SURİYADA İRANA TƏLƏ QURULUB

Əhməd Şahidov: «Dünya gücləri öz nüfuzlarını artırmaq üçün Suriya kimi ölkələrdə hakim rejimin zəifləməsində maraqlıdırlar»
Fars rejimi xalqını qan içində boğan Bəşər Əsədə hər cür yardım göstərir
Teokratik rejim gözəl başa düşür ki, Suriyadan sonra növbə İranındır

Yaxın Şərqdə baş verənləri yalnız Qərblə bağlamaq düzgün deyil, əsas hərəkətverici qüvvə xalqların diktatorların əsarətindən çıxmaq istəyidir
Suriyada ordunun xalqa qarşı qətliamları davam edir. İndiyə qədər 3 500-dən çox insanın ölümünə səbəb olmuş hərbçilərin açdığı kortəbii atəşin qurbanlarından biri də 6 aylıq Leyal Adnan Əsgər olub. Sadəcə iməkləyərək hərəkət edən bu körpə hardan gəldiyi «bilinməyən» güllənin hədəfinə çevrilib. Beynəlxalq qurumlar və dünya ictimaiyyətinin sərt etirazlarına və sanksiyalarına baxmayaraq Əsəd rejimi baş verənlər barədə hələ də susur.
Bir çoxları baş verənləri diktatorun misilsiz qəddarlığı kimi qiymətləndirir. Eyni zamanda belə fikirlər də var ki, Bəşər Əsədi İran həvəsləndirir.
Mözvu ilə bağlı fikirlərini öyrəndiyimiz siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, dünyanın yeni xəritəsinin hazırlanması məsələsindən sonra Yaxın Şərqdə baş verən hadisələr tam əminliklə demək olar ki, nəzarətdən çıxdı: «Misir və Liviya hadisələri öz həllini tapmamış Suriyadakı hadisələr onları gölgədə qoydu. Bəşər Əsədin əsl diktatorlara xas hərəkəti, xalqını hakmiyyətini qorumaq üçün qurban verməsi əlbəttdə normal düşünən insanların haqlı qəzəbinə səbəb olur. Rəsmi Dəməşqin bir sıra güzəştlərə getməsinə baxmayaraq, üsyan dalğası getdikcə daha da şiddətlənir. Bizim ekranda və internetdə izlədiyimiz videolardan görünür ki, artıq burada insan ömrü heç nəyə dəymir. XXI əsrdə dünyanda bu qəddarlıqların baş verməsinə inanmaq çox çətindir. Suriyada hadisələr təzə başlayanda bu ölkədə məzhəb qarşıdurması təhlükəsi haqda yerli və xairici mediada bu problemin məzhəb üzərində baş verməsinə dair fikirlər səslənirdi. Son günlərdə baş verənlər məzhəb qarşıdurması haqqında deyilənləri təsdiqləyir. Bu, Suriya üçün ən arzuolunmaz ssenari hesab olunsa da, son günlərin olayları bu versiyanın nə qədər real olduğunu göstərir. Rəsmi məlumatalara görə, Suriyada əhalinin 75 faizi sünni müsəlman, 10 faiz ələvi və təxminən 10 faizdən bir qədər çox xristian var. Ölkənin hazırkı prezidenti Bəşər Əsəd və hakim komandanın əsas üzvləri ələvi təriqətinə mənsubdur. Baxmayaraq ki, bu mənsubluq özü də nisbi sayıla bilər, ata Hafiz Əsəd ələvi tayfasından olsa da, solçu idi, ərəb sosialistlərindən idi. Ancaq bu gün formal da olsa da Suriyada hakim qrup ələvilər sayılır. İslam təriqətləri arasında ən geniş yayılan cərəyanlardan biri və bəlkə də birincisi ələvilikdir. Müsəlman ölkələrində, xüsusən də Türkiyə, Suriya, İraq, Pakistan, Misir və digərlərində bu cərəyanın çoxsaylı tərəfdarları var. Digər təriqətlərlə müqayisədə daha dinamik və yayılmaqda davam edən ələvilik bu gün türklər vasitəsilə Avropada geniş yayılıb. Ələvilər dedikdə bəziləri «qızılbaşlar», bəziləri «Bəktaşiləri» nəzərdə tutur. Bu qrupları imamiyyə (Cəfəri) şiələri özlərindən saymır. Yəni bu qrup şiədir, onların isə himayədarı rolunda İranın çıxış etməsini bütün dünya bilir. Buna görə də hadisələrin bu şəkildə cərəyan etməsi İranı pis vəziyyətdə qoyacaq. İrandakı rejim bir yandan Misirdəki və Bəreyndəki hadisələri alqışlayır, digər yandan isə Suriyadakı xalq hərəkatına qarşı Suriya hakimiyyətini dəstəkləyir. Söhbət sadəcə siyasi dəstəkdən getmir. Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri İranın kütləvi aksiyalara qarşı istifadə edilməsi üçün Suriya hakimiyyətinə təchizat yardımı göstərdiyini, başqa sahələr üzrə yardımların da edilməsinin gözlənildiyini artıq dəfələrlə yazıb. Hətta bu barədə ABŞ və Suriya rəsmiləri arasında mübahisə belə yaşanıb. İranın Suriyadakı səfiri Əhməd Musəvinin sözlərinə görə, İranın öz geosiyasi mövqeyini gücləndirməsinə baxmayaraq, ölkəsinin heç bir müharibə niyyəti yoxdur. Bu bəyanat göstərir ki, Suriya koalisiya qüvvələrinin döyüş meydanına çevriləcəyi halda Tehran faktiki olaraq hədəfə götürülə bilər. Dünyada nəşr olunan ən məhşur mətbu orqanları artıq bu fikri formalaşdırıblar. Bu baxımdan Tehranın bir yolu qalır. Nəyin bahasına olursa-olsun Əsədin hakimiyyətdən getməsinə imkan verməmək. Çünki Bəşər Əsəd hakimiyyətdən getsə, İran bir çox geosiyasi və iqtisadi dəstəkdən mərhum olacaq. Suriya olduqca zəngin və yüksək keyfiyyətli neftə malikdir, hamısı da dəniz kənarındadır, yəni çox əlverişli daşınma və nəql imkanları var. Eyni zamanda da İsrailin düşməni olması İrana böyük imkanlar verir, çünki Təl-Əviv Coland yüksəkliklərini işğal edib. Eyni zamanda, Suriya İran və terrorçu «Hizbullah» vasitəsi ilə İsrailin qanını qaraldır, yəni bu prosesdə üçlük var. Bütün bu üçlük artıq Qərbin təzyiqi qarşısında geri çəkilməyə məhkumdurlar. İran elə hesab edir ki, Suriyada məsələ müstəvidən çıxsa bura Çin, Rusiya, Hindistan kimi qüvvələri cəlb edə və üçüncü dünya müharibəsi başlana bilər. Lakin inanmaq çətindir ki, regionda üçüncü dünya müharibəsinin başlanmasına fövqəl dövlətlər razı olsunlar, bu ən azından maddi, siyasi, iqtisadi və əhali itkilərinə gətirib çıxarda bilər. Hesab edirəm İran Suriya proseslərində nə qədər fəal olsa öz qazdığı quyuya özü düşəcəkdir».
Siyasi şərhçi Xəqani Səfəroğlu deyir ki, Suriyada baş verən hadisələr ABŞ-ın «Böyük Yaxın Şərq»planıın tərkib hissələrindən biridir: «Məqsəd Suriya siyasi hakimiyyətini dəyişmək və onu daha mötədil bir hakimiyyətlə əvəz etməkdir
Bəşər Əsədin qəddarlığı və yaxud İran tərəfindən həvəsləndirilməsi daha çox detallardır və məqsəd uğrunda gedən mübarizənin komponentləridir. Bəşər Əsəd «xaricdən idarə olunan qüvvələr» deməkdə haqlıdır. O, faktiki olaraq bu qüvvələrin əlində aciz qalıb. Düşünürəm ki, indi Suriya üçün ən vacib məsələ ictimai etirazı sakitləşdirməkdir. Ancaq Əsəd ictimai rəyi sabitləşdirmək kodlarını tapa bilmir. Çünki bu amillər Suriyada illəlrə yığılıb qalmış sosial -iqtisadi problemlərin, əhalinin ağır vəziyyəti içində itib batıb. Bəşər Əsəd bilir ki, əsas hədəf odur və siyasi hakimiyyəti təhvil verilməsilə vəziyyət dəyişəcək
