Türk dövlətləri və İslam Konfransı Təşkilatı

Türk dövlətləri və İslam Konfransı Təşkilatı

Ana Sayfa » Türk Birliyi » Türk dövlətləri və İslam Konfransı Təşkilatı

Türk dövlətləri və İslam Konfransı Təşkilatı arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri. İslam Konfransı Təşkilatında Türk dövlətlərinin təmsil olunma səviyyəsi və müzakirə olunan əsas məsələlər. İslam Konfransı təşkilatının zirvə toplantıları

İslam Konfransı Təşkilatı (ərəbcə: Münəzzəmər əl-mü təmar əl-islami) Səudiyyə Ərəbistanı Kralının 1966-cı ildə ortaya qoyduğu “İslam birliyi” lozunqu və 1969-cu ildə Mərakeş Kralının “İslam həmrəyliyi” fikrindən qaynaqlanaraq, 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. İlk konfransın keçirilməsində məqsəd Qüdsdə “Əl-əksa” məscidinin yandırılmasına qarşı etiraz olmuşdur. Eyni zamanda Konfrans qarşısına bir sıra digər məqsədləri də qoymuşdur:

  • İslam həmrəyliyini siyasi, iqtisadi və sosial planda inkişaf etdirmək;
  • Müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə aparmaq;
  • Fələstinin müstəqilliyinə nail olmaq.

İKT hazırkı dönəmdə 57 müsəlman dövlətini özündə birləşdirir. İstənilən müsəlman dövləti təşkilata üzv ola bilər. Yeni üzvlərin qəbulu 2/3 səs çoxluğu ilə həyata keçirilir. Bəzi ölkələrin müsəlman icmaları: Bosniya və Hersoqovina, Mərkəzi Afrika Respublikası, Rusiya Federasiyası, Filippin və Şimali Kipr Türk Cümhuriyyətinin müsəlman icmaları, habelə bir sıra beynəlxalq təşkilatlar: Birləşmiş Millətlər Təşkilatı, Fələstin Azadlıq Təşkilatı və digərləri İKT yanında müşahidəçi statusuna malikdirlər.

İKT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu almışdır. Baş Məclisin 36-cı sessiyasında “BMT ilə İKT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.

1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İKT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. İKT-nin siyasi orqanı xarici işlər nazirləri konfransı, icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds şəhəri İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən sosial-istisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr işləyir.

İslam Zirvəsi

İKT-nin ən səlahiyyətli orqanı olub, dövlət və hökumət başçılarının iştirakı ilə təşkil edilən bir sammitdir. Zirvə 3 ildə bir dəfə toplanır. Sonuncu Zirvə 2008-ci ildə Dakarda (Seneqalda) toplanmışdır. Növbəti Zirvə isə 2011-ci ildə Misirdə toplanacaqdır.

İslam ölkələrinin Xarici İşlər Nazirlərinin konfransı

Bu toplantılar ildə ən azı bir dəfə olmaqla keçirilir. Bundan əlavə BMT-in hər ilin oktyabrında keçirilən illik sessiyalarında da eyni mövqeni nümayiş etdirmək məqsədi ilə BMT-in qərargahında toplanırlar.

Baş Katiblik

Qərargah Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir. Baş katib Xarici İşlər Nazirlərinin toplantısında 4 il müddətinə coğrafi prinsip əsasında (Asiya, Afrika və Ərəb ölkələrindən) təyin edilir və ardıcıl olaraq iki dəfə seçilə bilər.

İKT yanında onun konfranslarının qərarları ilə yaradılmış bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir:

İKT-in alt quruluşları

  • İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırma və Tədris Mərkəzi – Statistical, Economic, Social Research and Training Centre for Islamic Countries (SESRIC-Ankara) (www.sesrtcic.org)
  • İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma və Tədris Mərkəzi – Research Center for Islamic History, Art and Culture (IRCICA-İstanbul) (www.ircica.org)
  • İslam Ticarət İnkişafı Mərkəzi – Islamic Centre for the Development of Trade (ICDT-Kazablanka) (www.icdt-oic.org)
  • İslam Texnoloji Universiteti – Islamic University of Technology (IUT-Dakka) (www.iutoic-dhaka.edu)
  • İslam Fiqh Akademiyası – Islamic Fiqh Academy (IIFA-Cidde) (www.fiqhacademy.org)
  • İslam Həmrəylik Fondu – Islamic Solidarity Fund (ISF-Cidde) (www.isf-fsi.org)
  • Niger İslam Universiteti – (Islamic University in Niger) (www.universite-say.ne)
  • Uqanda İslam Universiteti – (Islamic University in Uganda) (www.iuiu.ac.ug)

