Aprelin 10`da İstanbul şəhərində ABŞ və Rusiya nümayəndələri arasında yüksək səviyyəli görüş baş tutacaq. Bu görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və qlobal güclər arasında münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Fransanın Strasburq şəhərində davam edən Avropa Şurası Parlament Assambleyasının Yaz Sessiyasında yaxından iştirak edən siyasi şərhçi Əhməd Şahidov məsələ ilə bağlı REAL Televiziyasına danışıb və görüşün əhəmiyyətini dəyərləndirib.
Əhməd Şahidov bildirib ki, İstanbulda keçiriləcək ABŞ-Rusiya görüşü yalnız bu iki güc arasında münasibətlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda Türkiyənin beynəlxalq arenada tutduğu strateji mövqeyin təsdiqidir. Onun sözlərinə görə, Türkiyənin belə bir dialoq üçün platforma seçilməsi, Ankaranın həm Qərblə, həm də Şərqlə qurduğu balanslı və çevik xarici siyasətin nəticəsidir. Əhməd Şahidov qeyd edib ki, Türkiyə son illərdə regional münaqişələrin həllində, vasitəçilik təşəbbüslərində və humanitar diplomatiyada aktiv rol oynayaraq beynəlxalq güc mərkəzləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.
Siyasi şərhçi Əhməd Şahidov hesab edir ki, bu cür görüşlərin İstanbulda keçirilməsi Türkiyəyə həm siyasi, həm də diplomatik prestij qazandırır. O əlavə edib ki, beynəlxalq platformalarda fəallığın artırılması, neytral və etibarlı dialoq mühiti yaratmaq bacarığı Türkiyənin diplomatik təsir imkanlarını daha da genişləndirir. Əhməd Şahidov ABŞ və Rusiya kimi qlobal oyunçular arasında belə vacib bir görüşün məhz İstanbulda keçirilməsini təsadüfi saymır və bu qərarın arxasında Türkiyənin illərdir formalaşdırdığı müstəqil, çoxtərəfli və balanslı xarici siyasət xəttinin dayandığını vurğulayır.