ƏHMƏD ŞAHİDOV: «MƏNİM YAŞADIĞIM SEVGİDƏ DAHA ÇOX HƏSRƏT VAR»

shahidov«… Artıq sevgi şeirləri yazan bir şair kimi internetdə tanınıram»

Gənc şair Əhməd Şahidovun «Xalq Cəbhəsi» qəzetinə müsahibəsi

-Əhməd bəy, yaradıcılığınızda təzə nə var, nə yox?
-Yeni şeirlər yazıram. Ümumiyyətlə, yazdıqlarımda süni, saxta, uydurma sözlər yoxdu deyə, demək olar ki, bütün şeirlərimin hamısında öz hisslərimi yazıram. Şeirlərimin əksəriyyəti sevgi şeirləridir. Küsəndə, barışanda, sevdiyim insanla qovuşanda hisslərimi şeirə çevirirəm və şeirlərimdən hiss olunur ki, Əhməd nə vaxt hansı stiuasiyada olub.

-Daha çox küsəndə yazırsan, yoxsa barışanda?
-Əvvəlcə gəlin sevginin ssenarisinə, inkişaf mərhələlərinə baxaq. Birinci o sevgilini, o qadını əldə etməyə çalışırsan. Bir az iztirab çəkirsən, bir az əzab çəkirsən, bir az həsrət, bir az əziyyət çəkirsən. Sonra hardasa qovuşursan, biri- birinizə isinişirsiniz. Birinci hansı sözü harda deyəcəyini bilmirsən, sonra yavaş — yavaş onun komplekslərinə öyrəşirsən. Sonra aranızda ilk dəfə ciddi münaqişə yaranır. Günah kimdədir, kimdə deyil, amma yenə də insan çalışır ki, birinci o, barışsın. O barışıqdan sonra inandırım səni, tamam başqa hisslər yaranır. Bəzi şeyləri artıq bilirsən. Bilirsən ki, artıq bu sözü buna demək olmaz, bu hərəkəti ona qarşı eləmək olmaz. Mənə elə gəlir ki, küsüb — barışmaq sevgini gücləndirir. Əgər kimsə deyirsə ki, yox, mən sevgilimlə heç küsüb barışmırıq, aramızda heç bir problem yoxdu, mən onu sevgi adlandırmazdım.

-Sənin qabağında İPhone var, mənim qabağımda notbuk var. XXI əsrdir və biz sevgi haqqında danışırıq. Əhmədin fikrincə, ümumiyyətlə, sevgi deyilən varlıq nə mənaya gəlir?
-Sevgi min illər ərzində filosofların, şairlərin, yazıçıların aça bilmədikləri bir sualı sən mənə elə bir məqamda verirsən ki, bunu tam mənası ilə açmaq mümkün deyil. Amma yenə də sevginin mənə görə bir tərifi var: insan həyatda nəyinsə uğrunda yaşayırsa, səhər oyanıb plan qurursa, kiminsə yanında məsuliyyəti varsa, kiməsə lazım olduğunu bilirsə, ona öyrəşirsə, dərdini — sərini həmin adamla bölürsə, yaşanan bütün bu hisslərin məcmuəsi məncə elə sevginin özüdür. Mən bunu belə başa düşürəm, amma bu tərifi nə qədər ideal tərif kimi vermək olar, bax o, bir qədər şübhəlidir. Çünki, sevgini hər bir insan öz təfəkkürünə uyğun olaraq qəbul edir.

-Danışığından belə məlum olur ki, sən daha çox sevgidə həsrətin tərəfdarısan…
-Yox, tərəfdarı deyiləm.

-Amma bu səndə daha yaxşı alınır…
-Belə deyək ki, mənim yaşadığım sevgidə daha çox həsrət var. Bayaq da qeyd etdiyim kimi şeirlərim mənim keçirdiyim hisslərin təcəssümüdür. Əgər daha çox həsrət şeirləri varsa, deməli, sevgidə də daha çox həsrəti yaşayıram. Hardasa bir gün qovuşanda bir həftə həsrət çəkirəm, görə bilmirəm. Hərdən küsürük, dörd — beş gün danışmırıq. Həsrət də sevginin bir kədəridir. Kədəri sevmək deyəndə isə yadıma həsrət düşür.

-Həsrət sənə stimul verir də belə çıxır…
-Təbii ki. Həsrət insana stimul verir. İnsan hər gün, günün iyirmi dörd saatı yanında olduğu insandan təbii ki, yorulur və şeytan adamın başına başqa — başqa fikirlər gətirir. Amma nə qədər çox həsrətdə qalsaq, bir o qədər çox sevirik, bir az da bağlanırıq. Və o həsrət anından sonra qovuşma anı gələndə dünyanın ən xoşbəxt insanı olursan.

-İlham pərisi ilə aran necədir?
-İlham pərisi? İlham pərisini adətən heç vaxt çağırmıram.

-Özü gəlir?
-Özü gələndə lap gecə saat dörd də olsa, yatsam da yuxudan durub o şeiri yazmalıyam. Çünki, içimi dağıdır. Hətta xəstə olanda da, bir də görürsən ilham pərisi gəlir, durmamaq olmur, dururam. Özü gələndə daha şirin olur, daha məhsuldar olur. Özün çağırdınsa, o da bir ruhdur axı, həvəssiz gələcək və sənin də şeirin quru alınacaq. Özü həvəslə gələndə isə daha maraqlı alınır şeirlər.

— Həvəssiz gəldiyi və özünün quru alındığını hiss elədiyin neçə şeirin var?
-Birinci şeirlər kitabında bir altmışa yaxın şeir var. Onun əksəriyyətində ilham pərisini zorla gətirmişəm. Çünki, təzə — təzə başlayanda nəsə yazmaq, nəsə eləmək həvəsində olursan. Amma bu ikinci şeirlər kitabını ki indi hazırlayıram — «Sevdiyim qadın» — ordakı şeirlər kitabının demək olar ki,hamısı təbii olan hisslərdir. Həvəs içimə dolub və oturub o şeirləri yazmışam. Təyyarədə, qatarda, Moskvada dərs vaxtı, yazmağın mənimçün yeri və məqamı olmayıb bu şeirlər kitabında. Ona görə də orijinal alınıb. İnşaallah bütün ümidlərim elə ikinci kitabadır.

-Birinci kitabdan sonra reaksiyalar necə oldu?
-Birinci şeirlər kitabında çox sevdiyim bir şeir var idi. Adı da belə idi: «SƏN DƏ YER ver AŞKA!» Bəzi dostlar məni qınadı ki, niyə eşq yox, məhz Türkiyə türkcəsində olan «aşk» mənim qənaətimcə, Türkiyə türkcəsində şeir daha gözəl səslənir, daha gözəl alınır. Bu dil sevgi dilidir, romantik dildir. Kitabı da elə «SƏN DƏ YER ver AŞKA!» adlandırmaq qərarına gəldim və bu ad çox içimə yatmışdı. Sonradan gördüm yox, reaksiyalar bir qədər fərqlidir. İnsanlar hər zaman bir az formallığa aldanırlar. Bəziləri kitabın adını tənqid elədi. Həm də bir az məşğul anlarım idi, təqdimat mərasimini keçirmək imkanım olmadı. Amma mən belə düşünürəm reaksiyalar maraqlı idi, xüsusən də internetdə olan reaksiyalar olduqca maraqlı idi. Xanımlar mənim şeirlərimi daha çox sevdilər. Daha çox sevgi şeirlərimi sevdilər.

-Sevgi şeiri demişkən, Əhməd Şahidov necə düşünür, sevgi şeirində Nüsrət Kəsəmənlidən sonra yaranan boşluğu Əhməd Şahidov doldura bilərmi?
-İstəməzdim, Nüsrət Kəsəmənlinin həyatını yaşayım, amma şeirlərimiz hardasa üst — üstə düşə bilər. Çünki, artıq sevgi şeirləri yazan bir şair kimi internetdə tanınıram. İnternetdə mənə yazan insanların əksəriyyəti görürəm ki, sevgi şeirləri istəyir. Sosial şəbəkələrdə əsasən mənim sevgi şeirlərimi sevirlər, bəyənirlər, paylaşırlar. İnternetdən, sosial şəbəkələrdən artıq görürəm ki, ictimaiyyət mənim sevgi şairi olduğumu qəbul edirlər. Yaşadıqlarımı, keçirdiyim hisslərimi yazıram, sanki şeirlərimi oxuculara yox, bir nəfərə yazıram, məhz bu səmim hisslərə görə də qəbul olunuram.

— Eşitdiyimə görə roman da yazırsan…
— İkinci kitabımın adı «Sevdiyim qadın»dır. Burda da əlliyə yaxın şeir, bir də kitabla eyni adı daşıyan bir roman da yazıram. Artıq son tamamlama prosesləri gedir. Romanda iki sevən gəncin, həyatı hardasa mənim keçirdiyim hisslərlə üst — üstə düşən iki insanın münasibətləri, sevgi hissləri, tanışlıqları, bir — birindən ayrı qalmaları, maddiyyata görə sevgidən uzaqlaşmalar, peşmançılıqlar bu romanda öz əksini tapıb. Əsərin qəhrəmanı gənc sonunda öz sevgisi uğrunda elə bir fədakarlıq edir ki, bir zamanlar onu maddiyyat üçün tərk edən şəxs — qadın özü peşman olur. Bu hardasa yarıfaciəvi, yarı ideal, öz sevgisi uğrunda canını fəda edən gəncin həyatının romanıdır.

-Roman «happy end»lə bitir?
— Sevgidə zaman — zaman ayrılıqlar, həsrət olub. Bu romanda da romanın qəhrəmanı gənc oğlan sevdiyi qadına öz canından belə keçməklə sübut edir ki, mən səni sevirəm.

-Ölür?
-Hələ sonluğu bitirməmişəm. Amma əhvali — ruhiyyəmdən asılıdır, ola bilsin ki, öldürdüm.

Söhbətləşdi: Oktay Hacımusalı, «Xalq Cəbhəsi» qəzeti

Комментарии на Фейсбуке