İxtisaslaşmış qurumlar

  • İslam İnkişaf Bankı – Islamic Development Bank (IDB-Cidde) (www.isdb.org)
  • İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı – Islamic Educational, Scientific and Cultural Organisation) (ISESCO-Rabat) (www.isesco.org.ma)
  • Beynəlxalq İslam Xəbər Agentliyi – International Islamic News Agency (IINA-Cidde) (www.islamicnews.org.sa)
  • İslam Ölkələri Yayın Təşkilatı – Islamic States Broadcasting Organization (ISBO-Cidde) (www.isboo.org)

Azərbaycan və İKT

Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İKT-yə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.

Həmin dövrdə erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam Ümməti dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İKT-nin nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdu. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdı. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.

1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınsa da, o dövrdə Respublikamız üçün İKT-nin imkanlarından lazımi fayda əldə etmək və Azərbaycanın bu Təşkilat çərçivəsində maraqlarını daha səmərəli qorumaq və ifadə etmək mümkün olmamışdı.

1994-cü ilin may ayından etibarən prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

Prezident H.Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. Heydər Əliyevin İKT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş 7-ci Zirvə Konfransında iştirakı və İKT Baş Katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunmuşdur. Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki – Azərbaycana iqtisadi yardımın göstərilməsi, həmçinin Azərbaycanın İslam, mədəniyyət abidələrinin erməni təcavüzkarları tərəfindən məhv edilməsi barədə müvafiq qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə görüşlərində bütün üzv dövlətlər tərəfindən yekdilliklə təsdiq edildi.

Qeyd olunmalıdır ki, gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehrandakı keçirilmiş İKT dövlət və hökumət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilməsi bu məsləyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır.

Xatırladaq ki, siyasi qətnamədə, üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair Baş Katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurmuş və qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilmişdir.

Bütün bunlara rəğmən, Azərbaycan da, öz növbəsində İKT çərçivəsində İslam Ümmətinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də İKT-nin yaranması və fəaliyyətinin əsas qayəsi olan ərəb-israil münaqişəsi və Fələstin probleminə münasibətdə daim konstruktiv mövqelərdən çıxış etmiş, birmənalı və dəyişməz mövqeyini nümayiş etdirmişdir.

Son illər AR-İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Şübhəsiz, Təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT Xarici İşlər Nazirlərinin növbəti 33-cü Konfransının keçirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, İKT Turizm nazirlərinin Bakı Konfransı, Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan İKT-nin müxtəlif təşkilatları sıx əməkdaşlıq edir. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 26 noyabr 2006-cı ildə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İKT Baş Katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdardır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

İKT-nin 2008-ci ilin 13-14 mart tarixlərində Seneqalda keçirilmiş 11-ci Zirvə Konfransı, həmçinin, həmin ilin 18-20 iyun tarixlərində Uqandada keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyası bir daha Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, hər iki tədbirin nəticələrinə həsr olunmuş sənədlərdə üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləmiş, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb etmişlər.

Diqqətə layiqdir ki, 11-ci Zirvə Konfransında İKT-nin yeni Nizamnaməsi qəbul edilmişdir və bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün gələcək xarici siyasət kursunun istiqamətləndirilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Təsadüfi deyildir ki, 2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci Sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.

Türkiyə və İKT

Türkiyə İKT-in ilk iclaslarından bəri təşkilatın işində fəal rol oynamışdır. 1969-cu ildə Rabatda keçirilən 1-ci İslam Zirvəsində Tükiyə xarici işlər naziri səviyyəsində təmsil olunmuşdur. Bu günə kimi Türkiyə Cümhuriyyəti tərəfindən İslam Konfransında əsasən sonrakı mövzular ətrafında fəal iş aparmışdır:

•Orta Şərq problemi, Fələstin və Kəşmir məsələsi, Qüdsün statusu;

•Son illərdə Əfqanıstan və İraqla bağlı problemlər;

•Şimali Kiprin və Qərbi Trakyanın müstəqilliyi ilə bağlı məsələlər;

•İslam dövlətlərində silahlanma, iqtisadi inkişaf, ətraf mühit, informasiya mübadiləsi ilə bağlı məsələlər.

