ƏDƏBİYYAT KÖRPÜSÜNÜN MEMARI

Əhməd Şahidov: “Kamal Abdulla öz qələmiylə təkcə bədii əsər yazmır, dövlət əhəmiyyətli bir diaspor fəaliyyəti aparır”
Yazıçı dramaturq Kamal Abdullanın “Serhbazlar dərəsi” kitabı Rusiyada çap olundu
Bu günlərdə görkəmli yazıçı Kamal Abdullanın Azərbaycan oxucusuna yaxşı tanış olan “Sehrbazlar dərəsi” romanı Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda işıq üzü görmüşdür. “Zlotoust” nəşriyyatında işıq üzü görmüş bu əsər müəllifin çoxsaylı əsərlərindən sadəcə biridir. Rus oxucusunun diqqətinə təqdim olunan “Sehirbazlar dərəsi” romanında müəllif – həminki qəribdir. O, sanki varlıq və yoxluğun hüdudunda dayanaraq, zaman fenomeninin və insan taleyinin idrak üfüqlərinə doğru daha da irəliləyir. Yazıçının yenicə çapdan çıxmış əsəri ilə bağlı söhbətimizi onun sevimli tələbələrindən olan gənc alim, fəlsəfə doktoru Əhməd Şahidovla davam etdirdik.

Əhməd Şahidovun sözlərinə görə, Borxesin “ayrılan cığırlar bağı” təyinini haqlı olaraq, mükəmməl daxili kompozisiyaya malik olan bu romana şamil etmək olar. Əsər dünya ehtiraslarının puçluğu, insan təbiətinin və qanunlarının natamamlığına görə qaçılmaz cəzanı aşmağa çalışan borc və sevgi hissi haqqında pritçadır, amma eyni zamanda bu, faciəvi sonluğa baxmayaraq, son dərəcə maraqlı, Şərq kaloriti ilə süslənmiş təsirli və işıqlı nağıldır.

Kitabın ön söz müəllifi olan Lyudmila Lavrovanın təbirincə desək, romanda parlaq epizodlar və kolliziyalar çoxdur, onlar Ömər Xəyyamın poeziyası kimi bilavasitə hissiyyatla qavranıla bilər, lakin onların hər birinin, eləcə də bütün hekayətin arxasında, sufi simvolikasının karvan yerişinə bənzəyən qatları sayrışır, diqqətli oxucunun fikrini özünə yönəldir. Burada şah və cəllad, əzab çəkən karvanbaşı, öz sevgisini gizlədən xədim, qovulmuş müdrik və onun şəyirdləri, zamanı idarə etməyə və məkanla manipulyasiyalara məruz qoymağı bacaran, möcüzəvi Dərədə yaşayan sehrbazlar, Görükməz təpə, insan dünyasını ağ vərəqə çevirən (sanki dünyanı yeni əlyazmalara hazırlayan), qar yağışı, ümumiyyətlə, kitabın istənilən personajı və obrazı – göründüyü kimi deyil, illüziyadır, ancaq kimin illüziyasıdır? Atasının qatilini arayan Karvanbaşının və onun sadiq xidmətçisinin arxasınca düşməyə bizi nə sövq edir? Cəlladın və onun ehtiraslı məhəbbətinin tarixçəsini danışan kimdir? Nəhayət, ölmüş cəlladın Ruhu ilə təmasa girərkən, qəhrəmanlarlardan başqa orada kimlər olub? Ölülərin canlılar üçün əlçatmaz olan bilgilərinə işarə edən, insanı sarsıdan bu dəhşətli səhnə yaddaşlarda həkk olunur. Bu “kim”in müəllifin özü və ya sirləri qorumağı bacaran sehrbaz-medium olduğunu iddia etmək (digərləri bunu edə bilməzdilər, çünki hələ tarixdən əvvəl dünyanı tərk etmişdilər və tarixdə öz iştiraklarının anlamı haqqında heç bir bilgiyə sahib deyildilər – uşağın qəlbinə qisas toxumları səpmiş qeyzli qarı kimi) sadəlövhlük olardı… Ancaq hələ ki, şahın cəza dəstəsi şiddətlə darvazanı yumruqlayır, şamın nazik işığı tüstüləyərək öləziyir, hələ ki Ruh məhkum olunmuş Karvanbaşının məskənini tərk etməyib, son sualları vermək gec deyil. Lakin artıq bu suallara cavab ala bilməyəcəksən, maddi müstəvidə əlaqələr qırılıb, baxmayaraq ki, bəlkə bu vacib də deyil, başlıcası odur ki, əbədi susqunluqdan öncə bu sualları səsləndirməyə macal tapmısan… Düşünürəm ki, yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülünün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onları sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının, bəlkə də, əski zamanlarda gördüyü röyaya, çevrilirsən və bu röyalar haqqında roman yazırsan.

Ümumiyyətlə, Kamal Abdullanın bütün əsərləri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində də xüsusi diqqət və maraqla oxunur, əcnəbi dillərə tərcümə olunub dünya ədəbiyyat inciləri sırasına daxil edilir. İndiyə kimi Rusiyada, Fransada, Polşada, Braziliyada, Türkiyədə və digər ölkələrdə əsərləri dərc olunan ədibin məxsusi bir auditoriyası da var. Əsasən akademik və aristokratik təbəqəni təmsil edən bu zümrə sanki Kamal Abdullanın əsərlərində əks olunan həyat reallıqlarında özlərini tapırlar.

Kamal Abdullanın məşhur əsərlərindən olan “Yarımçıq əlyazma” romanı eyni vaxtda Fransada, Türkiyədə, Polşada və Braziliyada nəşr edildi. Sərbəst kompozisiyası və nəsrlə yazılmış özünəməxsus poemanı xatırladan intonasiyaları ilə seçilən bu romanda müəllif öz istedadının yeni cəhətlərini aşkarlayır, baxmayaraq ki, burada da onun əsas keyfıyyəti – müasir olanla əbədi olanı, günümüzün ahəngsizliyini və uzaq tarixin dolanbaclarını gözlənilməz şəkildə, üzvi olaraq uzlaşdırma bacarığı dəyişməz qalır. Kamal Abdullanın yazıçı individuallığının sirri də bu uzlaşmadadır.

Kamal Abdullanın yaradıcılığından böyük həvəslə danışan Əhməd Şahidov öz müəllimini təkcə yazıçı kimi qəbul etmir: “Kamal Abdulla öz qələmiylə təkcə bədii əsər yazmır, dövlət əhəmiyyətli bir diaspor fəaliyyəti aparır. Çünki, onun əsərləri dünyanın bir çox ölkələrində çap olunur, həmin ölkələrin vətəndaşları məhz Kamal müəllimin əsərlərini öz doğma dillərində oxumaqla sanki özləri üçün Azərbaycanı kəşf etmiş olurlar. Onlar müasir Azərbaycan ədəbiyyatının ən parlaq nümunələrini məhz bu kitablarda tapmış olurlar. Odur ki, Kamal Abdulla öz əsərləriylə oxucularına təkcə mənəviyyat deyil, eyni zamanda Azərbaycan boyda bir həqiqət aşılayır.”

Kamal Abdullanın şeirlərini sevə-sevə oxuduğunu qeyd edən Əhməd bəy müəlliminin ən çox bu misralarını bəyənir:

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

“Mən də haradasa özümü ədəbiyyatla bağlı bir insan hesab edə bilərəm. Çünki, məhz Kamal Abdullanın külliyyatı içində qurdalana-qurdalana özüm də ədəbiyyatçı olmuşam, şeirlər yazmağa başlamışam. Yol barədə yazdığım bir şeirlə müəllimimə dəstək olmaq istədim və həmin şeirimin son iki sətiri məni çox uzaqlara apardı”:

Yol bizi özümüzdən, başlanğıcdan qoparır,

Aparır sona bizi, ölümə pay aparır.

Söhbətləşdi: İlkin Ağayev, “Palitra” qəzeti

Bu yazını Facebookda şərh et