Apar məni Qarabağa, a qardaş!


Gecə-gündüz o yerləri anıram,
Doğma Qarabağçün qəlbən yanıram.
Gözləməkdən yorulub, usanıram
Qarabağsız yaş üstünə gəlir yaş,
Apar məni Qarabağa, a qardaş!

Dostlarımdan eşidib öyrənmişəm,
Vətənimi qarış-qarış gəzmişəm
Cəbrayıla, Laçına getməmişəm,
Xocalını, Şuşanı görəydim kaş
Apar məni Qarabağa, a qardaş!

O torpaqlar Türkün eli-obası
İldən-ilə dərinləşən yarası
Çox özlədim, hanı Şuşa qalası?!
Yatan vicdanlara qalmışam çaş-baş
Apar məni Qarabağa, a qardaş!

Kim gedəcək Qarabağda savaşa?
Əsgər gedib, heçdən ölən canlarmı?!
Siz savaşa, biz tamaşa deyərək
Min cür yolla əsgərdən qaçanlarmı?!
Belə getsə, heç qurumaz gözdə yaş
Apar məni Qarabağa, a qardaş!

Tarix bizi heç zaman bağışlamaz
Təslim olub, dizlərimiz bükülsə,
Torpaqlar bir gün də işğalda qalmaz
Vətən dərdi ürəklərdə çəkilsə
Əsgər olsa dost, aşna, qohum, qardaş
Apar məni Qarabağa, a qardaş!

Apar məni o torpağa, o yurda
Aslan kimi dırmaşım Dəlidağa.
Mən meydanda çevrilərəm bozqurda
Ya sağ, ya da ölü düşsəm torpağa,
Cibimdəki bayraq olsun başdaşım.
Apar məni Qarabağa, qardaşım!
Apar məni Qarabağa, qardaşım!

 

Əhməd ŞAHİDOV
01 May 2013-cü il, saat 02:45, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке