“QIRĞIZISTAN HADİSƏLƏRİNDƏ RUSİYANI GÜNAHLANDIRMAQ GÜLÜNC VƏ MƏNTİQSİZLİKDİR”

Əhməd Şahidov: “Oş və Cəlilabad şəhərlərində etnik qarşıdurmaların yaranmasında maraqlı olan qüvvə konkret olaraq ABŞ-dır”
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin devrilməsindən sonra Qırğızıstanda sabitliyi qoruyub saxlamaq müşkülə çevrilib. Qırğızıstan müxalifətindən təşkil olunmuş müvəqqəti hökumət isə hələ ki, ölkədəki ictimai sabitliyi tam bərqərar edə bilməyib. Qırğızıstanın müxtəlif şəhərlərində, o cümlədən Bişkekdə toqquşmalar davam edir, güllə səsləri eşidilir. İyunun 11-də isə ölkənin cənubunda yerləşən Oş şəhərində etnik özbəklərlə qırğızlar arasında toqquşmalar baş verdi, onlarla insan öldürüldü, yaralıların sayı isə yüzlərlədir. Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva isə ölkədəki vətəndaş qanının tökülməsində xarici qüvvələri ittiham etdi və Qırğızıstanda sabitlik yaratmaq üçün Rusiya hökumətindən sülhməramlıların gətirilməsini istədi. Bundan sonra müəyyən mətbuat səhifələrində Oş şəhərindəki qarşıdurmaların arxasında hansı qüvvələrin durması ilə bağlı müzakirələr başladı. Bəziləri ABŞ-ı, digərləri Türkiyəni, bəziləri isə sabiq prezident Kurmanbek Bakiyevi və onun yaxın ətrafını ittiham etdi. Hətta Rusiyanın da bu ixtişaşlarda əlinin olması barədə fikirlər səsləndirildi. Odur ki, məsələ ilə bağlı münasibətini öyrənmək üçün Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət hüququ” fakültəsinin 3-cü kurs tələbəsi, fəlsəfə doktoru Əhməd Şahidova suallarımızı ünvanladıq:

— Əhməd bəy, yəqin ki, Qırğızıstandakı son hadisələrlə bağlı məlumatınız var. Nə deyə bilərsiniz bu barədə?

— Qırğızıstandakı son hadisələr son dərəcə üzücüdür. Mən özüm bir-neçə dəfə Qırğızıstanda omuşam, Bişkek, Oş, Cəlilabad şəhərlərində günlərlə gəzmişəm. Çox kasıb ölkədir Qırğızıstan, vətəndaşları da kasıbdır. Gündəlik həyatları artıq o dərəcədə dözümsüz hala gəlib çatıb ki, hər hansı narazıçılığa inqilabi reaksiya verirlər. Oş şəhərində isə çoxlu sayda özbəklər yaşayır, ümumiyyətlə, bu şəhəri özbək şəhəri hesab edirlər. Artıq illərdir ki, öbzəklərlə qırğızlar arasında intriqa və qısqanclıq hökm sürür. Bəlkə də Türk dünyasının ən ağrılı yerlərindən biridir, amma qeyd etməliyəm ki, hər ikisi Türkdür, müsəlmandır, eyni coğrafi, mədəni və tarixi dəyərləri bölüşürlər, amma nədənsə, aralarında düşmənçilik var. Adicə Oş şəhərində gəzərkən bir qırğız görsə ki, sən özbəklə bir çayxanada oturub çay icirsən, səninlə salamlaşmaz.

— Konkret olaraq, son hadisələrlə bağlı nə deyə bilərsiz?

— Bilirsiz, sabiq prezident Kurmanbek Bakiyev müəyyən mənada ABŞ-la bağlantıları olan bir şəxs olub. Məhz onun sayəsində Qırğızıstanın paytaxtı Bişkekdə ABŞ-a məxsus “Manas” hərbi bazası mövcudluğunu qoruyub saxlaya bilmişdir. Bu, faktiki olaraq, Rusiyaya bir mesaj idi. Çünki, Qırğızıstanda ABŞ hərbçiləri yerləşdirilmişdi. Mən “Manas” hava limanında olanda orada 6-7 ədəd iri həcmli ABŞ hərbi təyyarələri gördüm. Həmin təyyarələr o qədər böyük idi ki, onların hər birinin içinə 4-5 dənə F-16 qırıcı təyyarələri də yerləşdirmək olardı. Bütün bunlar göstərir ki, Qırğızıstan uğrunda ABŞ və Rusiya soyuq müharibə aparmaqdadırlar.
Kurmanbek Bakiyev devrildi və ölkədən qaçdı. Onun bir yerdə duracağını gözləmək sadəlövlük olardı. Təbii ki, yenidən ABŞ-la danışıqlar aparıldı, Qırğızıstandakı əvvəlki hakimiyyəti bərpa etmək barədə planlar cızıldı. Məncə, Oş şəhərində baş vermiş özbək-qırğız qarşıdurması da həmin planın tərkib hissəsidir.

— Deyirsiniz ki, Oş şəhərindəki qarşıdurmaların arxasında konktret olaraq, ABŞ dayanır?

— Bilirsiniz, burada ABŞ-ın dəsti-xəttini açıq-aşkar hiss etmək mümkündür. Qırğızıstanın ən ağrılı və həssas yeri olan etnik problemindən istifadə edirlər. Hər halda etnik zəmində qarşıdurma yaratmaq sahəsində ABŞ-ın təcrübəsinə bələdik. Ən azından Türkiyənin kürd problemini gözünüzün önünə gətirin. Eyni ssenaridir. Bu yolla ABŞ ölkədə xaos yaratmaq, yenidən Kurmanbek Bakiyevi hakimiyyətə gətirmək və sonradan BMT-nin sülhməramlı qüvvələrini ölkəyə yeritmək istəyir. BMT qoşunları Qırğızıstana daxil olduğu təqdirdə, ölkə yenidən ABŞ-ın nəzarətinə keçmiş olur.

— Bəziləri iddia edir ki, Qırğızıstandakı ixtişaşlarda Rusiyanın əli var. Bununla bağlı nə deyə bilərsiniz?

— Məncə, Rusiyanın bu son hadisələrdə əlinin olması fikri ən son və bəlkə də mümkünsüz bir versiyadır. Çünki, Qırğızıstanın indiki müvəqqəti hökuməti Rusiyaya meylliyi ilə tanınır. Rusiya bu ölkəyə ilk humanitar yardımlar edən dövlətdir. Hətta Oş şəhərindəki son toqquşmalardan sonra Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva da ilk olaraq Rusiya hökumətinə müraciət etdi və rus sülhməramlıların ölkəyə gətirilməsini istədi. Əgər Rusiya bu ixtişaşlarda maraqlı olsaydı, dərhal Qırğızıstana qoşun yeridər və situasiyanı birdəfəlik nəzarətə götütrərdi. Lakin Rusiya prezidenti cənab Dmitriy Medvedyev Oş şəhərindəki hadisələri Qırğızıstanın daxili məsələsi kimi qiymətləndirdi və bu problemin yoluna qoyulmasının yeganə çıxış yolu kimi Qırğızıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gündəliyinə çıxarılmasını məqsədəuyğun hesab etdi. Odur ki, Rusiyanı bu ixtişaşlarda maraqlı hesab etmək sadəcə gülünc və məntiqsiz bir yanaşmadır. Məncə, bu ixtişaşların törədilməsində ən maraqlı tərəf məhz Kurmanbek Bakiyev və onun ABŞ-dakı məsləhətçiləridir.

www.gun.az

Комментарии на Фейсбуке