“PRİŞTİNA ŞƏHƏRİNİN KÜÇƏLƏRİNDƏ MÜHARİBƏNİN İZLƏRİNİ DUYMAQ OLUR”

kosovo1Əhməd Şahidov: “Kosovonun əhalisi sürətlə avropalılaşır”
“Balkan gündəliyi” silsiləsindən birinci yazı…
Kosovoya səfərimi səbirsizliklə gözləyirdim. Bütün dünyanın diqqət mərkəzində olan bu məmləkət mənim də marağıma səbəb olmuşdu. Xırda daşından bayrağına kimi tam siyasiləşmiş bu ölkə tarix boyu siyasi çəkişmə və müharibələrin mərkəzi olub. Elə Kosovoya bilet alanda da bu çəkişmələrin cücərtilərini hiss elədim. Həmişə olduğu kimi öz hava yollarımız olan AZAL ilə uçmağa üstünlük verirəm. Ümumiyyətlə, təyyarələri yüksək səviyyəli olmasa da, məhz AZAL-ın uçuş heyəti, xüsusən də pilotları sırf peşəkarlardan ibarətdir. Bunu tək mən deyil, bütün dünya belə qəbul edir. Lakin öyrəndim ki, Azərbaycan rəsmi olaraq, Kosovonun müstəqilliyini qəbul etmədiyindən Kosovonun paytaxtı Priştina şəhərinə də heç bir uçuş həyata keçirmir. Daha sonra AEROFLOT şirkətinə məxsus təyyarə ilə Moskva üzərindən Priştina şəhərinə bilet almaq qərarına gəldim. Rusiya da Kosovonu bir dövlət kimi tanımadığından bu avia şirkət də bilet satmadığını bildirdi. Sonda Türkiyəyə məxsus THY şirkətinə məxsus təyyarəyə bilet aldım. Uçuş istiqaməti Bakı-İstanbul-Priştina idi. Bakıdan İstanbula 2 saat 30 dəqiqəyə, İstanbuldan da Priştinaya 50 dəqiqəyə uçdum. Paytaxt Priştinaya endikdə artıq Kosovo barədə əsaslı biliklər əldə etmək mümkün idi. Atalar düz deyiblər, yüz oxumaqdansa, bir görmək yaxşıdır. Priştina hava limanında Lutfhansa, Air France, Austrian Airlines kimi beynəlxalq Avropa aviq şirkətlərinin təyyarələrini gördükdə artıq Kosovonun da Avropa ailəsinin qeyri-rəsmi üzvü olduğuni duydum. Düzdür, infrastruktur baxımından çox zəif olsa da, hələ müstəqilliyinin ikinci ilinə qədəm qoymuş bir ölkə üçün çox böyük müvəffəqiyyət hesab edilə bilər. Onu da qeyd edim ki, Kosovoda neft, qaz və digər strateji məhsullar istehsal edilmir, bu ölkənin dənizə çıxışı yoxdur. Buradakı bütün iqtisadiyyat sırf xaricdən yatırılmış investisiyalar hesabına başa gəlir. Odur ki, bucür imkanlar müqabilində inkişaf etmək və sürətlə Avropaya yaxınlaşmaq özü də böyük işdir.Kosovo dağlıq bir ərazidir. Dörd tərəfi böyük dağlarla əhatə olunmuş bu ölkə 2008-ci ilin fevral ayında öz dövlət müstəqilliyini elan edib. 2010-cu ilin may ayına olan məlumata görə, Kosovonun müstəqilliyini artıq 69 ölkə tanıyıb. Azərbaycan bu ölkələr siyahısında deyil. Bu məsələdə Azərbaycanı başa düşmək olar. Öz ərazisinin 20 faizi işğal altında olan, ərazi bütövlüyü pozulan bir dövlətin Kosovonu tanıması arzuolunmaz fəsadlar verə bilər. Burada ən azından Rusiya fəktorunu da nəzərə almaq lazımdır. Regionda söz sahibi olan Rusiya Federasiyası əgər Kosovonun müstəqilliyini tanımayıbsa, Azərbaycan da müəyyən mənada bu qərarla hesablaşmaq zorundadır.Kosovo Respublikası ilə tanışlığım elə aeroportdan başladı. Hava limanındakı gömrük əməkdaşları Azərbaycan Respublikasının vətəndaşlıq pasportunu görüncə, məni ayrıca otağa dəvət etdilər. Çox mədəni, sakit şəkildə sorğu-sual başladı. İngilis dilində danışırdıq. Əvvəlcə, mənim Kosovoya gəlişimin səbəblərini, neçə gün burada