DÖVLƏTİ TÜRK, MİLLƏTİ RUS OLAN XALQ

almatiAlmatı şəhərinin küçələrində hakimiyyəti təbliğ edən bir dənə də plakata rast gəlmədim…
Oktyabrın 4-də axşam saatlarında Almatı şəhərinin beynəlxalq hava limanına endim. “Air Astana” hava yolları şirkətinə məxsus təyyarə ilə uçduğumdan artıq təyyarədəcə qazax dili ilə ilkin tanışlığım başlamışdı. Stüardessalar qazax və rus dillərində danışırdılar. Oturacağımın saxlancaq yerində qazax-rus danışıq kitabçası da var idi. Qazaxca öyrəndiyim ilk ifadələr “Rahmet” (Çox sağ olun), “Menin esin Ahmet” (Mənim adım Əhməddir) kəlmələri oldu.
İlk dəfə idi ki, Qazaxıstana səfər edirdim. Buranı sırf türk ölkəsi hesab edirdim və özümü də məhz bu əhval-ruhiyyəyə kökləmişdim. Lakin hava limanına enərkən ilk gözümə sataşan “Beeline” mobil operator reklamı bütün təəssüratlarımı darmadağın etdi. Fikirləşdim ki, burada da ruslar ağalıq edir…

Fikirlərimdə yanılmamışdım… Məni aeroportda Qazaxıstan Milli Kitabxanasının nümayəndəsi qarşıladı… adı Nataşa idi… rus idi. Hotelə gedənə qədər söhbət etdik. Sən demə Qazaxıstan əhalisinin 40%-i qazax, 30%-i rus, digər hissəsi isə uyğur və digər millətlərin nümayəndələri idi. Əhalinin 30%-nin rus olması artıq müəyyən ciddi məqamlardan xəbər verirdi. Hotelə yerləşdim. Konfrans ayın 7-də başladığından hələ şəhəri gəzməyə 3 gün vaxtım var idi. Odur ki, özümə tənbəllik verməyib düşdüm şəhərin canına…

Almatı qədim gözəl şəhərdir… Lakin yeni-yeni binalar da tikilməkdədir. Əhalinin həyat səviyyəsi normal idi. Bakıya nisbətən xeyli ucuzluq idi. Çinlə həmsərhəd olması da bu ucuzluğa öz təsirini göstərmişdi. Şəhərdə xeyli çinliyə rast gəlmək olurdu. Elə ticarət mərkəzlərinin əksəriyyəti də məhz çinlilərə məxsus idi.

Hava günəşli idi. “Kök tebe” adlanan dağlıq yerə çıxdıq avtobusla. Oradan bütün Almatı adamın ayaqları altında idi. Sanki bizim dağüstü park kimi… Orada milliyyətcə uyğur olan Sultan adlı bir cavan oğlanla tanış oldum. Söhbət Urumçidən düşdü. Sultan çinlilərin Urumçidə uyğurlara qarşı soyqırım hərəkətlərindən danışdıqca mənim tüklərim biz-biz olurdu. Sultanın sözlərinə görə, çinlilər Allaha inanmırlar, büdbərəstdirlər, buna görə də onlardan insanlığa xas hansısa hərəkət gözləmək də düzgün deyil. Qəlbində Allah qorxusu olmayan insan, millət istənilən vəhşiliyə gedər. Sultanın qismində uyğurların əsl türk olduğunun şahidi olurdum.

Lakin qazaxlar barədə bunları demək bir qədər çətindir. Çünki, qazaxların əksəriyyəti özlərini türk hesab etmirlər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xarici səfərlərində, Türk dünyasına hərs olunmuş müxtəlif tədbirlərdə çıxışları məndə elə təsəvvür yaratmışdı ki, bütün qazaxlar özlərini sırf türk dünyasının bir parçası hesab edirlər. Lakin sıravi qazaxlarla ünsiyyətim bu fikrin yalnış olduğunu ortaya çıxardı. Cavan qazax oğlan və qızlarla ayaqüstü ünsiyyətim oldu. Onlara “Sənin milliyyətin kimdir? Sən türksənmi? Hansı millətlər sənə daha yaxındır?” sualı verdikdə heç fikirləşmədən “Mən qazaxam. Nə türk?! Mən qazaxam! Rusiya bizim dostumuzdur!” cavabını verirdilər. Bu da heç təsadüfi deyildi. Çünki, idarəetmə üsulunda hələ də Sovet üslubu duyulan Qazaxıstanda əhalinin əksər hissəsi hələ də rusdur. Eşitdiyimə görə, hələ indi rusların sayı azalıb. Əvvəllər əhalinin 70%-i rus idi.

