“KOSOVO İÇİNDƏ TURAN”

Əhməd Şahidov: “Mamuşa qəsəbəsindəki Türkçülük adət-ənənələrini görəndə həyəcandan gözlərim yaşardı”
“Balkan gündəliyi” silsiləsindən üçüncü yazı
Kosovo Respublikasının Prizren şəhərində səfərimiz davam edirdi. Burada olarkən daha çox türkçülüklə bağlı olan yerlərə gedir və məhz Osmanlı dövründən qalmış izləri, abidələri ziyarət edirdik. Prizrenə səfərimizdən xəbər tutan Mamuşa qəsəbəsinin sakinləri bizi qonaq çağırdılar. Mamuşa qəsəbəsi Kosovo içində bir Turan idi. Qəsəbə əhalisinin 94 faizini məhz türklər təşkil edir. Bura demək olar ki, türklərdən ibarətdir. Prizren şəhərinin şimal hissəsində yerləşən bu qəsəbə həm də Dakovica və Suva çaylarının sərhəddində yerləşir. Qəsəbənin əhalisi əsasən türklərdən, barmaqla sayıla biləcək qədər serblərdən, albanlardan və rumlardan ibarətdir. Əvvəllər Prizren şəhərinə bağlı bir kənd olsa da, sonralar bələdiyyə statuslu bir qəsəbəyə çevrilib. Mamuşa adı Osmanlı padşahı II Mahmudun adından götürülüb, Mahmud Paşa və Mahmud Şah isimlərinin birləşərək əmələ gəldiyi bir addır. Mamuşa əslində Kosovodakı bir Türk qəsəbəsidir. Anadoludakı qəsəbələrdən heç bir fərqliliyi yoxdur. XIX əsrin əvvəllərində Şah II Mahmud bu ərazilərdə saraylar və məscidlər tikdirmişdi. Anadolunun orta ərazilərindən, Tokat tərəflərdən gətirilmiş türklər məhz bu ərazidə məskunlaşmışlar.
1999-cu ildə NATO-nun Kosovodakı hərbi əməliyyatları zamanı 5 000 əhalisi olan Mamuşa qəsəbəsi təqribən 49 000 albanı öz evlərində qonaq saxlayaraq serblərin hücumundan qorumuşdur. Serblər də Türkiyənin tarix boyu nümayiş etdirdikləri gücdən çəkinərək bu qəsəbəyə hücum etməkdən çəkinmişlər. Bugün Mamuşada Türk Silahlı Qüvvələrinin Sülhməramlı Korpusu yerləşir, ərazidə hamı türkcə danışır və Türk televiziya kanallarına tamaşa edirlər. Demək olar ki, bütün küçələrdə Türk bayraqlarına rast gəlmək mümkündür. Serblərin təqibləri zamanı Mamuşanın əksər əhalisi Türkiyənin Bursa və Salihli (Manisa) kimi ərazilərinə köçmüşlər. İndi də həmin türklərin Mamuşadakı türklərlə qohumluq əlaqələri saxlanılmaqdadır.
“Mamuşa Alpərənlər Gənclik Dərnəyi” tərəfindən dəvət edildiyimiz bu qəsəbəyə gəlişimiz mənim üçün həddindən ziyadə gözlənilməz oldu. Fikirləşdim ki, İlahi, sən həqiqətən də bu türkləri fərqli yaratmısan. İnsanlar öz soy-kökünə və dəyərlərinə bu qədər bağlı, bu qədər mehriban və istiqanlı olarmı?! Nümayəndə heyətimiz 3 avtobusdan ibarət idi. Mamuşa qəsəbəsinə çatanda gözlərim önündə canlanan səhnə məni bir anlıq silkələdi, özümü güc-bəla ilə saxlaya bilirdim, az qalırdı ki, uşaq kimi oturub hönkür-hönkür ağlayım. Çünki, qəsəbənin balaca uşağından tutmuş ağsaqqalına kimi hamı bir cərgədə düzülmüşdü və bizimlə əl-ələ verib salamlaşırdı. Gəlişimizi eşidib xeyli insan toplaşıb gəlmişdi həmin meydana. Bütün qəsəbə sakinləri ilə bir-bir görüşdük, onların gözlərindəki o sevgini, o qüruru, o həsrəti, o mehribanlığı duymamaq olmurdu. Bunu dünyanın heç bir yerində, heç bir millətində axtarıb tapmaq mümkün deyil. Bu cəhət, bu duyğular yalnız və yalnız “Ne mutlu Türküm” deyə hayqıran, qanı qanımızdan, canı canımızdan olan biz türklərə xas ola bilər.