qalacağımı, Azərbaycanda nə işlə məşğul olmağım barədə müxtəlif suallar verildi. Sorğu-sualın uzandığını görüb Rusiya Federasiyasının Prezident Adminstrasiyasının mənə verdiyi vəsiqəni təqdim etmək qərarına gəldim. Amma kaş ki, o vəsiqəni göstərməzdim. Sonradan yadıma düşdü ki, Rusiya Federasiyası nəinki Kosovonun müstəqilliyini tanımır, hətta bu ölkəyə düşmən münasibəti də bəsləyir. Əslində Kosovoya deyil, Kosovonu əlində saxlayan ABŞ, Almaniya, Fransa, Türkiyə və İtaliyaya bucür münasibəti var. Həmin vəsiqəni görəndə vəziyyət daha da gərginləşdi. Dərhal “EU Police” işarəsi olan xüsusi imtiyazlara malik polislər dəvət edildi və mənimlə sorğu-sual yenidən başladı. Mən də Azəri türkü olduğumu, sadəcə Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil aldığımı və Priştina Universitetində keçiriləcək elmi konfranda iştirak etmək üçün bura gəldiyimi bildirdim. Sonda polislər Kosovonun Xarici İşlər Nazirliyi ilə əlaqə saxladılar və mənim barəmdə bütün məlumatları məruzə etdilər. XİN-dən gələn cavab mənim narahatçılığıma son qoydu. Mənim xarici pasportuma möhür vurub məni ölkəyə buraxdılar.Gəldik Priştina şəhərinə. Yol boyu dağıdılmış infrastruktur, yarı təmirli, yarı bərbad yollar, alçaq boylu binalar gözə dəyirdi. Çox kiçik şəhərdir Priştina. Küçələrdə NATO-ya məxsus KFOR adlı hərbi birləşmələri görmək olardı. Kosovo hələ də NATO əsgərlərinin nəzarəti altndadır. Ölkə sanki serblərin işğalından qurtulub, amma indi də NATO-nun nəzarətindədir. Buna nə dərəcədə müstəqilliq adı vermək olar, bilmirəm. Amma yeni müstəqillik əldə etmiş ölkə üçün bir növ keçid dövrü olaraq, hələlik NATO əsgərlərinin yerləşdirilməsi və Kosovonun özünün silahlı qüvvələri olana qədər situasiyaya xarici əsgərlərin nəzarət etməsi normal qarşılana bilər. Mən indi başa düşdüm ki, millətlər niyə azadlığa can atır və öz ölkəsində başqa ölkənin silahlı qüvvələrinin keşik çəkməsini istəmirlər. Bundan pis şey yoxdur, məncə. Təsəvvür edin ki, şəhərin ən yaxşı yerlərində NATO-nun hərbi bazaları yerləşir, NATO tərkibində xarici əsgərlər sanki ağa kimi gəzirlər şəhərdə, kimi istəsələr döyə və təhqir edə bilərlər. Heç kim də onlara bir söz deyə bilməz. İnsanlar yenə də kənardan nəzarət altında olduqlarını daim hiss etməkdədirlər. Əslində mən adi Kosovo vətəndaşı olsaydım, mənim üçün heç bir fərqi olmazdı, ölkəmdə ya serb əsgərləri ağalıq etsinlər, ya da NATO tərkibində alman və ya fransız əsgərləri. Hər ikisi başıma ağa kəsiliblər. Fərq yalnız ondadır ki, serblər Kosovo albanlarını (Kosovoda 98 faiz əhali müsəlman albanlardır) döyür, təqib edir, öldürür, NATO əsgərləri isə mülayim davranır, sülhməramlı kimi təqdim edilirlər. Əslində NATO daxilində xidmət keçən əsgərlər təkcə xidmət keçmir. Kosovoya gələn alman əsgərləri öz ölkəsinin dinini, mədəniyyətini, təhsilini yayır, fransız gəlib özünün idelogiyasını təbliğ edir. Və beləliklə, Kosovonu mədəni şəkildə özününküləşdirməyə çalışırlar. Bu, əslində millətin genefonuna qoyulmuş və təqribən 50-60 ilə hesablanmış bir bombadır. Həmin zaman kəsiyindən sonra Kosovoda ya almanlar olacaq, ya fransızlar, ya da amerikanlılar.Təbii ki, bu mövzuda Türkiyə Cümhuriyyətinin