Rusiya təyyarə qəzasına görə üzr istədi – Əhməd Şahidov Sky News Arabia kanalına danışıb


Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Mövzu ilə bağlı Sky News Arabia kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, son 3 gün ərzində Rusiya tərəfi faktı təsdiq etməkdən ciddi mənada çəkinirdi. Lakin Azərbaycan tərəfinin haqlı tələbi və mövcud sübutlar nəticəsində Azərbaycan təyyarəsinin vurulması faktını etiraf etməli oldu. Hazırda müxtəlif ölkələrin iştirakı ilə beynəlxalq səviyyədə araşdırma aparılır. Yaxın günlərdə nəticələr elan olunacaq və Azərbaycan təyyarəsinin Rusiya Havadan Müdafiə Sistemləri tərəfindən vurulması rəsmən təsdiqini tapacaq. Bundan sonra Rusiyanın faktı qəbul etməsi və Azərbaycana təzminat ödəməsi tələb olunacaq.