10 aprel tarixində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yaz Sessiyası öz işini davam etdirir. Sessiya çərçivəsində ötən gün Türkiyə ilə bağlı xüsusi müzakirələr keçirilib. Müzakirələrin əsas mövzusu İstanbul Böyükşəhər Bələdiyyə başçısı Ekrem İmamoğlunun həbsi, eləcə də Türkiyədə insan haqları və demokratiyanın ümumi durumu olub.
AŞPA-da keçirilən bu müzakirələrə münasibət bildirən hüquq müdafiəçisi Əhməd Şahidov bugün sessiyanın keçirildiyi Strasburq şəhərində Türkiyənin TV5 kanalına müsahibə verib. Müsahibə zamanı Əhməd Şahidov AŞPA-da Türkiyə ilə bağlı edilən çıxışlara, qəbul olunan sənədlərə və bu müzakirələrin siyasi və hüquqi əhəmiyyətinə toxunub.
Hüquq müdafiəçisi bəzi çıxışların siyasi motivli xarakter daşıdığını qeyd edərək, bu cür yanaşmaların beynəlxalq təşkilatların obyektivliyinə xələl gətirdiyini bildirib. O, eyni zamanda, insan haqları və demokratiya məsələlərinin bütün ölkələrə eyni standartlarla tətbiq olunmasının vacibliyini vurğulayıb.