Əhməd Şahidov: “Uzun müddət Vətəndən kənarda qala bilmirəm. Çox darıxıram!”
Müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsinin tələbəsi, fəlsəfə doktoru Əhməd Şahidovdur
Əhməd bəy, Rusiyada keçiriləcək seçkilərə 3 gün qalır. Ümumilikdə, ölkədə ictimai-siyasi vəziyyət nə yerdədir?
Bəli. Bildiyiniz kimi, 04 Mart tarixi Rusiya Federasiyasında önəmli bir gündür. Növbəti Prezident seçkiləridir.
Seçkiyə 5 namizəd qatılıb – hazırkı baş nazir və “Yedinaya Rossiya” partiyasının lideri Vladimir Putin, sosial-demokratların rəhbəri Sergey Mironov, kommunistlərin lideri Gennadiy Zyuqanov, liberal-demokratların sədri və özünün qalmaqallı çıxışları ilə seçilən Vladimir Jirinovski və biznesmen oliqarx Mixail Proxorov. Deməzdim ki, bu namizədlər üçün bərabər şərait yaradılıb. Təbii ki, baş nazir olan Vladimir Putin birinciliyi saxlamaqdadır. Ölkə telekanallarında əsasən baş nazirin gündəlik fəaliyyəti təbliğ olunur, ən böyük meydanlarda məhz Putinin seçki görüşləri keçirilməkdədir. Bir sözlə, Vladimir Putin statusundan maksimum şəkildə istifadə etməkdədir. Əslində isə prezidentliyə namizəd kimi hazırkı baş nazir öz postunu tərk etməli və seçkilərə getməli idi. Biz bunu görmədik. Odur ki, Vladimir Putinlə hər şey aydındır. Yerdə qalan namizədlər isə Putinlə müqayisədə çox zəifdirlər. Amma buna baxmayaraq, onların hamısı səmimi olsalar və Putinə qarşı birləşsələr, Rusiyada hansısa dəyişiklik etmək olar.
O ki qaldı, Rusiyadakı ictimai-siyasi vəziyyətə. Vəziyyət normaldır. Hələ ki, seçki qabağı təbliğat gedir. Bugün, yəni Martın 2-də seçki təbliğatına son qoyulur. Seçkiyə bir gün qalmış namizədlərin bütün təbliğat və təşviqat prosesi dayandırılacaq. Hazırda küçələrdə bütün namizədlərin təbliğat plakatlarına rast gəlmək mümkündür. Demək olar ki, hər gün ölkənin müxtəlif yerlərində mitinq, görüş və yürüşlər keçirilir. Rusiyada demokratiya sahəsində vəziyyət o qədər də acınacaqlı deyil. Müəyyən mənada söz azadlığı mövcuddur. Amma bu, hələ son demək deyil. Seçkiyə qədərki vəziyyət hələ ədalətli seçki demək deyil. Əsas seçki prosesi və səslərin hesablanması mərhələsidir.
— Gərginlik hiss olunurmu ölkədə?
Gərginlik deyəndə ki, seçki həyəcanı var. Hər gün kanallarda qızğın tele debatların şahidi oluruq. Bəlkə də Azərbaycan tamaşaçıları bu debatların hamısını izləyə bilmirlər, ancaq Jirinovski ilə bağlı qalmaqallı, söyüşlü verilişlərə baxırlar internetdə. Amma bildirməliyəm ki, Rusiya telekanalları tam şəkildə seçkini təbliğ edirlər. Ümumiyyətlə, Rusiyada seçki öncəsi yarış maraqlı tərzdə cərəyan edir. Hər gün internetdə maraqlı video çarxlara, anti təbliğat elementlərinə rast gəlinir. Buna görə heç kim məsuliyyətə cəlb olunmur. Rusiyada internet sahəsində tam demokratiyadır, burada internet sözün əsl mənasında azaddır!
— Rusiya müxalifətinin şanslarını necə qiymətləndirirsiz?
Rusiyada kimin müxalifət, kimin isə iqtidar olduğunu bilmək çox çətindir. Çox maraqlı proseslər gedir. Kimin əlinin kimin cibində olmasını görmək üçün mütləq səhərin açılmasını gözləmək lazım gələcək. Yəni seçki sonrası proseslər daha aydın mənzərə yaradacaq bu sahədə. Çünki, hazırda Rusiyada iki düşərgə var – Putin tərəfdarları və əleyhdarları. Prezidentliyə namizədlər də demək olar ki, hamısı Putinə qarşı şüarlar səsləndirirlər. Lakin məsələ kimin nə dərəcədə Putinə qarşı müxalifətdə olmasındadır. İndi Rusiya müxalifətində müxalifətçilik bu meyarla ölçülür: Kim Putinə qarşı daha kəskin çıxış edəcək?!
