Şeytandan bixəbər torpaq

qax
… səfalı guşələri, təmiz havası, saf suları, qürurlu dağları və yam-yaşıl örtüyü olan cənnət məkanı
Neçə gündür ki, Bakının tozlu-dumanlı havasından, səs-küylü küçələrindən və mazut iyi gələn bulvarından canımı götürüb qaçmaq istəyirdim. Qərara almışdım ki, Türkiyəyə gedim, hansısa kurort şəhərinə baş çəkim. Yaxın bir dostumla məsləhətləşirdim. Dedim, bəlkə çıxaq ölkədən həm başımız qarışsın, həm də istirahət edək.

Özümü kifayət qədər vətənpərvər insan hesab edirdim, amma məndən də çox torpağına bağlı olan kimsə görəndə çox sevinirəm. Sevinirəm ona görə ki, Azərbaycanı sevən insanlar var, hələ çoxdur. Onun torpağını, təbiətini və ən əsası insanlarını sevən gənclərimiz var. Hər dəfə xaricə getdiyimə görə mənə iradlarını tutan dostum Azərbaycanı gəzməyi təklif etdi. Nəsə ağlıma batmırdı. Dedim, ay qardaş oğlu, hara gedək axı?! Ən guşəli, səfalı məkanımız Qarabağdadır, orada da gedə bilmirik.

qax1

Dostumun “Əhməd, sən özün haralısan? Qaxlı. Dur, gedək Qaxa” sözləri sanki iliyimə işlədi. Düzdür, “haralısan” kəlməsindən heç vaxt xoşum gəlməyib. Çünki, inzibati ərazi baxımından bu və ya digər rayonda dünyaya gələn insanların arasında nə fərq ola bilər ki?! Əgər fərq yoxdursa, onda niyə soruşuruq ki, “Haralısan”?!

Odur ki, oturduq maşına, yollandıq üzü yuxarı, yəni şimal bölgəsinə. Artıq beş ilə yaxındır üzünü görmədiyim Qax rayonuna. Özümü hərdən tənqid də edirəm. Axı niyə hər dəfə danışanda vətənpərvərlikdən ağız dolusu danışırıq, amma doğulduğumuz, böyüyüb boya başa çatdığımız doğma rayonumuza, kəndimizə çox az-az baş çəkirik. Bakı-Şamaxı yolu ilə gedirdik, sükan arxasında özüm idim. Yol mədəniyyətdir deyiblər. Həqiqətən də çox gözəl yollar çəkiblər. Bunu inkar etmək mümkün deyil.

Qaxa çatdıq. Dörd tərəfi yam-yaşıl dağlar olan bu rayonda mənim uşaqlığım keçib, Qaxda mən anadan olmuşam, ilk addımlarımı atmışam, ilk dəfə dil açmışam, ilk dəfə yıxılmışam. Bir sözlə, həyatımdakı bütün “ilk”lər məhz Qaxda baş verib. Ona görə də əzizdir mənə bu rayon. Amma yerlibazlıq etmək xasiyyətimdə yoxdur. Çünki, Azərbaycanın hər bir bölgəsi mənim üçün əzizdir, doğmadır.

Qax gözəl yerdir. İlisu kəndində dağın lap başında balaca bir daxmamız var. Amma inandırım sizi. Bu daxmanın qiyməti yoxdur. Düz məşhur İlisu Şəlaləsinin yanında evimiz var. Əvvəlcə Qax rayonu haqqında qısa məlumat vermək istərdim. Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir. Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində) isə soyuqdur. Rayonda 59 yaşayış məntəqəsi var.

qax2

Bu rayon Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu, əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti olan regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsulların xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət götərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir – kükürd, polimetal filizi və s. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

Əhalinin milli tərkibi də müxtəlifdir. Burada azərbaycanlılar əksəriyyət təşkil edirlər. Rayonda avarlar, ləzgilər, saxurlar, gürcülər və başqa millətlərin nümayəndələri də yaşayırlar.

Qaxın təbiətən gözəl şəraitinin olmasına baxmayaraq, rayonda hər hansı sosial həyatdan danışmağa dəyməz. Qaxın mərkəzində bir neçə market, park və çayxananın olmasına baxmayaraq, kəndlərdə, xüsusən də ucqar kəndlərdə insanların bir yerə toplaşması üçün hər hansı imkandan danışmağa dəyməz. Bəzi kəndlərə gedən yollar da çox bərbad gündədir. Bucür kəndlərə nəqliyyatın işləyə bilməməsi həmin kəndlərdə yaşayan insanların həyatına da təsir edir. Rayonun əsas problemindən biri də gənclərin işsizliyidir. Kəndə gedəndə tində-bucaqda boş-boşuna vaxt keçirən onlarla gəncləri görmək mümkündür.

qax3

Əslində Qaxın təbiətindən istifadə edib bölgədə analoqu olmayan turizm mərkəzi yaratmaq olar. Dünyanın bir çox turistik bölgələrindən heç də geri qalmayan Qax rayonuna investisiya yatırılsa, bölgədə infrastruktur yaradılsa, aeroport tikilsə, dünyanın müxtəlif ölkələrindən əcnəbi turistləri cəlb etmək mümkün olar. Bununla həm də rayonda işsizlik problemini aradan qaldırmaq olar. Əminliklə deyə bilərəm ki, Qax sakinləri xarici turistləri qonaqpərvərliklə qarşılayarlar. Çünki, bu rayonun sakinləri gülərüz, mehriban, istiqanlı insanlardır. Əslində, hərdən yazığım gəlir Qax camaatına. Sanki, dünyadan xəbərləri yoxdur. Dünyadakı pislikdən, xəyanətlərdən, ikiüzlülükdən, satqınlıqdan uzaq insanlardır. Sanki şeytan bu yerlərə baş çəkməyib, bu yerlərdən bixəbərdir!

qax4

Əslində Qax gözəl yerdir, amma axşam düşəndə bu gözəllikdən əsər-əlamət qalmır. İşıqlar söndürülür, küçələr qaranlığa qərq olur, sanki həyat sönür. Amma yenə sevilməyə layiq bir yerdir. Təbiəti qədər insanları da gözəldir. Necə deyərlər, şeytan hələ bu bölgəyə gəlib çatmayıb, xəbərsizdir buraların gözəlliyindən. Bir-neçə gün istirahət edib yenə qayıdacam Bakıya. Tozlu-dumanlı, səsli-küylü, mazutlu-neftli doğma Bakıya. Şeytanın ağuşunda yerləşən Bakıya…

Əhməd Şahidov
İlisu kəndi, Qax rayonu, Azərbaycan
20 İyul 2010-cu il