İstanbul şəhəri 14-16 İyun 2004-cü il tarixində İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Konfransına ev sahibliyi etmişdir. Bu toplantıda təşkilat çərivəsində planlaşdırılan islahatlarla yanaşı, Türkiyənin təşəbbüsü ilə Annan planı nəzərə alınaraq Birləşmiş Millətlər Baş Katibi tərəfindən istifadə edilən tanınmaya uyğun olaraq Şimali Kiprə İKT sıralarında müşahiçi statusu verilmişdir. Bu zirvə toplantısında Türkiyə üçün ən əhəmiyyətli qərar təşkilat baş katibi vəzifəsinə Türkiyənin namizədi Ekmələddin İhsanoğlunun seçilməsi oldu. Türkiyə İKT-in büdcəsinin 5%-in təminatçısıdır.

28 dekabr 2004-cü ildə Ciddə şəhərində keçirilən bir mərasimdə İslam Konfransı Təşkilatı baş katibi vəzifəsi Abdülvahid Belkəzizdən E.İhsanoğluna keçdi. Beləcə, Türkiyə İslam dünyasını əhatə edən təşkilatda ilk dəfə bu qədər yüksək səviyyədə və fəal olaraq təmsil edilmiş oldu. 2004-ci il ərzində Avropa Birliyi prosesi və İraq müharibəsinin Türkiyənin xarici siyasət gündəmində əhəmiyyətli yer tutması bu hadisənin Türkiyə ictimaiyyətində kifayət qədər maraq yaratmasına imkan vermədi. Halbuki, bir Türkün İKT baş katibi olması Türkiyənin Orta Şərqdə yürütmək istədiyi xarici siyasət anlayışının əhəmiyyətli bir hissəsi kimi qiymətləndirilməlidir.

İKT qurucu üzvü olan Türkiyənin Yaxın Şərqi 1970-ci illərdən etibarən yenidən maraq dairəsinə cəlb etməkdə əhəmiyyətli bir rol oynadı. Kipr və Fələstin problemləri daxilində qarşılıqlı diplomatik dəstək zərurətinin yaratdığı praqmatik şərait Türk-Ərəb əlaqələrinin 70-ci illərdə yaxşılaşma dövrünə girməsinə, 80-ci illərdə isə sıx iqtisadi əlaqələrlə ortaq maraq sahələri yaratmağa xidmət etmişdir. Lakin digər tərəfdən Türkiyənin çox vaxt İKT-ni Qərb ilə əlaqələrində psixoloji bir kart və dəstək faktoru olaraq istifadə etmək istəməsi xüsusilə Ərəb dünyasında Türkiyənin etibarını və nüfuzunu aşağı salmışdır.