Azərbaycan əhalisi əsasən LDPR lideri Vladimir Jirinovskini tanıyır. Onu da Azərbaycan və Türk dünyası əleyhinə etdiyi çıxışlarına görə. Lakin Jirinovski heç də göründüyü kimi cəsarətli müxalifətçi deyil. O, sadəcə Azərbaycandakı Hafiz Hacıyevin daha həyasız formasıdır. Jirinovskinin ipi Kremlin əlindədir. Ona konkret göstəriş verilib ki, Vladimir Putinin şəxsiyyətini təhqir etməmək şərtilə hökuməti tənqid edə bilərsən, nazirləri söyə bilərsən, digər namizədlərin isə şərəf və ləyqaətini də, nəslini də, ailəsini də təhqir etmək icazəsi verilib. Odur ki, Jirinovski hər dəfə emosional çıxışlar edir, Putin komandasını tənqid, digər namizədləri isə təhqir edir. Hətta Jirinovski digər iki namizədi – Sergey Mironov və Mixail Proxorovu Kremlin əlaltıları adlandırır, onların Putinin xeyrinə hərəkət etdiklərini israrla bağırır. Müəyyən hallarda Jirinovski ilə Zyuqanov arasında ortaq fikirlər, müəyyən yaxınlaşmalar baş verir. Lakin yenə də bu iki lideri birlikdə təsəvvür etmək çox çətindir.
Sizin sualınıza cavab olaraq, bildirim ki, Rusiyada əsl müxalifət seçkilərdən kənarda qalıb. Bunlar Qarri Kasparov, Qriqoriy Yavlisnkiy və digərləridir ki, Mərkəzi Seçki Komissiyası onların namizədliyini təsdiq etməyib. Odur ki, Martın 4-də keçiriləcək seçkilərdə Vladimir Putinə qarşı sadəcə müxalifətçilik imitisasiyası baş verə bilər ki, bu da Kremlin tam nəzarətindədir.
— Siz, Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alırsınız. Bu səbəbdən də Rusiyadakı vəziyyəti daha aydın şərh edə bilərsiniz. Sizcə, bu il Rusiyada siyasi dəyişiklik ola bilərmi?
Bilirsiniz, Rusiya Federasiyası çox böyük ölkədir. Burada 84 subyekt var. Hər biri də Azərbaycan boyda. Rusiyada milli azlıqlar çoxluq təşkil edir. Odur ki, hazırda Rusiya iynə üstündə oturmuş haldadır. Dünya siyasətində də Rusiya əvvəlki kimi öz sözünü deyə bilmir. Biz Liviya, Misir və Suriya hadisələrində Rusiyanın mövqeyini gördük. Sadəcə bəyanatlarla kifayətlənməli oldu. İndi Rusiya Qərblə, xüsusən də ABŞ-la mübarizə apara biləcək gücdə deyil. Bu, reallıqdır. Amma bu, o demək deyil ki, Ərəb ölkələrində baş verənlər asanlıqla Rusiyada da təkrarlana bilər. Əsla! Rusiya Federasiyası hücum gücünə malik olmasa da, özünü müdafiə etməyi bacarar.
Həm də rusların Qərbə, ABŞ-a qarşı fundamental nifrəti mövcuddur. İnanmıram ki, ABŞ on minlərlə rusu öz tərəfinə çəkib ölkədə hansısa inqilabi dəyişiklik edə bilsin. Facebook və Twitter də Rusiyada o qədər populyar deyil (gülür). Odur ki, hələlik Rusiyada inqilab haqqında danışmaq bir qədər tezdir. Hər hansı dəyişik olsa da, bu, Qərbin əli ilə deyil, Rusiya daxilindəki böyük qüvvələrin toqquşmasından baş verə bilər. Hazırda isə Rusiyada ən böyük qüvvələr məhz Putinin ətrafında birləşib, ölkədəki kriminal dairələr birbaşa Putinə tabedir, dövlətdəki ən strateji qurumlar – FTX, DİN, silahı qüvvələrin rəhbərləri Vladimir Putinə yaxın adamlardır.
Baxmayaraq ki, bir müddət öncə ABŞ-n vitse-prezidenti Dik Çeyni Twitter sosial şəbəkəsində Vladimir Putinə xitabən “Əzizim Vlad, hazırlaş. Ərəb baharı Rusiyaya yaxınlaşır” sözlərini yazmışdı, bugün Rusiyada hər hansı inqilabdan söhbət gedə bilməz. Olsa-olsa, seçkidən sonra özünü müxalifət kimi təqdim edən namizədlərin tərəfdarları hansısa aksiyalar keçirə və şəhərdə toqquşmalara səbəb ola bilərlər. Bu kimi kiçik hadisələr nəhəng Rusiya Federasiyasında köklü dəyişiklər törətmək gücündə deyil. Əsla! Mən buna inanmıram!
— Bəs, Kommunist partiyasının lideri Gennadiy Zyuqanovun şanslarını necə qiymətləndirirsiz?
Rusiyada Kommunist Partiyasının sosial bazası Sovet İttifaqında yaşamış, hazırda yaşlaşmış təqaüdçülərdir. Onların sayı da çox azdır. Rusiya miqyasında kommunistlər ümumiyyətlə, görünmürlər. Zyuqanov bugün əvvəlki Zyuqanov da deyil. Artıq çox kəskin çıxışlar edə bilmir, ortaya real güc qoya bilmir. Siz Zyuqanovun keçirdiyi mitinqlərə gələn insanları görsəz, dediklərimi təsdiqləyərsiz. Maksimum 3-5 min adamın iştirakı ilə mitinqlər keçirilir. Rusiya kimi milyonlarla əhalisi olan ölkədə 3-5 min insanlıq mitinq çox zəif hesab edilir. Odur ki, kommunistlər və onların lideri sadəcə növbəti seçkilərdə iştirak edirlər. Onların şansı çox-çox aşağıdır.
— Bu seçki zamanı ən çox diqqəti çəkən Vladimir Jirinovskinin çıxışları oldu. Çoxları Jirinovskini şoumen adlandırır. Siz nə düşünürsüz bu haqda?
Şoumen deyəndə ki, Jirinovski çox emosional adamdır. İnanmıram ki, o, bunları şou xatirinə etsin. Sadəcə onun xarakteri budur, danışanda emosiyalarını gizlədə bilmir, tez əsəbləşir və ağzına gələni danışır. Amma sizə deyim ki, Jirinovskinin elə dəlilik eləməsinə fikir verməyin, adam çox savadlıdır, Rusiya tarixini, Türk dünyasını çox gözəl bilir. Qatı millətçidir. Mənc, rus xalqı Rusiyanın parçalanmasını və yeni müharibələrə sürüklənməsini istəyirsə, məhz Jirinovskiyə səs versin. Çünki, Jirinovski ilə Rusiyanın heç bir gələcəyi yoxdur. Adam dəlidir, şoumen yox!
— 4 Mart günü Rusiyada dəyişiklik gözləməyə dəyərmi?
Prinsip etibarilə heç bir dəyişiklik olmayacaq. Vladimir Putin qalib gələcək. Təqribən 20-30 gün Rusiyada, xüsusən də paytaxt Moskvada və Sankt-Peterburqda müəyyən qarışıqlıqlar baş verəcək, onları da polis gücünə yatıracaqlar. İndi Rusiyada milis polis olub (Gülür). ABŞ və Qərb ölkələri Rusiyadakı seçkilərin qeyri-demokratik keçirildiyini bəyan edəcək, seçki sonrası zorakılıq və həbslər pislənəcək. Rusiya hökuməti də Qərb dövlətlərini Rusiyanım daxili işlərinə qarışmaqda ittiham edərək bütün tənqidləri rədd edəcək. Beləliklə də, Rusiya Federasiyasının növbəti prezidenti Vladimir Vladimiroviç Putin olacaq! Bu da sizə dəyişiklik!
— Qərb dövlətləri Rusiyanı qeyri-demokratik ölkə adlandırır. Siz nə düşünürsüz bu haqda?
Bilirsiniz, demokratiya – ümumiyyətlə çox nisbi anlayışdır. Hərə bir cür qəbul edir demokratiya anlayışını. Bütün dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın bugün hansı biabırçılıqlar etdiyini hamımız görürük: hansısa hadisəni tanımayanı həbs edirlərdi az qala. Budurmu demokratiya?! Yoxsa, başı örpəkli insanların küçədə gəzməsinə, universitetə getməsinə qadağa qoyan Fransa qanunları demokratikdir?! Bəlkə hinduların hüquqlarını kobudcasına tapdalayan ABŞ demoratik ölkədir?! Təhlükəsizlik tədbirləri adıyla insanların şəxsi toxunulmazlığını kobudcasına pozan Amerika qanunlarından xəbəriniz varmı?! Digər ölkələri işğal edib, xalqın neftini öz ölkəsinə daşımaq bəlkə demokratiya adlanır?! Odur ki, demokratiya mütləq bir anlayış deyil. Rusiyada da demokratiya sahəsində fərqli problemlər mövcuddur. Ümumiyyətlə, kim hansı tərəfdən ziyan görürsə, ora hücuma keçir. Əgər avropalılar öz ölkəsində İslamın təhlükəli olduğunu hesab edib, bu sahədəki demokratiya dəyərlərini tapdalayırlarsa, ruslar da haradasa azad seçkiləri öz milli təhlükəsizliyi üçün təhlükə hesab edib, bu sahədəki azadlıqları boğmağa çalışırlar. Bu, bugünkü dünya üçün tam normaldır, məncə.
