Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir

Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncəli proqram hazırlayıb. Baharın gəlişi və məktəblilərin yaz tətilinin başlanması ilə əlaqədar martın 21-dən etibarən teatrda bayram tamaşalarına start verilib.

Uşaqlar əvvəlcə Dədə Qorqudun nəsihətlərini dinləyir, Novruzun personajları olan Kosa və Keçəlin sərgüzəştlərinə, Bahar qızının rəqsinə tamaşa edir, doyunca əylənirlər. Sonra uşaqlar Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya baxırlar. Teatrda bayram şənlikləri martın 25-dək davam edəcək.

Teatrın direktoru Nazim Mahmudov bildirib ki, əsas məqsəd məktəblilərin yaz tətili günlərinin mənalı və səmərəli keçməsini təmin etməkdir. Direktorun sözlərinə görə, yaradıcı kollektiv, eyni zamanda, martın 21-dən başlayaraq Qəbələ şəhərində də uşaqlar üçün tamaşalar təşkil edəcək. Qəbələli uşaqlar dörd gün ərzində teatrın repertuarında olan “Zınqırovlu pişik”, Göyçək Fatma”, “Quyruqsuz ulağın sərgüzəştləri” və “Diş əhvalatı” tamaşalarına baxmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov da Qax Dövlət Kukla Teatrı Novruz bayramı şənliyində iştirak edib və balaca tamaşaçılarla birlikdə tamaşaya baxıb. Qax Kukla Teatrının kollektivinə uğurlar arzulayan Əhməd Şahidov bütün Qaxlı uşaqları Novruz Bayramı münasibətilə ürəkdən təbrik edib.

Bu yazını Facebookda şərh et