Konfrans başlayan gün daha maraqlı idi. Qazax alimləri ilə ünsiyyətə xüsusilə hazırlaşırdım. Onların bu türkçülük mövzusunda hansı mövqedən çıxış edəcəklərini böyük maraqla gözləyirdim. Allaha şükür! Gözləntilərim müsbət sonluqla nəticələndi. Qazax alimləri öz soy köklərinin türkçülüklə bağlı olduğunu dərk edir və bunu qürurla dilə gətirirdilər. Beynəlxalq konfrans Qazaxıstan Milli Kitabxanasının konfrans zalında keçirilirdi. Konfransa Azərbaycandan, Rusiyadan, İrandan və Türkiyədən alimlər gəlmişdilər. Məndən başqa, Azərbaycandan gözəl ziyalı xanım professor Validə Məmmədova da konfransda iştirak edirdi və çox maraqlı məruzə ilə çıxış etdi. Konfransda İrandan da alimlərin gəlişi artıq məndə müəyyən fikirlərə səbəb olmuşdu. Bilirdim ki, konfransın gedişində müəyyən mübahisələr yaranacaq, çünki farslar da buradadır.

Elə də oldu… İrandan gəlmiş alimlər Firdovsinin “Şahnamə” əsərinin sırf İran ədəbiyyatına xas olduğunu iddia etməyə başladılar. Üstəlik mənim çıxışımın giriş hissəsini azərbaycanca etməyim və çıxışımda İran əvəzinə Cənubi Azərbaycan ifadəsini işlətməyim farsları cin atına mindirdi. Qızğın diskussiyalar başladı. Bildirdim ki, ağa, “Şahnamə” poemasında İran-Turan müharibələrindən bəhs olunursa, nəyə görə siz farslar bu əsərin türklərə heç bir aidiyyatı olmadığını iddia edirsiz?! Düzdür, Firdovsi “Şahnamə” əsərində İran padşahlarını vəsf edir, lakin poemada çoxlu sayda türk məskənləri barədə danışılır, Turan haqqında səhifələrlə bəhs edilir. Axırda ortaq məxrəcə gələ bildik. Biz də, farslar da Firdovsinin “Şahnamə” əsərinin nəinki farsların, o cümlədən bütün türk dünyasının şah əsəri olduğunu, bütün bəşəriyyətin ədəbi məhsulu olduğunu qeyd etdik.

Digər qazax alimlərinin bu mövzudakı çıxışları da məndə fərəh hissi yaratdı. Qazax alimlərinin türkçülüyə sevgiləri açıq hiss olunurdu. Konfransdan sonra bir-neçə qazax alimi ilə ayaqüstü ünsiyyətim də oldu. Onlardan soruşdum ki, nəyə görə sıravi qazaxlar özlərini türk hesab etmirlər. Qazax alimlərinin cavabları çox maraqlı oldu. Sən demə, uzun illər Sovet İmperiyası tərkibində olmasından başqa, indi də Rusiyanın Qazaxıstana təsiri güclüdür. Burada iri şirkətlərin əksəriyyəti məhz ruslara və Rusiyaya məxsusdur. Əhalinin 30%-i rusdur. Rus dili ikinci dövlət dilidir. Lakin Qazaxıstan dövləti bunun mənfi təsirlərini artıq başa düşməkdədir və bu tendensiyanın aradan qaldırılması istiqamətində ardıcıl düşünülmüş siyasət yürütməkdədir. Belə ki, paytaxtın Almatıdan məhz Astanaya köşürülməsi rusların Qazaxıstan dövlətinə təsirini müəyyən qədər azalmağa hesablanıb. Çünki, rusların əksəriyyəti məhz Almatı şəhərində yaşayırlar. Həm də Almatı şəhəri seysmik cəhətdən çox aktiv bölgədir, burada tez-tez zəlzələlər baş verir. Buna görə də Almatıda hündür mərtəbəli binalara az-az rast gəlinir. Astana isə yeni şəhərdir, burada ruslar çox azdır.

Qazaxıstana səfərim ümumilikdə xoş xatirələrlə yadda qaldı. Ən azından müsalman ölkəsidir, biz – azərbaycanlılara qardaş münasibət var, həm də ki, yaxşı ucuzluqdur…

Əhməd Şahidov
Almatı, Qazaxıstan…

Комментарии на Фейсбуке