Misirin nüfuzlu Al-Qahera News telekanalında İsrail-İran arasında gərginləşən münasibətlər və davam edən müharibəyə həsr olunmuş canlı debat təşkil edilib. Verilişin qonaqları Azərbaycandan siyasi şərhçi Əhməd Şahidov və Rusiyadan tanınmış politoloq Sergey Markov olublar.
Proqram zamanı aparıcı Sergey Markova Rusiya tərəfinin İsrail-İran müharibəsində vasitəçilik rolu oynaya biləcəyi barədə sual ünvanlayıb və rusiyalı ekspert bu ehtimalı şərh edib.
Daha sonra isə aparıcı Əhməd Şahidova müraciət edərək Azərbaycanın dəfələrlə bəyan etdiyi mövqeyi — yəni ölkə ərazisinin qonşulara qarşı, xüsusən də İrana qarşı hərbi əməliyyatlarda istifadə edilməsinə icazə verilməyəcəyini xatırladıb və bu barədə münasibətini soruşub.
Əhməd Şahidov çıxışında bildirib ki, Azərbaycan daim regionda sabitliyin tərəfdarıdır və öz ərazisinin üçüncü ölkələr tərəfindən hərbi məqsədlərlə istifadəsinə yol verməyəcək. O, həmçinin qeyd edib ki, İsrail-İran arasında ehtimal olunan müharibə təkcə Yaxın Şərqə deyil, Cənubi Qafqaza və bütün dünyaya mənfi təsir göstərə bilər.
Azərbaycanlı şərhçi vurğulayıb ki, bu kimi müharibə təhlükəsi regiondakı enerji layihələrinin təhlükəsizliyinə, ticarət yollarının davamlılığına və ümumi sabitliyə təhdiddir. Azərbaycan isə prosesləri diqqətlə izləyir və öz milli maraqlarını qorumaqda qətiyyətlidir.
Bu müzakirə Al-Qahera News kanalının beynəlxalq siyasət platformasında regionun mövqeyinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyıb.