Hazırda mövcud olan dinamik və dəyişən beynəlxalq münasibətlər Türkiyənin İKT-ə münasibətində və İKT-nin daxili qurluşu və fəaliyyətində bir dəyişikliyi zəruri etmişdir. Türkiyə, tətbiq etmək istədiyi yeni xarici siyasət anlayışına görə, qlobal hegemonun tam hakim ola bilmədiyi siyasi boşluq sahələrini (əvvəlcə Türkiyənin yaxın ətrafı) regional bir güc olaraq doldurmaq və bu regionu bölgə ölkələriylə birlikdə hərəkət edərək, ortaq iqtisadi maraq və siyasi sabitlik sahələrinə çevirmək istəyir. Bu çox tərəfli xarici siyasət anlayışında böhran və qarşıdurma sahələrini yox etmənin və əməkdaşlığı artırmağın ən əhəmiyyətli vasitəsi aktiv diplomatiyadır. Bu çərçivədə Türkiyə təsirli bir güc olaraq, Orta Şərqdə mövcudluq diplomatiyasının hər növünü istifadə etməlidir. İKT də Türkiyənin parlament diplomatiyası və mədəni əlaqələr üsullarını rahatlıqla tətbiq edə biləcəyi əhəmiyyətli bir fürsətdir. Ekmələddin İhsanoğlunun baş katib olaraq vəzifəyə başlaması Türkiyənin Ərəb ölkələri arasında etibarını artırması ilə yanaşı, bölgədə Türk kimliyinin sabitlik amili olaraq görülməsinə xidmət edəcəkdir. Eyni zamanda İhsanoğlunun İKT-nin bir qolu olan İslam, Tarix, Sənət və Mədəniyyət Mərkəzi baş direktoru olaraq çalışması və onun ailə mənşəyi Ərəb qərar vericilər arasında hörmət edilən və qəbul edilən bir adam olaraq ön plana çıxmasına səbəb oldu. Eyni zamanda İhsanoğlunun seçkilərlə iş başına gəlməsi və siyasi şəxsiyyət daşımayan bir elm adamı olması, təşkilatı iqtisadi maraqları təmin etmək və siyasi nüfuz vasitəsi kimi istifadə etmək istəyən idarəçilərin dövrünün bitməsinə gətirib çıxardı. Ərəb ictimaiyyəti və intellektual dairələri də İhsanoğlunun baş katib seçilməsini ümumiyyətlə müsbət qarşılamış və Türkiyənin dəyişən Orta Şərq siyasətinin bir nəticəsi olaraq görmüşlər.

Türkiyənin Orta Şərqdə və müsəlman dünyasında arzu olunan dövlət halına gəlməsi, siyasi və iqtisadi fəaliyyətlə güc yelpiyini nə qədər geniş tuta biləcəyindən asılıdır. Bununla yanaşı, Türkiyənin İKT ilə əlaqələri nə Avropa Birliyi, nə EKO, nə də başqa bir regional inteqrasiya gücünün alternativi deyil. Bu təşkilatlarla tək-tək əlaqələr bir-birini dəstəkləyən ayrı-ayrı proseslərdir və Türkiyənin aktiv diplomatiya anlayışıyla əldə edəcəyi uğurların mübarizə sahələridir.

İKT-nin yan quruluşları olan İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma və Tədris Mərkəzinin və İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırma və Tədris Mərkəzinin katibliyi İstanbulda yerləşir.

Qazaxıstan və İKT

Qazaxıstan Respublikası 1995-ci ildə İKT-ə üzv olmuşdur. Hazırkı dönəmdə İslam dünyası ilə qarşılıqlı əlaqə Qazaxıstanın xarici siyasət prioritetləri sırasındadır. Bunu dövlət başçısı Nursultan Nazarbayev 01 mart 2006-cı ildəki xalqa müraciətində bəyan etmişdir. Təşkilata üzv olduğu ilk illərdən Qazaxıstan İslam Konfransının katibliyi, maliyyə qurumları və institutları ilə sıx əlaqə saxlayır. Ölkə rəhbərliyi təşkilat daxilindəki görüşlər zamanı 4 dəfə dövlət başçısı, 8 dəfə isə xarici işlər naziri çərçivəsində toplantılarda iştirak etmişdir.

Bildiyimiz kimi Qazaxıstan çox millətli və çox dinli dövlətdir. Elə bu səbəbdən də bu dövlət dinlər, mədəniyyətlər və sivilizasiyalar arası dialoqun inkişafını dəstəkləyən və bu prosesin Avrasiya regionunda sürətlə inkişafı üçün konkret addımlar atan ölkələrdəndir. Bu planda dünyada davamlı sülhün və əmin-amanlığın bərqərar olması üçün çalışan beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq, o cümlədən İKT ilə əlaqə Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır. Qazaxıstan İKT çərçivəsində konkret təşəbbüslərin müəllifi olmuşdur. Bunlar arasında xarici işlər nazirlərinin Yəməndə keçirilən 32-ci toplantısında (2005-ci il) Qazaxıstanın təşəbbüsü ilə dinlərarası dialoqun əhəmiyyətini vurğulayan qətnamə qəbul edilmiş, daha sonra isə dünyəvi və ənənəvi din başçılarının zirvəsi keçirilmişdir.

