GECƏLƏR

Gecələr dərdimi kimə söyləyim?
Dərd də atıb gedir məni gecələr.
Çox yalnızam, bilmirəm hara gedim
Küçələr də görmür məni gecələr.

Axşam düşür, hər yan olur qaranlıq,
Gözüm ondan başqa kimsəni görmür.
El-aləm əylənir, hər yan şadyanlıq
Mən isə batıram yasa gecələr.

Yarımçıqdır həyatımda nə varsa,
Ömrüm yarı, sevgim yarı, sən yarı
Gün çıxanda sevib-sevilmək varsa,
Həsrət, ayrılıq var, qəm var gecələr.

Can atmışam bütöv olsun hər şeyim,
Tam olsun imanım, sevgim, niyyətim
Səhərlərdən yoxdur zərrə gileyim
Ah çəkirəm düşən kimi gecələr.

Bir gül üzlü yara könül vermişəm
Düşünürəm, qovuşarıq gün gələr
Günlər keçib, aylar keçib, görmüşəm
Məcbur olub, ayrılırıq gecələr.

Ömür boyu sən çəkərsən bu dərdi,
Nə qaçmalı, nə qalmalı bir dərddi.
Düşünürsən dərd də gəldi-gedərdi
Uzun olur, ağır olur gecələr.

Hanı mənim sevgi dolu ürəyim?!
Yoxdur daha, boşalıbdır, görürsən.
İndi saf bir məhəbbətdir gərəyim
Məhəbbətsiz zülmət olur gecələr.

Yuxumu da özün ilə apardın,
Qayıt gəl ki, yata bilim gecələr.
Səni qucaqlayıb dərdi-sərimi
Səhərədək ata bilim gecələr.

Ürək, bəsdir qəm eyləmə sübhədək
Gecə bitər, Günəş çıxar, gün gələr
Sən sevdiyin o gülər üz gələcək
Sinən üstə dinlənəcək gecələr.

Əhməd ŞAHİDOV
27 Yanvar 2012-ci il, 09:00, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке