“Sevdiyim qadın” romanı Milli Kitab Mükafatına təqdim olundu

sqƏhməd Şahidov: “İnanıram ki, bu əsər layiqincə qiymətləndiriləcək və yüksək yerlərdən birini tutacaq”

Bugün gənc yazar Əhməd Şahidovun “Sevdiyim qadın” romanı Milli Kitab Mükafatına təqdim olundu. Sevgidən bəhs edən bu romanın süjet xətti çox maraqlıdır: romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda bacarıqlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu bir-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri bir-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub.
“Sevdiyim qadın” romanı və Milli Kitab Mükafatı müsabiqəsinə qatılmağı ilə bağlı müəllifin özü ilə əlaqə saxladıq. Əhməd Şahidov özünün ilk nəsr əsəri olan “Sevdiyim qadın” romanının işıq üzü görməsindən sevinc hissi keçirdiyini bildirdi: “Bu roman mənim ilk böyük nəsr əsərimdir. Bundan öncə hekayə yazsam da, romanım bir ilkdir. Bu roman bir sevgiyə həsr olunub. Gənc bir insanın uşaqlıq illəri, ata-anasız böyüyüb boya-başa çatdığı uşaqlıq illəri, gənclik həyatı, təhsili, karyerası və nəhayət ilk sevgisi bu romanın əsas süjet xəttidir. Həmin gənc bir qadını sevməklə yanaşı, Vətəninə də dəlicəsinə bağlıdır. Həyatının ən parlaq dövründə düşünmədən tarana gedir, ölkənin milli maraqlarını hər şeydən üstün tutan roman qəhrəmanı öz ölümünü əvvəlcədən bilsə də, düşməni məhv etməkdən boyun qaçırmır, lakin son anında da öz sevgilisini unutmur və ona son hədiyyəsini edir. Bir sözlə, “Sevdiyim qadın” romanında oxucular evli bir qadına görə karyerasını məhv edən gənc, ehtiraslı sevgi əhvalatları, romantik şair təbiəti, böyük sevginin təzahürü, nəfəskəsən əməliyyat planı, qəhrəmanın faciəli ölümü və digər hadisələrin şahidi olacaqlar.”
Romanını Milli Kitab Mükafatına təqdim etdiyini bildirən müəllif bu müsabiqənin ədalətli keçiriləcəyinə və “Sevdiyim qadın” romanının da həmin müsabiqədə layiqli qiymət alacağını bildirdi: “Mən ilk növbədə Milli Kitab Mükafatının münsiflər heyəti ilə tanış oldum, həqiqətən də ölkəmizin say-seçmə ziyalılarıdır. Düşünürəm ki, həmin şəxslərin iştirakı ilə keçirilən bir müsabiqə mütləq ədalətli olacaq. Və mən də bir müəllif kimi öz romanımın layiqli qiymətləndiriləcəyinə ümid edirəm.”
Qeyd edək ki, Milli Kitab Mükafatı “Əli və Nino” Nəşriyyat Evi tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsindən ibarətdir. Mükafat ildə bir dəfə keçirilir.

Xəbər xidməti

Комментарии на Фейсбуке