ALIŞA BİLMİRƏM BU AYRILIĞA

seirBaharın ən gözəl günüydü o gün
Mən sənə ilk dəfə aşiq olanda
Təkcə baharın yox, həyatımın da
Ən gözəl, ən şıltaq günüydü o gün
Gün bitdi, qərq olduq biz qaranlığa
Alışa bilmirəm bu ayrılığa.

Tək qala bilmirəm gecələr sənsiz
Sıxır, çox incidir dörd divar məni
Ruhum da dinməyir, səssiz-səmirsiz
Tək səni düşünür, olub bitəni
Hər gün xatırladır səni acığa
Alışa bilmirəm bu ayrılığa.

Nə qədər etsəm də, unutmaq olmur
Dilim unutsa da, qəlbim unutmur
Aylar, illər keçsə, ötsə fəsillər
Çiçəklər solsa da, yenə də solmur
Qəlbimdə əkdiyin sevgi çiçəyi
Nə qədər qaçsam da mən uzaqlara
Alışa bilmirəm bu ayrılığa.

Amma çarə yoxdur, unudam gərək
Sən də unut getsin, axtarma məni
Bir gün rastlaşanda üz-üzə gəlsək
Çox çətin olsa da, biz üz çevirək.
Mən səni görməyim, nə də sən məni
İki yad insan tək ötüşüb keçək
Sanki yaşananlar bir heçmiş kimi
Unut sənin üçün etdiklərimi
Unut ölüm ilə sən çarpışanda
Başının üstündə tutub əlini
Səhərədək dualar etdiyimi.
Unut getsin, sənin üçün hər dəfə
Aldığım gülləri, o çiçəkləri
Unut getsin, bütün o gerçəkləri!
Mən isə düşmənəm unutqanlığa
Alışa bilmirəm bu ayrılığa.

Əhməd Şahidov
03 İyun 2012-ci il, saat 15:50, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке