“Beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu hücumlarına səssiz qalmamalıdır” – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Həlak olmuş şəxslərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq itkin düşüb.

TRT Arabia kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, son həftələr ərzində itirdiyi əraziləri yenidən geri almaq üçün ardıcıl hücumlar təşkil edən Ermənistan silahlı birləşmələri ən müxtəlif təxribatlara əl atır. Hüquq müdafiəçisi deyib ki, erməni tərəfinin əsas məqsədi Azərbaycan əhalisi arasında qorxu, təşviş və vahimə yaratmaqdır.

Digər tərəfdən də, atəşkəs dövründə humanitar yardımlar adı ilə müxtəlif ölkələrdən hərbi texnikalar və silahlar alan Ermənistan hakimiyyəti cəbhədə yeni təxribatlar hazırlayır. Əhməd Şahidov dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu məsələyə təcili reaksiya vermələrini vacib hesab edib və Ermənistanın Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib.

Bu yazını Facebookda şərh et