Halil İbrahim Akça TURSAM rəhbəri Əhməd Şahidovla görüşdü
Xəbər verildiyi kimi, Xocalıya Ədalət kampaniyası şərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan TURSAM sədri Əhməd Şahidovun rəhbərliyi ilə Fevral ayının 25-də ŞKTC Cümhuriyyət Məclisində “Xocalıya Ədalət” adlı sərgi tədbiri keçirilmişdir. Şimali Kiprin aparıcı televiziya və mətbuat orqanlarında geniş işıqlandırılan bu tədbir barədə yerli hakimiyyət orqanları da xəbər tutmuşlar.
Türkiyə Cümhuriyyətinin Şimali Kiprdəki səfiri Halil İbrahim Akça TURSAM təşkilatının Xocalı tədbirini yüksək qiymətləndirmiş və bununla bağlı TURSAM rəhbəri Əhməd Şahidovu qəbul etmişdir. Görüş zamanı Şimali Kiprin tanıdılması, xalqlar arasında münasibətlər, habelə Şimali Kipr universitetlərində təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Qəbul üçün təşəkkürünü bildirən TURSAM sədri Əhməd Şahidov Azərbaycanın Şimali Kiprə önəm verdiyini, bu ölkədə müxtəlif tədbirlərin keçirildiyini bildirmiş və gələcəkdə bu münasibətlərin rəsmi şəkildə həyata keçiriləcəyinin mümkünlüyünü ifadə etmişdir.
Hazırda Şimali Kiprə müxtəlif sanksiyaların tətbiq edildiyini diqqətə çatdıran səfir Halil İbrahim Akça Türkiyənin hər zaman ŞKTC-nin yanında olduğunu və Azərbaycanın da bir Türk dövləti olaraq, Şimali Kiprə dəstək verdiyini hiss etdiklərini vurğulamışdır.
TURSAM Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti və gələcək planları ilə maraqlanan Türkiyə səfirinə Xocalı soyqırımı və erməni terroru ilə bağlı kitablar təqdim edilmiş, Qarabağı əks etdirən hədiyyələr bağışlanmışdır.
TURSAM Mətbuat Xidməti