SÖZ VER MƏNƏ, SEVGİLİM!

Söz ver mənə, sevgilim!
Söz ver ki, soyuqlar düşsə də,
hər yan qar-çovğuna bürünsə,
ağaclar yarpaqlarını töksə,
quşlar da uçub getsə,
Günəş yerdən üz döndərsə,
Sən məndən dönməyəcəksən.
Buraxıb getməyəcəksən məni
Söz ver mənə, sevgilim!

Söz ver ki, hər gecə yuxuma gələcəksən
Əllərinlə başımı sığallayacaq,
Gözlərimdən öpəcəksən.
Əllərimi tutub ovucunda isidəcək
Həmişəki kimi əllərimdən öpəcəksən
Mən daha şirin yatım deyə
tez-tez gözlərimi öpəcəksən
Səhərədək yanımda qalıb
Günəş çıxan kimi çıxıb gedəcəksən
amma bir şərtlə…
sabah yenə gələcəksən
Söz ver mənə, sevgilim!

Söz ver ki, mən olmayanda
darıxacaqsan,
hər gün şeirlərimi oxuyub
ağlayacaqsan
şəkillərimə baxıb-baxıb
gecələr şəklimi qucaqlayıb
yuxuya gedəcəksən.
Səhərlər isə məni yatağında sanıb
xəyallara dalacaqsan.
Söz ver ki, yuxudan ayılan kimi
telefonu götürüb
mənə zəng edəcəksən.
Söz ver mənə, sevgilim!

Söz ver ki, adımı həmişə uca tutacaqsan
Mənim barəmdə ancaq və ancaq
xoş sözlər danışacaqsan.
Söz ver ki, səni incitsəm də,
qürbət ölkədə soyuqdan, şaxtadan
mənə yad olan insanlardan cana yığılıb
əsəblərimi sənə töksəm də
məni anlayacaq, tək buraxmayacaqsan
Söz ver mənə, sevgilim!

Hər günün, saatın mənsiz keçsə də,
Həyatın ağ-qara, rəngsiz ötsə də,
Dörd tərəfini həsrət, qəm, qüssə örtsə də,
Dözəcəksən, tab gətirəcəksən, sevgilim
Söz ver ki, sevgimizə sadiq qalacaqsan
Son günə, son saaata, saniyəyə qədər
məni gözləyəcəksən, sevgilim.
Hamıdan qaçıb, hər kəsdən gizlənib
yalnızca bir otaqda
yolumu gözləyəcəksən!
Gözlərin saata zillənəcək
Əllərin telefonda zəngimi gözləyəcəksən
Ürəyin həyəcandan döyünəcək
Adımı dilində pıçıldayaraq
yarı çarəsiz, yarı həyəcanlı
yarı sevincli, yarı da həsrətlə
məni gözləyəcəksən.
Söz ver ki, mən içəri girən kimi
qəfil yerindən durub
ağlaya-ağlaya bağrına basacaqsan məni.
Söz ver mənə, sevgilim!
Mən də söz verirəm ki, bu şeiri
sənə yazacam!
Həmişə ağlamağıma baxma
bu dəfə şeirimi gülə-gülə
söyləyəcəm sənə.
Sevgilim!
Söz verirəm sənə!

Əhməd ŞAHİDOV
06 Fevral 2012-ci il, 21:35, Moskva, Rusiya Federasiyası

Комментарии на Фейсбуке