Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yaz Sessiyası 7 aprel 2025-ci il tarixində Fransanın Strasburq şəhərində işə başlayıb. Sessiya çərçivəsində bir sıra vacib beynəlxalq məsələlər – Gürcüstanda siyasi vəziyyət, İstanbulun bələdiyyə sədrinin həbsi və Türkiyədə insan hüquqları durumu, Ukraynada müharibə ilə bağlı məsuliyyət və cəzasızlığa son qoyulması, eləcə də Qəzzadakı humanitar blokadanın dayandırılması kimi aktual mövzular müzakirə olunur.
Hazırda Strasburqda səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov da AŞPA-nın Yaz Sessiyasını yaxından izləyir. O, ARB24 kanalına verdiyi müsahibədə gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüb. Əhməd Şahidov qeyd edib ki, dünyada insan hüquqları və demokratiya məsələlərinə yanaşmada AŞPA platformasında ikili standartların geniş şəkildə yayıldığı müşahidə olunur.
Qeyd olunub ki, müzakirələr zamanı Azərbaycanla bağlı tənqidi çıxışların da səsləndirilməsi, xüsusilə Bakıda hazırda məhkəməsi davam edən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı rəsmi Bakıya təzyiq çağırışlarının edilməsi gözlənilir.
Sessiya çərçivəsində, eyni zamanda, Serbiya, Macarıstan, Kosovo, Latın Amerikası ilə münasibətlər, habelə ətraf mühitin cinayət hüququ vasitəsilə qorunması kimi digər aktual məsələlər də gündəmdə yer alır.