ÇOX TANINMIŞ TANINMAYAN ÖLKƏ

kiprTürkiyə böyük qardaş kimi boğazından kəsib Şimali Kiprə verir…
Həmişə həyatımda tükənməz arzularla yaşayıram. Hərdən elə şeyləri arzulayıram ki, həmin arzunun reallaşacağına özüm də inanmıram, amma yenə də arzulayıram həmin şeyi. Və bu arzular yaşadır məni. Ümumiyyətlə, səyahət etməyi, fərqli ölkələrdə olmağı, fərqli insanlarla ünsiyyət qurmağı, onların mədəniyyəti, yaşam tərzi və dili ilə tanış olmağı çox sevirəm. Özüm üçün virtual bir siyahı da hazırlamışam ki, hansı ölkələrə mütləq getməliyəm. Bucür ölkələrdən biri də Kipr idi. Düzü, nə vaxtsa, bu adaya ayaq basacağımı ağlıma belə gətirmirdim. Amma sən saydığını say, gör fələk nə sayır, deyib atalarımız.

Beynəlxalq Kipr Universitetində keçiriləcək elmi konfransın təşkilatçıları tərəfindən iştirak dəvəti aldığımda çox sevindim. Lakin iştirak şərtlərinin nə qədər çətin olduğunu anlamış idim. Odur ki, bildiri mətnini xüsusi hazırlamışdım, xeyli mənbələrdən istifadə edib araşdırma aparmışdım. Nəhayət, “Azəri türkçəsi və ortaq türk dili” adlı maraqlı bir bildiri hazırladım. Dəvət rəsmiləşən kimi Kiprə bilet aldım. Türkiyə üzərindən uçurduq. Elə bunun səbəbini öyrənməyə çalışırdım ki, Şimali Kipr Türk Cümhuriyyəti haqqında araşdırmam başladı. Səbəb isə sadə idi. Türkiyədən başqa, dünyanın heç bir ölkəsi Şimali Kipri rəsmi olaraq tanımır, heç Azərbaycan da.

2Şimali Kiprin Lefkoşa şəhərinə endim. Hava limanına düşən kimi dağların qoynunda iki türk bayrağı – Türkiyənin bayrağı və Şimali Kiprin dövlət bayrağını görəndə bu ölkə haqqında təsəvvürlərim dərinləşməyə başlayırdı. Maraqlı idi. Dağın qoynunda böyük ölçülü bayraqlar həkk edilmiş və bayraqların altında “Ne mutlu türküm diyene” sözləri yazılmışdır. Amma hava çox isti idi. Təqribən 17-20 dərəcə istilik olardı. Tez paltomu çıxardım. Dostumla getmişdim Kiprə. Servis avtobuslarıyla Lefkoşa şəhərinə gedirdik. Birdən yadıma yaxın bir tanışımın məsləhəti düşdü: “Əhməd, Şimali Kiprə gedəndə Girnə şəhərinə get və orada qal. Çox gözəl yerdir.”

Odur ki, paytaxt Lefkoşa şəhərinin içindən keçib Girnə tərəfə yol aldıq. Həqiqtətən də paytaxda cəlbedici elə gözəl yerlər yox idi. Tipik türk şəhərçiciyi idi. Girnə şəhəri isə əsl istiharət mərkəzi, kazinonun vətəni idi. Səfərimiz daha maraqlı olsun deyə dostumla qərara aldıq ki, kirayə avtomobil götürək. Həmin avtomobillə bütün Kipri 5-6 saat ərzində gəzə bildik. Təsəvvür edirsiz?! 5-6 saata… Bəli, belə kiçik ölkədir.

Girnə şəhəri Marmarisi xatırladırdı mənə. Amma yüngül bir problemimiz yaranmışdı. Və bu “yüngül” problem bizim həyatımıza son qoya bilərdi. Məsələ burasındadır ki, Şimali Kiprdə avtomobil yolları sol tərəflidir, avtomobilin sükanı da avtomatik olaraq, sağ tərəfdə idi. Dəfələrlə qarşı tərəfə keçirdik bilmədən. Bakıda öyrəşmişik sağ tərəfli hərəkətə. Dörd tərəfi dəniz olan bu ölkənin havası çox isti, torpağı isə duzlu idi. Qışın oğlan çağında, dekabr ayında burada 17 dərəcə istilik var idi. Yerli əhalinin dediyinə görə, iyun-iyul aylarında burada 45 dərəcəyə qədər istilik olur, çöldə 5 dəqiqə durub söhbət eləmək mümkünsüz olur hətta.

