Əhməd Şahidov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüş keçirib

Dekabrın 20-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşüb. Görüş zamanı gənclərin suallarını cavablandıran hüquq müdafiəçisi təhsil və elmin vəhdətindən danışıb, gənclərin gələcək karyerasında elmi nailiyyətlərin əhəmiyyətini vurğulayıb və Azərbaycanın milli maraqlarının təmin olunmasında gənclərin rolunu yüksək qiymətləndirib.

Gənclərin xaricdə təhsil alması və Azərbaycanı layiqincə təmsil etməsi barədə şəxsi fikir və təcrübəsini bölüşən ADİHİ rəhbəri Əhməd Şahidov ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir gəncin ən ali hədəflərə can atmasını, bu yolda usanmadan çalışmasını və layiqli vətəndaş olmasını arzulayıb.

Daha sonra ATƏT, Avropa Şurası, Avropa Parlamenti və BMT-də Azərbaycanın layiqincə təmsil edilməsi barədə şəxsi təcrübəsini bölüşən hüquq müdafiəçisi Avropadakı mövcud ikili standartlardan danışıb, Azərbaycan həqiqətləri – Dağlıq Qarabağ münaqişəsi, bir milyon məcburi köçkün və yüzlərlə azərbaycanlı əsir-girovların hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. Azərbaycan dövlətinin bu istiqamətdə ciddi addımlar atdığını diqqətə çatdıran Əhməd Şahidov vətəndaş cəmiyyəti nümayəndələrinin də paralel olaraq, fəaliyyət göstərdiyini və Azərbaycanın milli maraqları naminə beynəlxalq təşkilatlarda ardıcıl layihələr həyata keçirdiyini bildirib.

Bu yazını Facebookda şərh et