QAZAXISTAN TÜRK VƏ FARS ALİMLƏRİNƏ EV SAHİBLİYİ EDİR

Firdovsinin “Şahnamə” əsərinə həsr olunmuş beynəlxalq elmi konfransda Azərbaycanı gənc alim Əhməd Şahidov təmsil edir
Bugün Qazaxıstanın Almatı şəhərində beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransın mövzusu dahi mütəfəkkir Firdovsinin şah əsəri olan “Şahnamə” ilə bağlıdır. 7-8 Oktyabrda keçiriləcək “Böyük sivilizasiya və «Şahnamə»” adlı beynəlxalq konfrans Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxıstan Milli Kitabxanası tərəfindən təşkil olunub. Konfransa dünyanın dörd bir yanından alimlər təşrif buyurub. Konfransda türk və fars ədəbiyyatının məhsulu kimi təqdim olunan “Şahnamə” əsərinə fərqli baxışlar ifadə olunacaq. Rusiya, İran, Qazaxıstan, Türkiyə, Türkmənistan və digər ölkələrdən gəlmiş iştirakçıların da qatıldığı beynəlxalq konfransda Azərbaycanı gənc alim Əhməd Şahidov təmsil edəcək.

“«Şahnamə» əsəri Azərbaycan ziyalılarının gözü ilə” adlı məruzə ilə çıxış edəcək Əhməd Şahidov həm konfrans barədə, həm də “Şahnamə” əsəri haqqında öz fikirlərini bizimlə bölüşdü. Ə.Şahidovun sözlərinə görə, «Şahnamə» sadəcə еpik bir dastan dеyil, onun içərisində cəngavərlik romanları ilə yanaşı siyasi, mənəvi və tərbiyəvi məqamlar da yеr alır. Mövzuların və janrların rəngarəngliyi kitabın bədii kеyfiyyətinə hеç də xələl gətirmir, çünki müəllif bəhs еtdiyi mövzulardan asılı olmayaraq hər zaman səlis və rəvan dildə yazır.

Azərbaycan ziyalılarının “Şahnamə” əsərinə münasibətinə gəlincə, gənc alim bildirdi ki, Firdovsinin dünya şöhrətli “Şahnamə” əsəri bir çox dillərə tərcümə olunmuş, şair və yazıçılar, alim və ziyalılar tərəfindən araşdırılmışdır. Azərbaycan dilinə dəfələrlə tərcümə edilmiş bu əsər barədə azərbaycanlı alimlər, ziyalılar və incəsənət xadimləri öz fikirlərini bildirmiş və Firdovsinin “Şahnamə”sindən ilhamlanıb yeni-yeni rəngarəng əsərlər yaratmışlar. Onlardan ADR-in banisi Məmməd Əmin Rəsulzadəni misal göstərmək olar. Məhz Firdovsinin “Şahnamə”sini oxuduqdan sonra M.Ə.Rəsulzadə oturur və xeyli düşünür. 7-8 gün ərzində “Əsrimizin Səyavuşu” əsərini qələmə alır.

Digər bir Azərbaycan dahisi – Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab» (1910), «Şah Abbas və Xurşidbanu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915) milli operalarını yazmışdır. Bu operaların librettolarını Ü.Hacıbəyov xalq dastanları və rəvayətləri, eləcə də Firdovsinin «Şahnamə» əsərinin motivləri əsasında yazmışdır.

“Şahnamə” əsərinin fars ədəbiyyatının məhsulu kimi bütün dünyada təbliğ olunmasını heç cür qəbul etməyən Əhməd Şahidov bu əsəri türk-fars ədəbiyyatının məhsulu kimi qiymətləndirir və bu kitabı bəşəriyyət tarixinin əvəzolunmaz nümunəsi kimi qəbul edir.
Qeyd edək ki, gənc alim Əhməd Şahidov bundan əvvəl də Türkiyə və Qırğızıstanda təşkil olunmuş beynəlxalq elmi konfranslarda uğurla çıxış etmişdir.

“Azadlıq” qəzeti

Комментарии на Фейсбуке