3Əhali demişkən… Şimali Kiprin əhalisi 250 min nəfər olar. Əhalinin əksəriyyətini türklər təşkil edir, amma ingilislər də az deyil. Adada 40 minə yaxın ingilis var, hamısı da zəngin insanlar. Azərbaycanlılar da burada məskən sala biliblər. Adada 200-ə yaxın azərbaycanlı yaşayır. Diqqətimi çəkən məqamlardan biri də Şimali Kiprdə zəncilərin çoxluq təşkil etməsidir. Hər addımda qara dərili insanlara rast gəlmək olar. İngilislərin çoxluq təşkil etməsi heç də təsadüfi deyilmiş. Bir vaxtlar adanı türklərdən kirayəyə götürən ingilislər adada müəyyən sayda qala biliblər. İndi ən zəngin ingilislər məhz bu adada yaşamaqdadır. Kazinolar, marketlər və hotellərin əksəriyyəti də məhz həmin ingilislərə məxsusdur. Adada xeyli sayda əsgər saxlanılır, hamısı da Türkiyədən gətirilmiş silahlı qüvvələrdir.

Siyasi-iqtisadi cəhətdən Türkiyədən tamamilə asılı olan Şimali Kiprdə Türkiyədən gəlmiş türklərə münasibət heç də birmənalı deyil. Kiprdəki türklər özlərini sanki türk hesab etmirlər, ya da fərqli bir türk xalqı kimi özlərini hiss edirlər. Odur ki, adanın bəzi vətəndaşları arasında Türkiyəyə hələ də “işğalçı” kimi baxanlar var. Elə ən acınacaqlısı da məhz budur. Ona görə acınacaqlı deyirəm ki, Şimali Kiprin bütün yaşamı Türkiyədən asılıdır. Burada benzin Türkiyədəkindən 2 dəfə ucuzdur, təqribən Bakı qiymətinədir. Bəzi məhsullar da həmçinin ucuzdur. Sanki Türkiyə böyük qardaş kimi özü yemir, içmir, geymir, amma balaca qardaşı olan Şimali Kipri yedizdirir, içizdirir və geyizdirir. Balaca qardaş isə hərdən dikbaşlıq edir, böyüklərinin üzünə ağ olur.

4Şimali Kiprin bəzi türk vətəndaşlarının bucür düşünməsində düşmən siyasətinin də təsiri az deyil. Belə ki, Avropa Birliyinin üzvü olan və yunanlara məxsus Kipr Respublikası hiyləyə əl atır və Şimali Kiprdə yaşayanlara vətəndaşlıq təklif edir. Kipr Respublikasının vətəndaşlığını qəbul edəndən sonra avtomatik Avropa vətəndaşı olacağını düşünən Şimali Kipr türkləri bu yola gedirlər və nəticədə Şimali Kiprin içinə indidən gizli bir bomba qoyulur. Nə vaxtsa bu bombanın partlayacağını anlayan Türkiyə yetkililəri artıq indidən bu tendensiyanın qarşısını almaq üçün bəzi tədbirlər həyata keçirməkdədirlər. Lefkoşa şəhərində yerləşən Beynəlxalq Kipr Universitetində bəzi türk tələbələrlə görüşdüm, qısaca söhbət etdim. Universitetdə zənci tələbələrin sayı da çoxdur. Amma nədənsə Türkiyədən gəlmiş tələbələr özlərini yad bir ölkədəki kimi hiss edirlər. Çünki, Şimali Kiprdəki türklər Türkiyədən gəlmiş türklərə bir “işğalçı” gözü ilə baxırlar.

Dekabrın 9-da Beynəlxalq Kipr Universitetində ortaq türk dili ilə bağlı beynəlxalq elmi konfrans öz işinə başladı. Azərbaycandan da gəlmiş araşdırmaçılar var idi. Konfrans zamanı duydum ki, Şimali Kiprdəki universitetlərdə çoxlu sayda azərbaycanlı müəllimlər çalışır. Elə Beynəlxalq Kipr Universitetində çalışan azərbaycanlı alim professor dr. Vəfa Əfəndizadə ilə tanışdıq. Universitetdə “Güzel Sanatlar Fakültesi”ndə bölüm başqanı olan Vəfa xanımla söhbətdən də çox məmnun oldum. Daha sonra Yaxın Şərq Universitetində çalışan tanınmış bəstəkarımız Cavanşir Quliyevlə görüşmək üçün həmin universitetə getsək də, gec saatları olduğundan görüşümüz baş tutmadı. Universitetdə gəzərkən eşitdik ki, Yaxın Şərq Universitetinin prorektoru azərbaycanlı Fəxrəddin müəllimdir. Çox sevindim.

5Ümumiyyətlə, adada olan universitetlər yüksək səviyyəli komplekslərə malikdir. Lakin birada təhsilin səviyyəsi çox aşağıdır. Burada təhsil alan tələbələrin özləri də etiraf edirlər ki, burada təhsil yoxdur, sadəcə “diplom almaq” üçün bura gəlirik. Amma təkcə Beynəlxalq Kipr Universitetin təhsil korpusu, yaşayış kompleksləri, restoran, stadion və digər korpusları bizim  BDU-nun üç misli qədər olardı. Tələbələrin yataqxanası isə Bakı hotellərini bənzədirdi.

Konfrans daha sonra Girnə şəhərində öz işini davam etdirirdi. Turizm şəhəri olan Girnədə gəzərkən heç vaxt təsəvvür edə bilməyəcəyim bir hal ilə üzləşdim. Yatsaydım, heç yuxuma da girməzdi ki, Girnə şəhərində Bakı nömrəsi ilə avtomobil görə bilərəm. 10-UR-404 dövlət nömrə nişanlı qara rəngli İnfiniti markalı avtomobili görəndə təəccübdən “Azərbaycan, Azərbaycan” qışqırdım. Avtomobil dərhal dayandı, içindən cavan bir oğlan düşdü. Görüşdük, salamlaşdıq. Cəmil adlı bu oğlan Girnə şəhərindəki amerikan universitetində magistr kimi təhsil alırdı. Bir kafedə oturub söhbətimizi davam etdirdik. Cəmil bildirdi ki, bu avtomobili Bakıdan sürə-sürə Mersin şəhərinə kimi gətirib, oradan da gəmi ilə adaya çatdırıb. Bütün bunları gördükcə, adanın sanki azərbaycanlaşmasını hiss edirdim. Cəmil deyir ki, Şimali Kiprdə çoxlu sayda azərbaycanlı yaşayır, işləyir, oxuyur.

Şimali Kiprdə mağazaları gəzmək imkanım da oldu. Nədəndir, bilmirəm, amma Bakıdan çox-çox ucuzdur hər şey. “Bakı dünyanın bahalı şəhərlərindəndir” kəlməsi əbəs yerə deyilməmiş, sən demə. Dar, səliqəli küçələri olan ada tamamilə dağlarla əhatə olunub. Sanki dağlar qoynunda bir İstanbul idi.

7Hələ Bakıda olarkən virtual olaraq internet üzərindən tanışdığım bir azərbaycanlı müəllim də Şimali Kiprin Lefke şəhərində yaşayırdı. İnternetdə bir-neçə dəfə yazışdığımızdan artıq virtual olaraq dostlaşmışdıq. Nazim Muradov adlı bu müəllimlə görüşəcəyimi çox istəyirdim. Mobil telefonuna zəng etdim, yolu təsvir etdi və gec də olsa, evlərinə getdik. Gec deyəndə ki, əslində heç də gec deyildi. Saat axşam 17:00 radələri olardı. Amma nədəndir bilmirəm, hava sanki zülmət qaranlıq idi. Ola bilər adanın təbiətindəndir. Amma axşam düşən kimi hava zülmət qaranlıq olur. Sanki Bakıda gecə saat 03:00 radələridir.

Nazim müəllim bizi evinə dəvət etdi. Ailəsi ilə tanış olduq. Çox gözəl və mehriban ailə atmosferi duydum o evdə. Bir qədər çay içib söhbət etdikdən sonra Nazim müəllim bizi çalışdığı universiteti gəzməyə dəvət etdi. Düzü təəccüb elədim. Bu saatda universitet açıq olarmı?! Əslində zamanı saata görə deyil, havaya görə hesablamışdım. Çünki saat 17:30 idi, hava isə zülmət qaranlıq idi. Universitetdə xeyli tələbə var idi, hələ də dərs keçilirdi. Dərs otaqlarını gəzdik. Gözəl universitet idi. Hörmətli Nazim müəllim o qədər səmimi və mehriban insan idi ki, tez bir zamanda bütün Lefke şəhərini bizə göstərmək istəyirdi. Amma biz səhərdən az qala bütün Kipri gəzdiyimizdən yaman yorulmuşduq. Ayaq üstə yatırdım sanki… Amma yenə də sağ olsun. Tez-tez zəng edir, bir problemimiz olub-olmadığını soruşurdu.

Ümumiyyətlə, Kipri çox xoşladım. Sanki hüzur ölkəsidir. Çünki, həm zahiri görünüşündən, həm daxili ab-havasından tam bir seçilmiş torpaqdır. Yerli əhalinin dediyinə görə, Şimali Kiprdə kriminal, cinayət hadisəsi çox az-az baş verir. Oğurluq, dava kimi hallar heç rast gəlinmir. Hətta avtomobilin qapılarını açıq qoyub getsən, heç kim dəyməz. Bax, belə məmləkətdir Kipr. Ona görə zəngin ingilislər məhz buranı seçir. Hüzur, sakitçilik, ruzi-bərəkətlə dolu bir yerdir. Hər halda türklər üçün çox önəmli və strateji bir məkandır. Bucür torpağa heyran olmamaq mümkünsüzdür. Bucür torpaqlara sahib olanlar məhz türklərdir. Belə yerdə sadəcə və sadəcə bir kəlmə ağlıma gəlir: “Ne mutlu türküm diyene!”

PhD Əhməd Şahidov
08-10 Dekabr 2009-cu il, Şimali Kipr Türk Cümhuriyyəti

[flickr-gallery mode=»photoset» photoset=»72157622838899605″]

Комментарии на Фейсбуке