YER VER AŞKA…

Sevgisiz dünyanın mənası yoxdur,
Dünyanın təməli elə sevgidir.
İnsanlar sevəndə olur bambaşqa,
Durma dostum, sən də yer ver aşka!

*****

Sevənləri Allah da qoruyarmış,
Onların cənnətdə yeri başqadır.
Nifrəti başqadır, sevgisi başqa,
Durma dostum, sən də yer ver aşka!

*****

Sevginin güzgüsü yanan gözlərdir,
İlk sevgi alışan gözlərdən başlar.
Eşqin közü başqa, tüstüsü başqa,
Durma dostum, sən də yer ver aşka!

*****

Sevgisiz qaldısa, yaşamır ürək,
Gedib-gələn nəfəs həvəsdir həvəs.
Ölməmək başqadır, yaşamaq başqa,
Durma dostum, sən də yer ver aşka!

*****

İlk baxışdan sevmək! O da gözəldir.
Sevgini sonacan qorumaq gərək.
Yalandan sevdinsə, o tamam başqa,
Durma dostum, sən də yer ver aşka!

*****

Məhəbbətin bir də həsrəti vardır,
Həsrət uzanarsa, sevgi də artar.
Həsrət ayrılıqsa, bu tamam başqa
Durma dostum, sən də yer ver aşka!

*****

Bir gün öləcəksən, bunu bilirsən,
Ölmək istəmirsən, çünki sevirsən.
Sevgilin ölübsə, sən də ölürsən,
Ölümü sevirsən, bu tamam başqa,
Durma dostum, sən də yer ver aşka!

Əhməd ŞAHİDOV
12 Yanvar 2010-cu il saat 02:42, Bakı, Azərbaycan

*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…