıdurmaya çevrilməməsi üçün beynəlxalq təşkilatlar və G7 liderləri diplomatik səyləri artırmağa çağırıb.
Bölgədəki vəziyyətə münasibət bildirən siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasının “Nə deyirlər” verilişində çıxış edərək bildirib ki, Azərbaycan regionda baş verən hadisələri diqqətlə izləyir və münaqişənin genişlənməsinin qarşısının alınması üçün diplomatik təşəbbüslərin gücləndirilməsini dəstəkləyir. O qeyd edib ki, Azərbaycan hər zaman regional sabitliyin və təhlükəsizliyin tərəfdarı olub və indiki şəraitdə bütün tərəflərin sülh və dialoqa üstünlük verməsi vacibdir.
Əhməd Şahidov, həmçinin Ermənistan mətbuatında yayılan İranın zəifləməsinin Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Türkiyənin mövqelərini gücləndirəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib. Siyasi şərhçi bildirib ki, Azərbaycan qonşuluqda baş verən hadisələri öz maraqları üçün fürsət kimi qiymətləndirmir və Zəngəzur dəhlizinin açılmasının yalnız bütün region ölkələrinin iştirakı ilə, iqtisadi anlaşma və sülh yolu ilə həyata keçirilməsinin tərəfdarıdır.
O əlavə edib ki, Azərbaycan bölgədə yaranan hərbi-siyasi vəziyyətdən öz sərhədlərinə və iqtisadi layihələrinə təsir ehtimalını nəzərə alaraq, bütün ehtiyat tədbirlərini gücləndirir və prosesləri diqqətlə izləyir.