Qəsəbəyə daxil olduğumuzda hər birimizə qarşı ayrıca sevgi, ayrıca hörmət və diqqət nümayiş etdirilirdi. “Mamuşa Alpərənlər Gənclik Dərnəyi”nin fəal üzvləri də qonaqların rahatlığı üçün əllərindən gələni əsirgəmirdilər. Cavan, qoca, gəlin qızlar – hamı yaxınlaşıb bizi salamlayır, “Hoş geldiniz” deyirdilər. Hamının üzündə gülüş və sevinc hissləri hakim kəsilmişdi. Salamlaşma başa çatdıqdan sonra yerli xalq çalğı alətləri ansamblının ifasında əsl Türk milli rəqsləri, dumbul musiqisi ifa olundu. Hamı əl-ələ verib dostluq və qardaşlıq rəmzi olan yallı oynamağa başladılar. Özümü saxlaya bilməyib mən də yallı cərgəsinə dayandım və doyuncaya qədər rəqs elədim. Meydandakı dumbulların səsi o qədər gur idi ki, hərdən insanların səsini də eşitmirdim. Bu gurultuda sanki bir millətin haqq səsi, çılğınlığı, Türk cəngavərlərinin döyüş meydanındakı bağırtısı duyulurdu. Hamı xoşbəxt, hamı mutlu və mehriban idi.
Rəqs etdikdən sonra hamı süfrə başına əyləşdi. Yeməkdən əvvəl Sakarya Universitetinin professoru Recai Coşkun bütün qonaqları salamladı və yeməkdən öncə dualar oxundu. Bütün Türk xalqlarının hüzur və sülh şəraitində yaşaya bilməsi, Türk Birliyi – Böyük Turan yaradılması uğrunda bütün səylərin birləşdirilməsi naminə dualar səsləndi. Yemək boyu da insanlar arasında səmimi söhbətlər, qardaşcasına polemikalar aparılırdı. Heç kim soruşmurdu ki, kim hansı ölkədəndir, çünki hamı yaxşı bilirdi ki, hamı Türkdür. Coğrafi baxımdan hansı ərazidə yaşamasından asılı olmayaraq bir olan, eyni arzularla yaşayan, eyni hədəfləri qarşıya məqsəd tək qoyan böyük Türk milləti!
Yeməkdən sonra elə həmin meydanda stullar düzüldü və hamı dairəvi şəkildə əyləşərək mərasimin ikinci hissəsinə şahidlik etdilər. Əvvəlcə Mamuşa bələdiyyəsinin rəhbər şəxsləri, “Mamuşa Alpərənlər Gənclik Dərnəyi”nin fəalları, Sakarya Universitetinin, eləcə də Priştina Universitetinin rəhbər şəxsləri çıxış etdilər, Türk dünyasının sarsılmaz birliyindən, Kosovoda yaşayan türklərdən, xüsusən də Kosovonun Türkiyəsi sayılan Mamuşa qəsəbəsindəki mövcud durumdan danışıldı. Çıxışlardan sonra yenə söz musiqiyə verildi. Türk milli rəqslərinin sədaları altında qəsəbənin cavan qız və oğlanlarından təşkil olunmuş rəqs qrupları maraqlı kompozisiyalarla çıxış etdilər. Meydanda ayaq basmağa yer yox idi. Hətta qonşu evlərin pəncərələrindən də insanlar bu möhtəşəm toplantıya tamaşa edir və gələn qonaqları alqışlayırdılar.

Artıq gecə düşmüşdü. Görüşümüz bitmək üzrə idi. Amma açığını desəm, heç mamuşalılardan ayrılmaq istəmirdim. O qədər isti, o qədər doğma gəldilər ki, mənə bu insanlar, onların çöhrələrindəki o doğmalığı hələ uzun müddət duymaq, hiss etmək istəyirdim. Ayrılan zaman bizi avtobuslara qədər yola salan qəsəbə əhalisi bizim arxamızca “Tanrı Türkü korusun!”, “Ne mutlu Türküm diyene!”, “Türkün Türkden başka dostu yok!” kimi şüarlar səsləndirirdilər…

… davamı var…

Fəlsəfə doktoru Əhməd Şahidov
Комментарии на Фейсбуке