ABŞ-İran qarşıdurması yeni ölkələri əhatə edə bilər – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

ABŞ Prezidenti Donald Trampın son iki gün davam edən intensiv hava hücumlarından sonra İrana qarşı hərbi əməliyyatların dayandırılması barədə göstəriş verməsi və Tehranın da cavab olaraq raket hücumlarını dayandırdığını bəyan etməsi bölgədə gərginliyin nisbətən azalacağına dair ümidlər yaradıb. Bununla belə, tərəflər arasında əldə olunan bu nisbi fasilənin davamlı olacağı hələ də sual altındadır və beynəlxalq müşahidəçilər diplomatik proseslə yanaşı yeni hərbi ssenarilərin də gündəmdə qaldığını bildirirlər.

ARB24 televiziyasının efirində mövzunu şərh edən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, hazırkı mərhələ müharibənin başa çatması deyil, sadəcə taktiki fasilə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, ABŞ administrasiyası İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı bütün variantları nəzərdən keçirir və beynəlxalq mediada ABŞ xüsusi təyinatlı qüvvələrinin mümkün əməliyyatları barədə məlumatlar yayılır. Şərhçi hesab edir ki, xüsusilə Fordo və İsfahandakı nüvə obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qarşıdakı günlərdə gərginliyin yenidən artacağı ehtimalını artırır. Eyni zamanda, İranın xarici işlər naziri Abbas Əraqçinin qonşu dövlətlərlə deyil, ABŞ-a məxsus hərbi bazaları əsas hədəf kimi göstərməsi münaqişənin regional xarakterini daha da mürəkkəbləşdirə bilər.

Əhməd Şahidovun fikrincə, ən ciddi risk ABŞ–İran müharibəsinin coğrafiyasının genişlənməsi ehtimalıdır. O qeyd edib ki, qarşıdurmaya yeni aktorların cəlb olunması istisna deyil və son günlərdə Xəzər dənizində İran gəmisinə endirilən zərbə ətrafında yaranan gərginlik Ukrayna ilə İran arasında münasibətləri də kəskinləşdirə bilər. Şərhçi hesab edir ki, belə bir inkişaf dolayısı ilə Rusiya-Ukrayna müharibəsi ilə Yaxın Şərqdəki qarşıdurma arasında yeni geosiyasi bağlantılar yarada, nəticədə münaqişənin regional çərçivədən çıxaraq daha geniş beynəlxalq təhlükəsizlik böhranına çevrilməsi riskini artırar.