AŞPA-da Türkiyə ilə bağlı əsas müzakirələrə start verilir – Əhməd Şahidov Strasburqdan Akit Televiziyasına danışıb


7 aprel 2025-ci il tarixində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yaz Sessiyası işə başlayıb. Sessiyanın gündəliyində Türkiyədə insan hüquqları vəziyyəti, İstanbul meri Ekrem İmamoğlunun həbsi, Gürcüstanda siyasi proseslər, Ukraynada cəzasızlığa qarşı mübarizə və Qəzzadakı humanitar böhran kimi mühüm məsələlər yer alır.

Sessiyanı yerində izləyən hüquq müdafiəçisi Əhməd Şahidov Akit Televiziyasına açıqlamasında AŞPA-da insan hüquqları və demokratiya məsələlərinə yanaşmada ikili standartların müşahidə edildiyini bildirib.

Sessiya çərçivəsində, həmçinin Serbiya, Macarıstan, Kosovo və Latın Amerikası ilə münasibətlər, ətraf mühitin hüquqi müdafiəsi kimi məsələlər də müzakirə olunur.

Gündəliyə əsasən, 9 aprel tarixində təcili prosedurla İstanbulun meri Ekrem İmamoğlunun həbsi və Türkiyədə demokratik institutların durumu ayrıca müzakirəyə çıxarılacaq. Məsələ üzrə təqdimatla Monitorinq Komitəsinin həmməruzəçiləri – Avstriyadan Stefan Şennax (SOC) və Birləşmiş Krallıqdan Lord David Blenkatra (ECPA) çıxış edəcəklər.