də rolunu qeyd etmək lazımdır. Məhz Türkiyənin səyləri nəticəsində Kosovoda əhalinin Avropalı missionerlər tərəfindən kütləvi şəkildə xristianlaşmasının qarşısı alınır. Məhz Türkiyə hər il Kosovoda məscidlər tikdirir, türk dilli məktəblər, vakıflar açır, türkçülüyün, İslamın bu yerlərdən itib-batmaması üçün geniş bir mücadilə verir. Çünki, hələ Osmanlı dövründən Balkanlar qədim türklərin yaşadığı yerlər olmuş, burada yüzillər boyu türklər məskən salmışlar. Türkiyə də Osmanlı İmperiyasının varisi kimi həmin milli və mənəvi irsə sahib çıxmaqda bir növ borcludur. Osmanlının Kosovoya ilk gəlişi təqribən XIV əsrin birinci yarısına təsadüf edir. O vaxtlar Kosovonu fəth edən ilk Osmanlı padşahı Sultan Murad Kosovoya daxil olur, Priştinanı ələ keçirir. Uzun illər boyu Osmanlı həmin bölgədə mövcudluğunu qoruyub saxlamışdır. 1878-ci ilə qədər o torpaqlar Osmanlının nəzarətində olmuşdur ki, bu da artıq 5 əsr deməkdir. Sultan Muradın ölümü də qəribə olur. Demək, Kosovonu fəth edən Sultan Murad Priştina şəhərində əsgərlərin toplaşdığı yerə gəlir və əsgərlərlə söhbətləşir. Elə bu məqamda əsgərlərin içinə daxil olmuş bir serb əsgəri arxadan gələrək Sultan Murada bıçaq zərbəsi vurur və Sultanı qətlə yetirir. Elə indi də Priştina şəhərində həmin yerdə Sultan Muradın məqbərəsi ucaldılıb ki, mən də həmin məqbərəni ziyarət etdim və Sultan Muradın qəbri ətrafında xeyli düşündüm. Düşündüm ki, Türklərin tarixi necə zəngindir, düşündüm ki, biz Türklər tarix boyu salnamə yazmışıq, dünyanı fəth etmişik.Priştina şəhəri çox sadə arxitektur quruluşa malikdir. Sadə küçələr, çoxsaylı məscidlər, hələ müharibə dövründən dağıdılmış binalar diqqəti çəkməkdədir. Küçələri gəzərkən diqqəti cəlb edən bir cəhət də müharibə dövründə şəhid olmuş və ya itkin düşmüş insanların şəkillərinin, qısa tərcümeyi-halının divarlarda yapışdırılmasıdır. Şəhərdə bir-iki sayda dəbdəbəli binalar, hotellər, restoranlar da var ki, bunlar da əsasən xarici qonaqlar, ələxsus da NATO əsgərləri və zabitləri üçün nəzərdə tutulub. Şəhərdə çoxlu sayda dünyaca məşhur marka sayılan firmaların mağazaları da var. Amma bu mağazaların müştəriləri çox azdır. Bu mağazaları açmaqda məqsəd Kosovonun iqtisadiyyatına yatırım yapmaq və ölkəni inkişaf etdirmək deyil. Sadəcə hər bir NATO üzvü olan ölkə bucür mağazalar açmaqla, özünün Kosovoda mövcudluğunu nümayiş etdirir, tədricən burada kök salmağa çalışır. Çünki, Avropalılar yaxşı bilirlər ki, Kosovo geo-siyasi cəhətdən çox strateji bir ölkədir. Azərbaycan regionun ən önəmli ölkəsi olduğu kimi Kosovo da Avropanın ana damarı sayılır. Avropaya daşınan bütün məhsullar məhz Kosovodan keçməklə daha tez mənzilə yetişə bilir. Ona görə uzun illər bu başı bəlalı ölkə uğrunda şiddətli müharibələr sürməkdədir. Maraqlısı da ondan ibarətdir ki, bütün böyük müharibələr – I Dünya müharibəsi, II Dünya müharibəsi məhz bu torpaqlardan başlayıb və ilkin qığılcımını buradan götürüb. Hətta buralarda zarafatla deyirlər ki, III Dünya müharibəsi də Balkanlarda başlayacaq.

… davamı var…

Fəlsəfə doktoru Əhməd Şahidov

[flickr-gallery mode=»photoset» photoset=»72157624059927885″]
Комментарии на Фейсбуке