MƏNƏ HAVA-SU TƏK GƏRƏKDİR ANA!

Dünyanın qəribə işinə bir bax
Səni bu dünyaya gətirən – ana!
Acından gecələr sızıldayan vaxt
Səni qucağına götürən – ana!

Anadır bizləri sevib qoruyan
Canından qoparıb bizə calayan
Gecələr yatmayan, qəfil oyanan
Bizə lay-lay deyib yatıran ana!

Gəlir artıq çətin məktəb illəri
İlk dəfə partaya əyləşirik biz
Hələ gör nə qədər uzun illəri
Bizimlə məktəbə gələcək ana!

Daha sonra universitet həyatı
Ali təhsil, zirvələr sorağında
Fikri-zikri, bütün gənclik həyatı
Bizimçün sərf edir fədakar ana!

Ötür illər, böyüyürük bizlər də
Ayrı düşüb anamızdan gedirik
Qəm süzülür, həsrət yağır gözlərdən
Anamız qocalır, bir də görürük
Yaşa dolub, əldən düşüb anamız
Başlayırıq, qayğısına qalmağa
Oğul-uşaq başına fırlanmağa
İstəyirik anamız çox yaşasın
Desin, gülsün hələ neçə on illər
Nəvələr toyunda durub oynasın.
Amma həyat qəribədir görürsən
Bizləri dünyaya bəxş edən ana
İllər keçir, bir də baxıb görürsən
Özü bu dünyadan köçmək istəyir.
Allahım, nə olar axı böyüksən!
Dəyiş bu dünyanın dəsti-xəttini
Göstər qüdrətini, ədalətini
Aparma ananı bu yer üzündən
Bu yeri ananın ayağı altda
Sər ki, bu dünya da Cənnətə dönsün
Neynirəm mən o birisi həyatda
Cənnətdə yaşayım, üzüm də gülsün.
Bu dünyanı cənnət elə mənimçün
İstəmirəm nə varı, nə dövləti
Təki anam lay-lay desin mənimçün
Sevərəm Allahı, bir də ümməti.
Allahı sevdirən mələkdir Ana!
Mənə hava-su tək gərəkdir Ana!

Əhməd ŞAHİDOV
04 Fevral 2012-ci il, 15:15, Moskva, Rusiya Federasiyası

Комментарии на Фейсбуке