İranı yalnız güc yolu ilə danışıqlar masasına qaytarmaq mümkündür – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

ABŞ ordusunun İran ərazisində növbəti hərbi əməliyyatlar həyata keçirməsi Yaxın Şərqdə gərginliyi daha da artırıb. Vaşinqton və Tehran arasında qarşılıqlı zərbələrin davam etməsi münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları gücləndirib. Paralel olaraq Qətər, Pakistan və Oman vasitəsilə diplomatik təmasların bərpasına cəhdlər göstərilsə də, hələlik tərəflər arasında danışıqların yenidən başlanmasına nail olunmayıb.

ARB24 Televiziyasının qonağı olan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırkı mərhələdə ABŞ-İran qarşıdurmasının lokal münaqişə çərçivəsində qalacağına zəmanət yoxdur. Onun sözlərinə görə, qarşılıqlı hərbi əməliyyatların intensivləşməsi region ölkələrini də prosesə cəlb edə və münaqişəni daha genişmiqyaslı müharibəyə çevirə bilər. Ekspert hesab edir ki, vasitəçi ölkələrin diplomatik təşəbbüsləri davam etsə də, hələlik bu səylər real nəticə verməyib və tərəflər arasında birbaşa və ya dolayı təmaslar bərpa olunmayıb.

Əhməd Şahidovun fikrincə, mövcud vəziyyətdə ABŞ-ın əsas strategiyası İrana hərbi və siyasi təzyiqi artıraraq onu danışıqlar masasına qayıtmağa məcbur etməkdir. Siyasi şərhçi vurğulayıb ki, hazırkı mərhələdə Vaşinqton münaqişənin yeganə çıxış yolunu məhz güc amili vasitəsilə Tehranın mövqeyini dəyişməkdə görür. Onun sözlərinə görə, yalnız bundan sonra diplomatik prosesin yenidən başlaması və tərəflər arasında siyasi dialoqun bərpa olunması mümkün ola bilər.