Bələdiyyə sədri deputatlığa namizəd Əhməd Şahidovun seçicilərlə görüşünə kobud müdaxilə edib

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Zəyəm kəndində keçirdiyi görüşdə kobud qanun pozuntusu ilə qarşılaşıb

Oktyabrın 24-də Qaxdan deputatlığa namizəd Əhməd Şahidov Zəyəm kəndində seçicilərlə görüşüb. Görüş zamanı Zəyəm kənd bələdiyyə sədri Kamil Səfərov ətrafındakı bir-iki nəfərlə görüşə müdaxilə edib və Əhməd Şahidovun görüşünə mane olub. Əvvəlcə özünü kənd sakini kimi təqdim edən Kamil Səfərov həmin məkanda istirahət etdiyini bildirib və bu görüşün onun istirahətini pozduğunu iddia edib. Daha sonra isə bələdiyyə sədri olduğunu etiraf edən Kamil Səfərov “öz kəndi” adlandırdığı Zəyəm kəndində başqa namizədin görüş keçirməsinə icazə vermədiyini bildirib.

Görüşə gələn 30-a yaxın insanı evlərinə getməyə səsləyən bələdiyyə sədri Kamil Səfərov seçki qanunvericiliyini kobud şəkildə pozaraq, deputatlığa namizədin seçicilərlə görüşünə mane olub.

İnanırıq ki, Mərkəzi Seçki Komissiyası və digər aidiyyatı qurumlar Qax rayonu Zəyəm kəndində baş verən bu qanun pozunsutu ilə bağlı zəruri tədbirlər görəcək və qanunun tələblərini pozan bələdiyyə sədrinə qarşı qanuni tədbirlər görüləcək.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et