“MÜASİR ƏDƏBİYYATDA AZADLIQ VƏ DEMOKRATİYA VAR”

Əhməd Şahidov: “Gənclər əsərlərində bir çoxlarımız üçün arzuolunmaz ailə həyatı tərzindən yazırlar”
“Hər bir əsər müəllifin zəmanəsinə münasibətini ifadə edir”
Bu yaxınlarda gənc alim, şair Əhməd Şahidovun “Qanun” nəşriyyatında “Sən də yer ver aşka” adlı ilk şeirlər kitabı çapdan çıxıb. Onunla kitabını və müasir ədəbiyyatı müzakirə etdik.
– Hər bir sənət əsəri dəyişən tarixin dəyişən üzünə bir reaksiya ilə yazılır. Bu günlərdə şeirlər kitabın işıq üzü gördü. Bu kitab haqqında nə demək istərdin?
– Əlbəttə ki, hər bir əsər müəllifin zəmanəsinə münasibətini, sevgisi və nifrətini ifadə edir. Bir zamanlar şairlər padşahlara rəğbətini ifadə edir, əlçatmaz sevgilərini qələmə alırdılarsa, indi müasir dövrdə ədəbiyyat tamam başqa mövzuları işıqlandırır. Bu gün sosial problemlərdən, müharibələrin yaratdığı çətinliklərdən və cavabız sevgilərdən daha çox yazılır. İndi gənclər əsərlərində valideynlərə hörmət və izzətdən daha çox, sərbəst yaşam tərzindən bəhs edir, ailə həyatının müasir, hətta mən deyərdim bir çoxlarımız üçün arzuolunmaz tərzindən yazırlar. Mən isə bir qədər mühafizəkar insanam. Hər şeydə müasirliyin tərəfdarı olsam da, əxlaqda, tərbiyədə sarsılmaz dəyərlərin saxlanılmasına üstünlük verirəm. Ötən günlərdə çapdan çıxmış “Sən də yer ver aşka” adlı şeirlər kitabım isə poeziyada ilk addımımdır. Bundan əvvəl bir elmi monoqrafiyam kitab şəklində dərc olunsa da, ədəbiyyatda ilk uğurumu məhz bu kitabla atdım. Kitabımda sevgi, vətənpərvərlik, sosial mövzularda şeirlərim və “Düşmənə ehtiram” adlı bir hekayəm yer alıb.
– Şeirdən fəlsəfəyə, elmi araşdırmalardan məqalələrə kimi yol keçmisən. Eyni zamanda siyasətlə məşğulsan. Bəs maraqlıdır, Əhməd Şahidov nə vaxt roman yazacaq?
– Lap əvvəldən yaradıcılığa jurnalist kimi başlamışdım. İndiyə kimi bir çox qəzetlərdə xırdalı-irili məqalələrim çap olunub. Daha sonra Rusiyada dərc olunan beynəlxalq “Novoe Russkoe Slovo” qəzetinin Azərbaycan nümayəndəsi kimi çalışmışam. Elmi fəaliyyətim də universitetdə oxuduğum son illərdən başladı. Bir çox beynəlxalq elmi konfranslarda çıxışlarım olub. 26 yaşında elmi dissertasiyamı uğurla müdafiə etdim və filologiya üzrə fəlsəfə doktoru elmi adını qazandım. Şeir yazmağa isə son iki ildə başlamışam. O ki qaldı romana?! Bəlkə də özünüz də bilmədən ən böyük sirrimi açmış oldunuz (Gülür). Çünki, hazırda ilk romanım üzərində çalışıram. Gələn ilin birinci yarısında yekunlaşdırmağı düşünürəm. “Killerin məhəbbəti” adlanan bu roman müasir Rusiyada baş verən hadisələri özündə əks etdirir. Romanda təkcə məhəbbət deyil, eyni zamanda ictimai-siyasi mövzulara da toxunulacaq. Əsərdə Azərbaycanla bağlı da maraqlı məqamlar öz əksini tapacaq. Rusiya-Azərbaycan münasibətlərinin qaranlıq tərəflərini ədəbiyyat prizmasından işıqlandırmağa çalışacağam.
– Çağdaş ədəbiyyatı necə qiymətləndirirsiniz?
– Əslində müasir ədəbiyyatda haradasa azadlıq və demokratiyanın hökm sürdüyünü düşünürəm. Gənclər istədikləri mövzuda yaza bilirlər, ciddi rəqabət göz qabağındadır. İstənilən yazar öz əsərlərində, mətbuatda çıxışlarında rəqibini açıq şəkildə tənqid edə bilir, hətta bu azadlıqdan sui-istifadə edənlər təhqirlərə də yol verirlər. Mən bu tempi çox bəyənirəm. Eyni zamanda çox maraqlı və müasir reallıqları əks etdirən oxunaqlı əsərlər də yaranmaqdadır.
– Kimləri oxuyursunuz müasir Azərbaycan şeirindən?
– Şeir mənim ən kövrək yerimdir. Özüm yazmaqla yanaşı digər şairlərin də şeirlərini sevə-sevə oxuyuram. Müasirlərimizdən Ramiz Rövşəni, Vaqif Bayatılı Odəri, Salam Sarvanı, Aqşin Yeniseyi oxuyuram. Bu şairlər məni düşünməyə vadar edir. Amma xalq şairi Zəlimxan Yaqubu bir şair kimi sevirəm. O, mənim üçün tükənməz enerji mənbəyi, çağlayan bir bulaqdır. Çox bəyənirəm onun çoşğusunu, sözünü, şeirlərini. Sevirəm o insanı.
– Artıq gələn il otuz yaşın olur. Otuz yaşında on səkkiz yaşlı gənclərin sevgi duyğularını yaşamaq və yazmaq səni kədərə bürüyürmü? Ya da sən on səkkiz yaşında eyni şövqlə o eşq şeirlərini yaza bilərdinmi?
– Yaşımı yadıma salmayın lütfən (Gülür). Çünki, mən fiziki olaraq yaşamıram, mən ruh adamıyam və yaşımın otuza yaxınlaşmasına baxmayaraq, özümü 18 yaşlı kimi hiss edirəm. Dostlarım da həmişə deyir ki, Əhməd, sən uşaq kimisən lap. Bir az ciddi ol, ağır apar özünü. Amma vallah deyib-gülmək, zarafatlar etmək və uşaq kimi yaşamaq mənim təbiətimdədir. Ruhum böyüməyib hələ. Tez-tez küsə bilirəm, özüm-özümə ağlayıram, adi bir sözlə kimlərdənsə inciyə bilərəm. Mənim hər şeyimi əlimdən alsınlar, amma acı sözlə qəlbimə toxunmasınlar. O ki qaldı sevgiyə, tanıyanlar məni vurğun şəxs kimi qələmə verirlər. Bilmirəm Azərbaycan dilində bunu necə ifadə edim ki, oxucularmız məni düzgün başa düşsünlər, amma rusca buna “vlyubçivıy çelovek” deyirlər. Yəni hansısa gözəl qızı, şirin xanımı görəndə tez aşiq oluram, bağlanıram həmin insana. Həmin insan əlçatmaz olanda bir qədər məyus oluram. 18 yaşında isə tamam başqa ab-havadaydım, başım təhsilə, elmə qarışmışdı. Tamam başqa planlar qururdum. İndi isə, Allaha şükür, o planların əksəriyyətinə nail olmuşam, odur ki, sevgiyə həsr edirəm özümü. Ümumiyyətlə, sevəndə və özünün də sevildiyini hiss edəndə insan çox xoşbəxt olur.
– Çağdaş Azərbaycan poeziyası bu gün hansı istiqamətdə özünə yön seçməlidir? Ənənəyə sadiqlik, yoxsa başdan sona inkarçılıq?
– Vallah, məncə ədəbiyyatda hansısa konkret yol, cığır seçməyə gərək yoxdur. Hər şeyi öz axarına buraxmaq lazımdır. Onda hər şey təbii, gözəl və saf olacaq. Kiməsə hansısa əsəri yazmağı sifariş etmək və ya məcbur etmək düzgün deyil. Ədəbiyyat hər bir insanın iç dünyasıdır, daxili aləmi, ruhun özünü ifadəsidir. Bunu hansısa çərçivəyə salmaq olmaz. Qoy kim nə istəyirsə, yazsın, nədən istəyirsə, yazsın. Onsuz da axırda oxucu hər şeyi saf-çürük edir, ən yaxşıları yaddaşlarda silinməz izlər buraxır və ədəbiyyat əbədiyyətə çevrilir.
– Poeziya siyasətdən üstündür sənin nəzərində, yoxsa siyasət poeziyadan? Yəni şair oturub şeirini yazmalıdır, yoxsa…
– Çox maraqlı sualdır. Məncə, ədəbiyyat həyatın özüdür və bugünkü həyatımızda baş verən bütün hadisələr ədəbiyyatda da öz əksini tapmalıdır. Sevgidə cərəyan edən proseslər, cəmiyyətimizdə baş verən hadisələr, habelə ölkə və dünya siyasətində cərəyan edən proseslər ədəbiyyatda da öz əksini tapmalıdır. Ədəbiyyat cəmiyyətdə maarifləndirici funksiyanı oynamalıdır. İnsanlar hansısa əsəri oxuyarkən sevgidə, həyatda baş verən hadisələrdən ibrət dərsi götürdüyü kimi siyasətdə baş verən hadisələrdən də xəbərdar olmalıdırlar.
– Hər bir yazarın içində gəzdirdiyi, ədəbiyyata gətirmək istədiyi mövzular var. Bəs sən necə, elə bir şey düşünürsənmi?
– Təbii ki var. Mən həmişə xalqımızın “mentalitet” adıyla özlərinə xalta etdiyi bəzi mənfi xüsusiyyətləri sındırıb atmaq istəyirəm. İstəyirəm məhz bu mövzuları əhatə edən və həmin mənfi xüsusiyyətləri tənqid edən əsərlər yaradım. Məsələn, toylarımızın, yaslarımızın keçirilmə üsullarını alt-üst edim, gənclərin necə sevdiklərini, daha doğrusu necə tanış olmağa məcbur edildikləri, insanlarımızın özləri üçün deyil də, ətrafdakılar üçün yaşadıqları, əksəriyyətimizin komplekslərin əsirinə çevrildiyimizi və bu kimi digər mənfi cəhətləri darmadağın edə biləcək əsərlər yazmaq və cəmiyyətə təqdim etmək istərdim. Cəmiyyətimizin bu mövzularda oyanmasını çox istərdim. Mən bacarmasam da, kimlərinsə bu mövzuları gündəmə daşımasını çox istəyirəm.

Söhbətləşdi: Oktay Hacımusalı
“Xalq Cəbhəsi” qəzeti, 16 Sentyabr 2011-ci il