Xəstələnmişəm!

Yenə yağış yağır, xain bir yağış,
Yağır üzərimə, dolu tək, qar tək.
Sanki tək qalmışam, üstümə yağır
Düşmən güllələri sinəmə tək-tək.
Yağış amansızdır, macal verməyir,
İstəmir yarımla ağacın altda
Oturub sübhədək söhbət eyləyim.
Yağır üstümüzə, mənim və onun
Üstümüz islanıb yağış suyundan
Sevgilim əlimdən bərk-bərk yapışıb
İstəmir yağışın soyuq dənəsi
Girsin aramıza ayırsın bizi
Amma yağış nə anlar ki sevgidən?!
Sanır ki, yağmaqla bizi ayırar,
Düşünmür, bizləri isladan o nəm
Bircə öpücüklə dərhal quruyar.
Yağış nə tanısın axı bizləri,
Haradan bilsin ki, sevirəm onu
Bir zaman röyada gördüyüm o qız
İndi mənə baxır, gözəl gözləri
Tuşlayıb qəlbimə sevgi oxu tək
Deyir, məndən başqa, sevmə özgəni
Yağışsa hey yağır, xain bir yağış,
Yağır üzərimə, dolu tək, qar tək.
Əslində qorxmuruq yağışdan, qardan
Lap boran göndərsin, lap dolu yağsın
Bir də bu sevgini taparam hardan?!
Qədrini bilməsəm, mən dönük çıxsam
Ürəyim sızlasın, gözlər ağlasın
Üz döndərsəm, küssəm, incisəm yardan
Yağ, ey yağış, nə qədər varsansa, yağ!
Sən yağdıqca, daha da güclənmişəm.
Yarımı yola salıb, evə dönəndə,
Bir də baxıram ki, xəstələnmişəm!

Əhməd ŞAHİDOV
11 Dekabr 2011-ci il, saat 01:20, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке