Əhməd Şahidov Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı girovlar barədə danışıb

İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının Yay Sessiyası çərçivəsində azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib. Azərbaycanın AŞPA-dakı rəsmi nümayəndə heyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə AŞPA üzvləri, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə söz açıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında danışıb və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 5 ildir ki, erməni girovluğunda olduqlarını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov azərbaycanlı girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsində davam edən kommunikasiya prosesi barədə məlumat verib.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov öz çıxışında azərbaycanlı qaçqın və məcburi köçünlərin 30 ildir ki, öz dədə-baba torpaqlarından didərgin düşdüklərini və Ermənistanın işğalçı siyasətinin bölgədə humanitar fəlakətə səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. Daha sonra çıxış edən azərbaycanlı girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AŞPA üzvlərinə müraciət edərək, atasının 5 ildir ki, davamlı işgəncələr altında olduğunu və 1 il 8 aydır ki, atasından heç bir məlumat almadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa institutlarında mövcud ikili standartlardan söz açıb, azərbaycanlı girovlarla bağlı beynəlxalq insan haqları institutlarının səssiz qalmalarını anlamadığını bildirib.

Tədbirin sonunda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qeyri-şərtsiz azadlığa buraxılması ilə bağlı qətnamə qəbul olunub və AŞPA üzvləri həmin qətnaməni yekdilliklə imzalayıblar.

Bu yazını Facebookda şərh et