AĞLAMAQ İSTƏYİRƏM

Deyirlər erkəklər ağlamaz,

amma mən deyilənlərə inanmıram

Odur ki, ağlamaq istəyirəm

bəlkə ürəyimi boşaltdım.

Yoxsa ki, hey içimə ata-ata

üzüldüm, əldən düşdüm lap.

Nə qədər haqsızlığa göz yumub

görmədim kimi davranacam.

Nə qədər sevgiyə inanıb

sevgisiz yaşayacam.

Nə qədər dostlarımın xəyanətini,

yoldaşlarımın fitnəsini dəf edəcəm.

Gücüm yoxdur artıq bütün bunlara

dözmək istəmirəm, sadəcə

ağlamaq istəyirəm.

İstəyirəm ağlayım, ağlayım, var gücümlə ağlayım

Qoy mənə gülsünlər,

qoy desinlər ki, kişi ağlamaz

Ürək ağlamaq üçündür

ağlamasa, daşa dönər

daşlaşar ürəyim.

Axı mən necə ağlamayım?!

Vətəni parçalanmış,

taleyi haçalanmış

haqqı taptanmış

şəxsiyyəti alçalmış

gələcəyi oğurlanmış

var-dövləti talanmış

xoşbəxtliyə susamış

insan necə ağlamasın?!

Odur ki, mən ağlayıram, dostlar!

Siz ağlamayın!

Kişi olun!

Vətəni parçalanmış,

taleyi haçalanmış

haqqı taptanmış

şəxsiyyəti alçalmış

gələcəyi oğurlanmış

var-dövləti talanmış

xoşbəxtliyə susamış kişi!

Sizin kimi kişilərə baxıb

ağlamaq istəyirəm.

Dostlar, mən ağlamaq istəyirəm!

Deyirlər erkəklər ağlamaz,

amma mən ağlayıram!

Əhməd ŞAHİDOV

17 Yanvar 2011-ci il, saat 03:40, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке