QARANLIQ BİR YERDƏYƏM

Kaş ki, indi burada olmayaydım
Çəkməyəydim bu ağrını, acını
İçimdəki qorxu ilə baş-başa
Soyuqdan bir küncə sıxılmayaydım.
Çox soyuqdur buraların gecəsi
Nə işıq var, hər yan zülmət qaranlıq
Nə kimsədən kömək uma bilmirəm
Təkbaşına soyuqdan da ölürəm
Çox qorxuram, amma ölə bilmərəm
Qaranlıq bir yerdəyəm!

Yanımda balaca bir əl çantası
İçində yarım çörək, bir az da qoz ləpəsi
Dünəndən udum-udum içdiyim
suyum da bitmək üzrədir.
Aclığa dözümlüyəm, amma çox soyuqdur
Ayağımı hiss etmirəm artıq
barmaqlarım donmaq üzrədir.
Heç nə istəmirəm, kaş ki indi
anam yanımda olaydı.
Yox. Ya da olmasın!
İstəmirəm.
Anam bu soyuğa,
bu ağrıya dözə bilməz.
Çünki, çox soyuq və
Qaranlıq bir yerdəyəm!

Həm də düşünürəm ki,
mən də indi evimizdə olsaydım
rahat-rahat yerimdə uzanıb
kitab oxusaydım.
İsti çaydan içib xəyala dalsaydım
Vətəni kim qoruyardı
düşməndən, xainlərdən
Azərbaycanı bölmək istəyən
şərəfsiz naqislərdən.
Vətəni kim qoruyardı
Nazim Hikmət yaxşı deyib
elə bil lap mənim üçün deyib
Mən yanmasam, sən yanmasan
biz yanmasaq, necə çıxar
necə çıxar qaranlıqlar aydınlığa?!
Odur ki, dözürəm, düşünürəm
Nə yaxşı ki, burdayam, bu yerdəyəm
Vətənim üçün, xalqım üçün
dövlətim üçün
indi məhz bu an
Qaranlıq bir yerdəyəm!

Əhməd ŞAHİDOV
22 Yanvar 2012-ci il, 03:30

Комментарии на Фейсбуке