Amma o hakimiyyəti belə tez itirmək istəmədiyini sərgiləyir. «Demokratik seçki» vədi, çoxpartiyalılıq barədə deyilənlər yalnız manevr məqsədilə deyilən şüarlardır. Əsəd üçün indi əsas məsələ proseslərdə idrəçiliyi əlinə almaq cəhdidir. İranla isti münasibətləri isə Bəşər Əsədi daha artıq zərbə altına salır. ABŞ-ın yeganə ehtiyat etdiyi Livan və İranın açıq dəstəyidir. Bir də İsraillə olan məsələyə diqqət yetirmək gərəkdir. Suriya əgər qəfildən İsraillə hərbi müstəviyə keçən münaqişəyə başlasa, o zaman vəziyyət qarışacaq. Odur ki, Bəşər Əsədin müəyyən kozırları var. İran Suriyaya hakim elita ilə münasibətlərinə görə dəstək verir. Hakimiyyətdə olan Ələvi sülaləsi Suriyanın sünni əhalisini neçə illərdir idarə edir. ABŞ məhz bu amildən istifadə edərək vəziyyəti idarə etməyə çalışır. Bu yeni anlayış olan «idarə olunan xaos» tezisidir. Ola bilsin ki, Bəşər Əsəd siyasi qərarların qəbulu zamanı radikal qanadın təzyiqi altına düşüb. Onun qardaşı Mahir Əsəd Suriyada qvardiyanın rəhbəri və ölkədə ikinci şəxdir. Qanlı qırğınların əsas səbəbkarlarından biri Mahir Əsəd ola bilər. Bütün hallarda qanlı qarşıdumalar Bəşər Əsədə yaxşı heç nə vəd etmir. Ölkədə islahatlar qaçılmaz bir məsələyə çevrilib. Suriyanın 70-ci illərdə yaranmış daxili ictimai-siyasi həyatı ciddi deformasiyalara uğramaq ərəfəsindədir».
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidovun qənaətinə görə, Suriyada baş verənlərdə həm təbii, həm də süni qızışdırılmış səbəblər mövcuddur: «Belə ki, dünya gücləri öz nüfuzlarını artırmaq üçün Suriya kimi ölkələrdə hakim rejimin zəifləməsində maraqlıdırlar. Bu prosesdə demokratiya faktorundan gen-bol istifadə etməyə çalışırlar. Mən inanmıram ki, Suriyada xalq üsyan edib bu qədər davamlı şəkildə mübarizə aparmaq iqtidarında olsun. Heç şübhəsiz ki, burada Qərbin əli var və ABŞ bütün resurslarından istifadə edərək Suriya müxalifətinə dəstək verir, əvvəlki rejimlər kimi Bəşər Əsədi də devirməkdə maraqlıdır. Digər tərəfdən, ABŞ-ın qatı düşməni olan İran da bu proseslərə biganə qala bilməz. İlk növbədə ABŞ-la olan düşmənçilik faktoru, digər tərəfdən müsəlman ölkəsinə yardım amili, üçüncü tərəfdən isə İranın özünü qorumaq niyyətinə görə. Çünki, İran İslam Respublikasının dini rəhbərləri yaxşı bilirlər ki, bugün Şərq ölkələrindəki teokratik rejimlər zəiflədikcə, sabah İrana dəstək verə biləcək kimsə tapılmaya bilər və İran meydanda tək-tənha qala bilər. Odur ki, Suriyanın üzləşdiyi problemin həllinə «kömək etməklə» İran həmin təhlükənin öz sərhədlərinə yaxınlaşmasının qarşısını alır. Başqa bir məsələ isə bu cür müharibələrdə realizə oluna bilən silah alveri məsələsidir ki, silah istehsal edən ölkələr bu cür müharibələr zamanı öz məhsullarını asanlıqla sata bilirlər. Ümumiyyətlə, müharibə həvəsi həmişə aktual olub. Ən adi biznesmenlər belə bu cür müharibələrdən istifadə etməyə çalışıblar. İnsan orqanlarının transplantasiyasından tutmuş, nakoticarətə qədər bütün cinayətkar şəbəkələrin müharibələrdə ciddi maraqları vardır. O ki, qaldı Bəşər Əsədə, o da özündən əvvəlki diktatorlar kimi öz hakimiyyətini qorumağa çalışır. Atasından qalan hakimiyyəti qan bahasına da olsa, qoruyub saxlamaqda israrlıdır. Çünki, adətən bu cür liderlər yaxşı bilirlər ki, indiki vəziyyətdə hakimiyyətdən dinc yolla getməyin sonu elə ölümə bərabərdir. Ən azından Hüsnü Mübarək və Bin Əlinin aqibətini göz önünə gətirmək kifayətdir. Odur ki, döyüşə-döyüşə ölmək qərarını daha məqsədəuyğun sayırlar».

Səlcuq
«Xalq Cəbhəsi» qəzeti, 05 Avqust 2011-ci il

Комментарии на Фейсбуке