İqtisadi planda isə əlaqələr əsasən İslam İnkişaf Bankının Qazaxıstanın regionlarda keçirdiyi infrastuktur lahiyələrinin inkişafına dəstək proqramları çərçivəsində kreditlərin ayrılması istiqamətində aparılır. 2003-2006-cı illərdə həyata keçirilmiş proqramlar çərçivəsində 100 milyona yaxın kredit xətti açılmışdır.

Ölkə ilə təşkilat arasında mədəni sahədə əməkdaşlıq İSESCO çərçivəsində maddi, mənəvi və təbii irsin saxlanılması ilə bağlı proqramlar çərçivəsində həyata keçirilir.

2005-ci ildə Səudiyyə Ərəbistanı kralının təşəbbüsü ilə sammit keçirilmiş və İKT-nin yaxın 10 il ərzində inkişaf planı qəbul edilmişdir. Plana Qazaxıstanın təşəbbüsü ilə ekoloji cəhətdən stabil olmayan ərazilərə (Aral hövzəsi və Semipalaç poliqonu nəzərdə tutulur) və mədəniyyətlərin kəsişdiyi bölgələrə hərtərəfli yardımı hədəfləyən bənd daxil edilmişdir.

2006-cı ilin 19-21 iyul tarixlərində Bakıda xarici işlər nazirlərinin illik konfransında Qazaxıstanın təşəbbüsü ilə Aral hövzəsi və Semipalaç poliqonu ilə bağlı qətnamə qəbul edilmiş və Qazaxıstan Prezidentinin II Dinlərarası dialoqun keçirilməsi ilə bağlı fikri dəstəklənmişdir. Qazaxıstan İKT çərçivəsində eyni zamanda İKT Parlament Assambleyasının sessiyalarında da iştirak edir.

Qırğızıstan və İKT

Qırğızıstan Respublikası 1-2 Dekabr 1992-ci ildə Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) keçirilən İKT xarici işlər nazirlərinin VI fövqəladə sessiyasında İKT-ə üzv qəbul olunmuş və 1993-cü ildən başlayaraq, təşkilatın fəaliyyətində iştirak etməyə başlmışdır.

İlk dəfə Qırğızıstan nümayəndə heyəti, başda xarici işlər nazirinin müavini olmaqla, 25-29 Aprel 1993-cü ildə Kəraçi şəhərində keçirilən xarici işlər nazirlərinin XXI konfransında iştirak etmiş və İKT-nin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanmışdır.

1994-cü ilin Noyabr ayında baş katib Həmid Əlqabidin rəhbərlik etdiyi İKT nümayəndə heyəti Bişkekdə səfərdə olmuşdur. Səfər zamanı Qırğızıstanın Prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlər keçirmişdir. Səfərin məqsədi İKT xarici işlər nazirlərinin XXII sessiyası və VII yüksək səviyyəli görüş barədə məlumatlandırmaq, habelə ölkədəki siyasi və iqtisadi vəziyyətlə tanış olmaq idi.

13-15 Dekabr 1994-cü ildə Kasablanka şəhərində (Mərakeş) keçirilən İKT-ə üzv ölkələrin VII sammitində qırğız nümayəndə heyətinə baş nazir rəhbərlik edirdi. Bu sammitdə Qırğızıstan Respublikasının təşəbbüsü ilə “Qırğızıstan Respublikasına iqtisadi yardım barədə” 17/22-E saylı qətnamə qəbul olunmuşdur ki, bu da İslam maliyyə institutlarını iqtisadi çətinlikləri dəf etməkdə Qırğızıstana yardımlar etməyə çağırırdı.

1996-cı ilin İyul ayında İslam İnkişaf Bankının (İİB) rəhbəri Əhməd Məhəmməd Əli Qırğızıstana səfər etmiş və bu ölkəyə maliyyə-texniki köməklik etmək barədə məsələləri müzakirə etmişdir. İİB-nın təşəbbüsü ilə İKT üzvü olan ölkələrin 200 nəfər biznesmenindən ibarət bir qrup da Bişkek şəhərində olmuş və iqtisadi cəhətdən əməkdaşlıq imkanlarını öyrənmişlər.

1996-cı ilin Sentyabr ayında iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyanın XX sessiyasının iclasında Qırğızıstandan da ekspert nümayəndə heyəti iştirak edirdi. Qırğız nümayəndə heyəti tərəfindən 19/20-E saylı qətnamənin layihəsinə bəzi əlavələr təklif edildi: “Qırğızıstan ərazisindəki təbii fəlakətləri və bunun qardaş ölkənin sosial-iqtisadi səviyyəsinə təsir etməsini təəssüf hissi ilə qarşıladıq”. Bu cümlə sessiyada dəstəkləndi və Cakartada (19/24-E saylı qətnamə) keçirilən XXIV konfransa əlavə kimi qəbul edildi.

22-23 Mart 1997-ci ildə İslamabadda İKT üzvü olan ölkələrin növbədənkənar sammiti keçirildi ki, bu sammitdə də İslamabad deklarasiyası və Pakistanın müstəqilliyinin 50 illiyi ilə bağlı Deklarasiya qəbul edildi. Sessiyanın işində Qırğızıstan Respublikası nümayəndə heyəti baş nazir A.Cumaqulovun rəhbərliyi ilə iştirak edirdi.

1997-ci ilin Dekabr ayında Qırğızıstan Respublikasının dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyəti İKT-nin VIII sammitində iştirak etmişdir. Xarici işlər nazirinin rəhbərlik etdiyi qırğız nümayəndə heyəti 27-30 May 2000-ci ildə Kuala-Lumpur şəhərində keçirilən İKT xarici işlər nazirlərinin 27-ci sessiyasında iştirak etmişdir. Bu imkan verdi ki, ölkənin milli maraqlarının müdafiəsi və inkişaf etdirilməsi istiqamətindəki işlər çoxtərəfli formatda davam etdirilsin. Sessiyanın gedişində beynəlxalq münasibətlərə dair müxtəlif suallar ətrafında, o cümlədən müxtəlif region və ölkələrdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

12-14 Noyabr 2000-ci ildə Doxa şəhərində (Qətər) İKT-nin XIV sammiti keçirildi və tədbirin işində qırğız nümayəndə heyəti Qırğızıstan Respublikası Prezident Adminstrasiyasının xarici siyasət şöbəsi rəisinin rəhbərliyi altında iştirak edirdi. Sammit “Sülh və inkişaf sessiyası” şüarı altında keçirilirdi.

2003-cü ilin mart ayında Qətər əmirinin təşəbbüsü ilə Doxe şəhərində İKT-nin Fövqəladə iclası keçirildi ki, burada qırğız nümayəndə heyətinə ölkənin xarici işlər nazirinin müavini T.Kuşçubekov başçılıq edirdi. Sammitin əsas mövzusu ABŞ və Böyük Britaniyanın İraqda gözlənilən hərbi əməliyyatları ilə bağlı müsəlman ölkələrinin münasibətini formalaşdırmaq idi. Həmin sammit İraq məsələsinin sülh yolu ilə həll olunmasına daha bir cəhd idi, çünki İKT üzvü olan bütün ölkələr Səddam Hüseyn rejiminin devrilməsi üçün ABŞ-ın silahlı müdaxiləsinin əleyhinə idilər.

İKT XİNS-nin (xarici işlər nazirlərinin sammiti) 30-cu sessiyası 2003-cü ilin may ayında Tehran şəhərində keçirildi və həmin tədbirdə Qırğızıstan xarici işlər nazirinin müavini T.Kuşçubekov iştirak edirdi. Tədbirin əsas diqqət mərkəzi İraqdakı müharibə sonrası vəziyyətə və Fələstin-İsrail probleminin tənzimlənməsinə dair “Yol xəritəsi”nə yönəlmişdi.

İKT-ə daxil olmaq Qırğızıstan üçün ilk növbədə siyasi əlaqələrin yaradılması yoluyla iqtisadi əməkdaşlıq imkanlarının əldə edilməsi, iqtisadiyyatın müxtəlif sahələrində geniş layihələrin həyata keçirilməsi və respublikadakı ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına nail olmaq idi.

Qırğızıstanın İKT-nin forumlarnda iştirakı müsəlman dünyasının aparıcı ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını açırdı.

İKT daxilindəki 17 təşkilatdan ən əhəmiyyətlisi Qırğızıstan üçün İslam İnkişaf Bankı və İslam Həmrəylik Fondudur. Qırğızıstan İİB-ə 1993-cü ilin sonlarında üzv qəbul olunsa da, faktiki əməkdaşlıq hələ 1992-ci ildə prezident Ə.Akayevin Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı başlamışdı. 17 May 2000-ci ildə Qırğızıstan baş nazirin müavini, xarici ticarət və sənaye naziri Ciddə şəhərində yerləşən İİB-nin mərkəzi qərargahına səfər etmiş və Qırğızıstanla İİB arasında 9,5 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmışdır. Bu məbləğ Oş şəhərinin aeroportunun yenidən təmiri üçün istifadə olunmuşdur.

Özbəkistan və İKT

Özbəkistan Respublikası 1996-cı ildən İslam Konfransı Təşkilatının (İKT) üzvüdür. Bu təşkilat prezident İslam Kərimovun əfqan krizisinin həll olunması və Mərkəzi Asiyada nüvə silahından azad bir zonanın yaradılması təşəbbüsünü alqışla qarşılamışdır.

İKT Özbəkistan rəhbərliyinin ölkədə mənəvi-əxlaqi dəyərlərin bərpa olunması, zəngin tarixi, elmi-maarifləndirici və mədəni irsin öyrənilməsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir, Özbəkistanı Mərkəzi Asiyada aparıcı bir ölkə kimi görür.

Özbəkistan və İKT-nin alt qurumu olan İslam İnkişaf Bankı (İİB) arasında əməkdaşlıq intensiv surətdə artır. Hazırda ümumi məbləği 115 milyon ABŞ dolları olan 9 layihə həyata keçirilir. Bu layihələr tibb və təhsil müəssisələrinin təchiz olunmasına, bir sıra şirkətlərin müasirləşdirilməsinə və özəl sahibkarlığın inkişaf etdirilməsinə yönəldilib.

İKT nümayəndə heyətinin 2007-ci ilin iyul ayında Özbəkistana səfəri zamanı “İpoteka-bank”, “Uzsanoatkurilişbank” və “Asaka-bank”a 15 milyon ABŞ dolları məbləğində kredit xəttinin ayrılması barədə müqavilə imzalanmışdır. Bu kreditlər özəl sahibkarlıq subyektlərinin investisiya layihələrinin, sənaye və kənd təsərrüfatı sahəsində çalışanların maliyyələşdirilməsinə yönəldilmişdir.

İKT daxilində fəaliyyət göstərən digər bir qurum – Təhsil, Elm və Mədəniyyət üzrə Beynəlxalq İslam Təşkilatı (İSESCO) 2007-ci ildə Daşkəndi İslam mədəniyyətinin paytaxtı elan etmişdir. Bu, Özbək xalqının əcdadlarının İslam mədəniyyətinin inkişafına verdiyi töhfəyə, o cümlədən mədəniyyət abidələrinin və müqəddəs yerlərin bərpa olunması, zəngin irsin qorunması və təbliğ olunması istiqamətində Özbəkistanda aparılan işlərə verilən qiymətdir.

Özbəkistanda olan nəhəng məscid və mədrəsələr, böyük mütəfəkkirlərin şərəfinə ucaldılmış xatirə kompleksləri, unikal əlyazmalar insanda heyrət doğurur. Özbək xalqının tolerantlıq və qonaqpərvərliyi çox qürürvericidir.

19-20 İyun 2006-cı ildə Bakı şəhərində keçirilən İKT üzvü olan ölkələrin xarici işlər nazirlərinin sammitində Özbəkistanın xarici işlər naziri Elera Qəniyeva iştirak etmişdir. Səfər çərçivəsində Özbəkistan XİN rəhbəri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirmişdir. Görüş zamanı ikitərəfli münasibətlərdən başqa, Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana gözlənilən səfərinin detalları da müzakirə edilmişdir.

13 Avqust 2007-ci ildə Özbəkistana səfər edən İKT baş katibi Ekmələddin İhsanoğlu prezident İslam Kərimovla görüşündə bildirmişdir ki, İSESCO-nun Daşkəndi İslam mədəniyyətinin paytaxtı elan etməsinin səbəbi Özbəkistanda milli irsin və mədəni dəyərlərin, İslam sivilizasiyasının, Maveraunnəhr müdriklərinin misilsiz xidmətlərinin qorunması istiqamətində aparılan ardıcıl siyasətdir.

14-15 Avqust 2007-ci ildə Daşkənd və Səmərqənd şəhərlərində “Özbəkistanın İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr” adlı beynəlxalq elmi konfrans keçirildi. Bu konfransın mövzusu heç şübhəsiz ki, İSESCO-nun təşəbbüsü ilə Daşkəndin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı idi.

2008-ci ilin Yanvar ayında Kuala-Lumpurda İKT-nin ekspert qrupunun “Qərarların qəbulu prosesində qadınların iştirakı” mövzusunda görüşü keçirilmişdir. Həmin görüşdə baş nazirin müavini, Özbəkistanın Qadınlar Komitəsinin rəhbəri Svetlana İnamovanın rəhbərliyi altında Özbəkistan nümayəndə heyəti iştirak etmişdir.

Görüş çərçivəsində “Qərarların qəbulunda qadınların iştirakına dair ümumi icmal” və “Qadınlar və rəhbərlik – siyasətdə, akademik dairələrdə, dövlət və korporativ sektorlarda” mövzularında sessiyalar təşkil olunmuşdur.

Forumun açılışında iştirak edən Malayziyanın qadın, ailə və ictimai inkişaf məsələləri üzrə naziri Şəhrizat Cəlil Özbəkistan hökumətinin cəmiyyətdə qadınların rolunun artırılması və onların dövlət işlərində aktiv fəaliyyətə cəlb olunmasındakı fəaliyyətini yüksək qymətləndirmişdir.

İKT-nin təşkil etdiyi görüşdə özbək nümayəndə heyətinin rəhbəri tərəfindən “Qadınlar Özbəkistanda” mövzusunda, onların ölkənin siyasi, sosial-iqtisadi və ictimai həyatında iştirakı barədə təqdimatı nümayiş etdirilmişdi. Qadınlar Komitəsinin respublikadakı fəaliyyəti barədə ətraflı məlumat verilmişdi.

Türkmənistan və İKT

Türkmənistan Respublikası artıq 15 ildən çoxdur ki, özünün neytral siyasətini yürütməkdədir. Müstəqillik əldə etdikdən 4 il sonra bucür siyasətin elan olunması dünya dövlətlərinin Türkmənistanın tutduğu sülhsevər, humanist və açıq siyasətinə verdiyi yüksək qiymətdir. Bütün bu illər ərzində Türkmənistan özünün tutduğu yola sadiq qalır və dünya siyasətində öhdəsinə düşən vəzifələri sonadək yerinə yetirir.

Türkmənistan Respublikası İslam Konfransı Təşkilatı ilə də mehriban əməkdaşlıq əlaqələrinə malikdir. 1992-ci ildə İKT-ə üzv olan Türkmənistan həm də İslam dünyasının ayrılmaz bir parçası olduğunu nümayiş etdirmiş oldu.

Türkmənistan İKT-nin alt qurumu olan İslam İnkişaf Bankı (İİB) ilə sıx əməkdaşlıq etməkdədir. 2010-cu ildə Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının baş direktoru Xalid əl Abudi və Türkmənistanın Xarici İqtisadi Fəaliyyət Bankının rəhbəri Rəhimberdi Caparov qarşılıqlı anlaşma və inkişaf əməkdaşlığı barədə Memorandum imzalamışlar. Memorandum özəl sektorun, xüsusən də kiçik və orta sahibkarlığın, maliyyə sektorunun, kənd təsərrüfatı, inşaat tikintisi və digər sahələrin inkişafına xidmət edir.

2009-cu ilin sonlarında Türkmənistan Respublikası İslam İnkişaf Bankından 370 milyon ABŞ dolları məbləğində kredit almışdır.

Türkmənistan əsasən İKT-nin alt strukturu olan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. 2010-cu ilin aprel ayında Aşqabad şəhərində bu əməkdaşlıqla bağlı geniş təqdimat mərasimi keçirildi. Bu münasibətlə İİB-in böyük nümayəndə heyəti Türkmənistanda olmuş və nazirlik, qurum və bank rəhbərlərilə görüşlər keçirmişdir.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb