QÜDRƏT HƏSƏNQULİYEVİN İƏT-ə MÜRACİƏTİ ALQIŞLANIR

«Təşkilata üzv ölkələr Pakistandan nümunə götürsünlər»BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğluna məktub göndərib. Məktubda vurğulanır ki, BAXCP Qarabağla bağlı yaranmış vəziyyətdən çıxış yollarından biri kimi region dövlətlərinin, xüsusilə də müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrin Ermənistana qarşı təzyiqlər və sanksiyalar tətbiq etmələrində görür.

Məktubda qeyd edilir ki, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycan torpaqlarını işğal edilməsi, eləcə də Xocalı soyqırımı ilə bağlı qətnamələrinə baxmayaraq, təəssüf ki, bəzi üzv ölkələr nəinki təcavuzkara qarşı təzyiq xarakterli addımlar atmır, hətta işğalçı dövlətlə ticari-iqtisadi və siyası əlaqələrini gündən-günə genişləndirirlər. Məktubda o da vurğulanır ki, İƏT-in tam hüquqlu üzvlərindən olan İranın və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biridir: «Bu baxımdan hesab edirik ki, bu müqəddəs Ramazan günlərində İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısı çağırılmalı, bu toplantıda İran və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla olan iqtisadi-ticari əlaqələrinə son qoyulması barədə məsələ müzakirəyə çıxarılmalıdır».
Millət vəkili Qüdrət Həsənquliyevin İslam Əməkdaşlıq Təşkilatının baş katibinə ünvanladığı məktub ölkədə böyük marağa səbəb olub və ekspertlər bu təşəbbüsü alqışlayırlar.
Politoloq Sədrəddin Soltan hesab edir ki, partiyaların, ictimai təşkilatların milli maraqlarla bağlı məsələlərdə fəallıq nümayişi təqdirə layiqdir: «Qüdrət Həsənquliyevin müraciətini bu baxımdan müsbət qiymətləndirirəm. Çox təəssüf ki, İƏT-in bir sıra üzvləri Ermənistanla sıx münasibətlər qurub. Bu sırada xüsusilə İranın adını qeyd etmək lazımdır. İran özünü islamın təəssübkeşi, müdafiəçisi kimi təqdim etməyə çalışır. Əlbəttə ki, həmin dövlətlərin qınanmasına ehtiyac var. Amma təşkilat üzvü olan Pakistan isə birmənalı siyasət yürüdür və indiyədək Ermənistanın müstəqilliyini belə tanımayıb. Ərəb dövlətlərinin bəziləri də Ermənistana münasibətdə təxminən buna bənzər mövqedən çıxış edir və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Hesab edirəm ki, bütün müsəlman ölkələri bu cür mövqe nümayiş etdirmədir». Ekspert bildirir ki, müxtəlif beynəlxalq təşkilatlara belə müraciətlər davamlı olmalı və işğal faktı tez-tez yada salınmalıdır: «Bundan başqa bizdə siyasi təşkilatlar müxtəlif ölkələrdə fəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlıq edirlər və yaxud müxtəlif koalisiyaların üzvləridir. Partiyalar əməkdaşlıq etdiyi çevrələrə Azərbaycan gerçəkliyi ilə bağlı məlumatları çatdırmalıdırlar. Bu cür fəaliyyət həm də ölkədəki həmrəyliyin göstəricisi olardı».
Rusiya Federasiyası prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov Qüdrət bəyin İƏT-ə ünvanladığı müraciəti alqışlayır: «Zənnimcə, bu cür müraciətlər ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi qüvvələrin adından sistemli şəkildə göndərilməlidir, özü də təkcə İƏT-ə deyil, digər nüfuzlu beynəlxalq təşkilatlara da ünvanlanmalıdır. Baxmayaraq ki, Dağlıq Qarabağ problemi islam dünyasının həll edə biləcəyi bir məsələ deyil. Burada böyük qüvvələrin — Rusiya, ABŞ, Avropa, İran və Türkiyənin mövqeyi daha önəmlidir. Konkret olaraq, Rusiyanı götürək. Məncə, Dağlıq Qarabağ probleminin açarı məhz Rusiyanın əlindədir. Tarix boyu Azərbaycan Rusiya və İran kimi imperialist ölkələrin əlində inildəyib. Elə indi də vəziyyət fərqli deyil. Sadəcə imperiyanın mahiyyəti bir qədər dəyişib. Bu gün də Rusiyanın əlində kifayət qədər resurslar var ki, məhz həmin resurslarda istifadə edərək Azərbaycanı ciddi nəzarətdə saxlamağa çalışır. Eləcə də İranı götürək. İran generalının təhdid dolu mesajlarını xatırlayaq. Görün, İranın molla rejimi nə qədər azğınlaşıb ki, bu ölkənin bəlkə də 20-ci adamı qonşu ölkənin birinci şəxsinə qarşı kəskin çıxışlar edir. Çox təəssüf ki, bu gün İslam ölkələri öz aralarında müsəlman həmrəyliyini formalaşdıra bilməyiblər. Təsəvvür edin, dünyada bir-biri ilə düşmən münasibətlər bəsləyən ölkələrin əksəriyyəti elə müsəlman dövlətlərdir. Özünü islam təəssübkeşi kimi sırımağa çalışan İranın Azərbaycandakı agentura şəbəkəsinin sayı-hesabı yoxdur». Əhmədov Şahidov düşünür ki, Azərbaycan regionda iqtisadi gücünü artırmaqla Dağlıq Qarabağ problemini özü həll etməlidir: «Azərbaycanın iqtisadi potensialı artdıqca, dünyadakı güclər bizimlə hesablaşmağa məcbur olacaqlar. Həlledici məqamlarda Azərbaycan kifayət qədər səbr nümayiş etdirməli və çox dərin balanslaşdırılmış siyasət yetirməlidir, ordusunu gücləndirməlidir. O zaman yenə Qarabağ bizim olacaq… Torpaqlar yenə sahibinə qayıdacaq. Qan bahasına olsa belə!».

Səlcuq
«Xalq Cəbhəsi» qəzeti, 12 Avqust 2011-ci il

Комментарии на Фейсбуке