— Azərbaycanda da siyasi prosesləri izləyirsiniz. Rusiya ilə Azərbaycanı müqayisə edərdiniz mümkünsə.
Ümumiyyətlə, Rusiya ilə Azərbaycanı müqayisə etmək yersiz olardı. Azərbaycan Rusiyanın bir subyekti qədərdir. Amma ölkələrdəki vəziyyətdə müəyyən oxşarlıqlar var. Bu da bir vaxtlar Sovet Birliyində yaşadığımızdan irəli gəlir. Amma Rusiyadan fərqli olaraq, Azərbaycanda ictimai-siyasi sabitlik qənaətbəxşdir, iqtisadiyyatımız artan templə inkişaf edir, əhalimiz ildən-ilə artır. Bircə, bu müharibəni də həll etsəydik, məncə Azərbaycan daha da inkişaf edərdi. Rusiyada isə daimi gərginlik hökm sürür. Əhali ildən ilə azalır, iqtisadiyyat kriminallaşır, korrupsiya yüksək dairələri də ələ alıb. Rusiyanı hər an parçalanmaq təhlükəsi gözləyir.
— Bəs özünüz siyasətə qatılmaq istərdinizmi? Ən azından təhsiliniz buna imkan verir.
Ümumiyyətlə, Azərbaycanda hamı siyasətdədir. Mən belə düşünürəm. Özümü də siyasətdə olan bir şəxs kimi hiss edirəm. Ən azından Azərbaycanın tanınmış ictimai-siyasi xadiminin, millət vəkilinin köməkçisiyəm. İstər-istəməz siyasətdə olmaq məcburiyyətində qalıram. Təhsilim isə ən əsas sahələrdən biridir mənim üçün. Azərbaycanda Bakı Slavyan Universitetini bitirdim, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəldim. Hazırda isə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında “Dövlət Hüququ” ixtisasında təhsil alıram. Gələcəklə bağlı planlarım çoxdur. Sadəcə hər şeyin zamana ehtiyacı var.
— Təhsilinizi bitirəndən sonra Rusiyada qalmaq fikriniz varmı?
Ümumiyyətlə, təhsil aldığım akademiya Kremlin nəzdində olduğundan buranı bitirdikdən sonra müəyyən müddət Rusiya dövlətində çalışmaq məcburiyyətindəyəm. Daxil olmazdan əvvəl bu barədə sənədlərə imza atmışam. Amma uzun müddət Rusiyada qalmaq fikrim yoxdur. Özüm Vətənə bağlı insanam, gələcəyimi də Azərbaycanla görürəm. Uzun müddət Vətəndən kənarda qala bilmirəm. Çox darıxıram!
— Əhməd bəy, sonuncu sualım bir qədər gözlənilməz ola bilər sizin üçün. Amma oxucularımız üçün çox maraqlıdır. Ən azından sizin gündəlik fəaliyyətiniz müəyyən iddialarınızın olmasından xəbər verir. 2015-ci ildə Əhməd Şahidovu millət vəkili kimi görə bilərikmi?
(Gülür) Bilirsiniz, nədənsə Azərbaycanda 9 milyonluq vətəndaşın hamısı o 125 yerə iddialıdır. Mənim şəxsən millət vəkili olmaq kimi bir iddiam yoxdur. Özümü tam başqa sahəyə, istiqamətə yönəltmişəm. Milli Məclisdə çalışmağım isə müvəqqəti xarakter daşıyır. Düşünürəm ki, Azərbaycan Respublikasına xidmət etmək üçün millət vəkili olmaq məcbur deyil. Deputatlıqdan daha maraqlı, daha lazımlı və şərəfli peşələr var. Mən özümü başqa sahədə sınamaq istəyirəm! Odur ki, Əhməd Şahidov heç zaman millət vəkili olmayacaq, amma hər zaman millətimizin əsgəri olaraq qalacaq! (Gülür)
02 Mart 2012-ci il
Hacıbəy Heydərli