YANDIRIR ŞEİRİ

yandirirBu sevgi bir zəhər idi, içmişəm,
Cəfası qəlbimdə közü yandırır.
Tək onu sevəcəm, and içmişəm
Sevdikcə, adi bir sözü yandırır.

Xəyallar, arzular qurub onunla
Ölümə sevgiylə qalib gəlmişəm
Hər an, hər saniyə onu düşünən
Bu yollar, gözləyən gözü yandırır.

Yanıb-yaxıldıqca sevgi oduna
Hisslərim yenidən qanadlandırır
Ruhum aşiq olub həmin qadına
Xəbəri yox, cismim yaxıb yandırır.

Hər şeirim bu odun bir tüstüsüdür
Od olmasa, tüstü çıxmaz deyiblər
Məni yaşadan elə istisidir
Amma hərdən yaman yaxıb yandırır.

Qorxmuram ki, yanıb-yanıb kül ollam
Təki bu ürəkdə sevgi yaşasın!
Lazım gəlsə, qapısında qul ollam
Təki mən quluna sevgi yaşatsın!
Bu sevgi şairi ilhamlandırır
Sevgi məni, şeirim onu yandırır!

Əhməd Şahidov
16 İyul 2012-ci il, saat 01:40, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке