Əhməd Şahidov üçün uğurlu yol

Qan Turalı
Poeziya hər zaman insanları  heyrətləndirməyə davam edir. Artur Rembo  21 yaşından sonra heç şeir yazmadı, amma indiyənə qədər o poeziyanın nəhənglərindən sayılır. Nəsrdə bunu etmək  çətindir, ciddi nəsr əsərləri bir qayda olaraq orta yaşda yaranır. Azərbaycan da daim poeziya yurdu, şeir yurdu olubdur.
Məşhur rus şairi Konstantin Simonov Azərbaycanda bir dəfə demişdi ki, Azərbaycan xalqı  şair xalqdır.
Onun bu bənzətməsini Azərbaycanda az qala hamı bilir.
Və Azərbaycanda şeir yazmayan adama az rast gəlmək olar.
Hətta yazıçılarımızın  əksəriyyəti də yaradıcılığa şeir yazmaqla başlayıblar.
Küçədə gördüyünüz hər bir azərbaycanlı potensial şairdir.
Nə vaxtsa o, şeir yazıb, ya da yazacaq.
Misal üçün mənim dostum, filologiya elmləri namizədi Əhməd Şahidovun şeir yazacağı kimin ağlına gələrdi.
Gəlin, şeirlərə keçməmişdən qabaq Əhməd Şahidovu sizinlə tanış edim.
Əhmədin 28 yaşı var, bu zamana qədər şeir yazmasa da xeyli iş görüb, misal üçün Slavyan Universitetinin fərqlənmə diplomu ilə bitirib, rus filologiyasından namizədlik müdafiə edib.
Siz shahidov.com saytına girib Əhmədin tərcümeyi-halını və şeirlərini oxuya bilərsiniz.
Bu saytda Əhmədin dissertasiya müdafiəsi və müdafiə münasibəti ilə təşkil edilən banketin video görüntüləri də var.
Bu görüntülərdən də  aydın olduğu kimi Əhməd səliqəli, savadlı və intizamlı  tələbə kimi müəllimlərin rəğbətini qazanıb.
Amma çox güman ki, bu müəllimlərdən heç biri onun içinə bir şairin uyuduğunu hiss etməyib.
Onun şeirlərinə ötəri belə nəzər saldıqda bir şair ruhunun çırpıntılarını görməmək, sezməmək mümkün deyil.
Misal üçün Əhmədin ictimai mövzulu “Bu ölkənin” şeirindən seçdiyim bir bəndi birlikdə oxuyaq:

Gənclərdə  əxlaq yox, elm-savad yox,
Qız ilə  oğlanın fərqi bilinmir.
Əlindən iş gəlmir, utanmır da heç
“Gələcəyiyik” deyir biz bu ölkənin.

Gördüyünüz kimi özünü  elmə həsr etmiş Əhməd digər gənclərin savadsızlığını kəskin tənqid atəşinə tutaraq ortaya əsl alim və şair mövqeyi qoyur.
Əhmədin yaradıcılığında diqqət çəkən əsas məqamlardan biri də onun mövzu rəngarəngliyidir.
Əhməd hər şeydən yazır və yazdığı hər şeydə təkrarsız olur.
Misal üçün “Soyuqdur”  şeirinə nəzər salaq:

“Soyuqluqda həm də bir paxıllıq var,
Çünki qaynar insanları sevməzlər.
İsti insan bura gəlib soyuyar,
Soyuduqca kökündən uzaqlaşar”.

Oxuculara xatırlatmaq istəyirəm ki, bu şeir Moskvada yazılıb.
Gördüyünüz kimi rus elinin soyuqluğunu şair çox incə şəkildə rus xalqının mentalitetinə, mədəniyyətə bağlamaqla böyük bir məharət göstərmişdir.
Başqa bir məqama da toxunaq.
Əhmədin şeirlərində diqqəti cəlb edən əsas məqam onun böyük və ali həqiqətləri çox sadə dildə oxuyuca təqdim etmək bacarığıdır.
Misal üçün məhəbbətin insan həyatı üçün necə gərəkli olduğu air görün necə əsaslı şəkildə təsvir edir:

Bir gün  öləcəksən, bunu bilirsən,
Ölmək istəmirsən, çünki sevirsən.
Sevgilin ölübsə, sən də ölürsən,
Ölümü sevirsən, bu tamam başqa,
Durma dostum, sən də  yer ver aşka.

Bu yazı “uğurlu yol” məqsədi daşımaqla bərabər həm də Əhmədi bir şair kimi cəmiyyətə təqdim etmək məqsədi daşıyır.
Mən belə düşünürəm ki, Azərbaycan xalqının Əhməd kimi şairlərə həqiqətən ehtiyacı var.
Bununla belə bu uğurlu yol yazısında  bir tənqidə də yer verməyi gərəkli sayıram.
Əhməd filoloq olduğuna görə bu tənqidi rahat anlayacağını da bilirəm.
Məsələ bundadır ki, bir çoxları sərbəst şeirin milli şeir forması olmadığını  iddia edərək ondan qaçırlar.
Amma bizim dahi şairimiz Səməd Vurğun sərbəst şeir yazıb, eləcə də Dədə  Qorqud dastanı da qafiyəli nəsr, başqa sözlə desək sərbəst şeirin rüşeymində yazılıb.
Bu mənada Əhmədin öz gücünü sərbəst şeirdə də sınamasını istəyirəm.
Əhmədin şeirləri onun saytında toplanıb, tezliklə onun şeir kitabı da işıq üzü görəcək.
Ümid edirik ki, o şair kimi Azərbaycan oxucularının ürəyində layiqli yerini tapacaqdır.

“Açıq Fikir” qəzeti

Bu yazını Facebookda şərh et