“RUMINİYANIN ƏSASINI TÜRKLƏR QOYUBLARMI?!”

Əhməd Şahidov Türkiyənin Celal Bayar Universitetində çıxış etdi
Türkiyənin Manisa şəhərində keçirilən “İkinci Beynəlxalq Balkanlarda Türk Varlığı Sempozyumu”nda azərbaycanlı gənc alim Rusiya Federasiyası nümayəndəsi kimi təqdim edilib
Yerli və xarici mətbuatdakı maraqlı yazıları ilə oxucularımıza tanış olan gənc PhD Əhməd Şahidov dünən (14 May 2010) Türkiyənin Manisa şəhərində yerləşən Celal Bayar Universitetində çıxış edib. Universitetin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində keçirilən “İkinci Beynəlxalq Balkanlarda Türk Varlığı Sempozyumu”nda gənc alim “Beynəlxalq münasibətlər, Balkanlar və Türkiyənin siyasəti” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Dünyanın bir çox ölkəsindən alim və araşdırmaçıların qatıldığı bu möhtəşəm tədbirdə Naxçıvan Milli Elmlər Akademiyasının iki əməkdaşı da çıxış etmişlər.

Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Dövlət hüququ” fakültəsinin 3-cü kursunda akademik təhsilini davam etdirən gənc alim Manisa şəhərində keçirilən bu tədbirdə öz çıxışını da məhz hüquq müstəvisində qurmuşdur. Əvvəlcə Balkan yarımadasının tarixi və coğrafi xüsusiyyətlərini sadalayan Əhməd Şahidov daha sonra bu torpaqların ilk sakinlərini araşdırır, türklərin bu ərazilərə sonradan köçmədiyini, əksinə hələ qədim zamanlardan bu torpaqlarda yaşadıqlarını vurğulamışdır. Balkan yarımadasında baş verən müharibələr, daha sonra müstəqillik əldə etmiş dövlətlər və həmin ölkələrdə yaşayan millətlərin xüsusiyyətlərini araşdıran gənc alim Türkiyə Cümhuriyyətinin hər zaman bu torpaqlara və orada yaşayan türklərə qarşı həssas olduğunu qeyd etmişdir. Ə.Şahidovun sözlərinə görə, Balkanlar hər zaman müharibə və intriqa ocağı olmuşdur, burada təkcə din savaşı deyil, eyni zamanda mədəniyyətlərin də mübarizəsi baş vermiş və indi də bunun şahidi oluruq. Qərb və xristian dünyası davamlı və məqsədli şəkildə türkləri bu ərazidən sıxışdırmağa çalışır, Türkiyənin Balkanlardakı təsirini minimuma endirmək üçün əlindən gələni edir. Tarix boyu bu bölgədə yaşamış türklərin tikib yaratdıqları məscidlər, müxtəlif mədəniyyət abidələri ya dağıdılmış, ya da restavrasiya adıyla başqa formaya salınmışdır. Bu səbəbdən regionda türklərin varlığını qoruyub saxlamaq nöqteyi-nəzərindən Türkiyə dövlətinin səylərini yüksək qiymətləndirən Əhməd Şahidov sempozyumun gedişi və orada açıqlanan fikirlər barədə müxbirimizə maraqlı faktlar açıqladı: “Yüzə yaxın alimin qatıldığı bu beynəlxalq tədbirdə Balkan ölkələri və orada baş verən hadisələr barədə çox ilginc məlumatlar əldə etdim. Sempozyuma təkcə türk dövlətlərindən deyil, Balkan ölkələrindən də — Kosova, Rumıniya, Bolqarıstan, Makedoniya, Hersoqovina, Xorvatiyadan gəlmiş araşdırmaçılar iştirak edirdi. Onların çıxışlarını bir-bir dinlədim. Mənim Balkan regionu ilə bağlı təsəvvürlərim daha da zənginləşdi. Öyrəndim ki, Rumıniyanın əsasını qoyan məhz türklər olub, Balkanlara İslam dinini və mədəniyyətini məhz türklər gətiriblər, müharibələr zamanı regiondakı türk şəhidlərinin məzarları dağıdılmış və yerində xristian qəbristanlığı salınmışdır, türklərin Balkanlardakı tarixi mövcudluğunu sübut edən tarixi sənədləri Birinci Dünya Müharibəsi zamanı bir ingilis taciri ucuz qiymətə almış və İngiltərəyə aparmışdır. Hal-hazırda Britaniya hökuməti həmin sənədləri məxfi şəkildə saxlayır və tarixçilərin araşdırmasına imkan vermir. Görünür, Qərb dünyası türklərin həqiqətən dünyanın qədim sahibi olduqlarını bildiyindən bucür informasiyaları geniş ictimaiyyətə açıqlamır və əksinə, Türkiyəni və türkləri hər vəchlə zəiflətməyə çalışırlar.”

Balkanlarda Türk varlığı barədə maraqlı fikirlərini açıqlayan gənc alim Əhməd Şahidov daha bir sürpriz olayı qəzetimizə açıqladı. Belə ki, sempozyumda çıxış zamanı azərbaycanlı araşdırmaçı Rusiya Federasiyasının nümayəndəsi kimi təqdim edilmişdir. Konfrans başlanmazdan əvvəl qeydiyyat zamanı ona təqdim edilən iştirak kartında da mənsub olduğu ölkənin Rusiya kimi göstərildiyini bildirən Əhməd Şahidov bunu təhsil aldığı akademiya ilə əlaqələndirdi: “Açığını desəm, mən də bunu gözləmirdim. Qeydiyyat zamanı mənə sinəmdə asmaq üçün kimlik kartı verildi. Kartın üzərində “Dr. Ahmet Şahidov – Rusya Federasyonu” sözləri yazılmışdı. Daha sonra sempozyumun proqram kitabçasına baxdım, orada da mənsub olduğum ölkə Rusiya göstərilmişdi. Çıxışım zamanı məni məhz Rusiya nümayəndəsi kimi təqdim etdilər. Sonradan anladım ki, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil aldığımdan məni rus olaraq zənn ediblər. Hətta çıxışımı Osmanlı türkcəsində edərkən dinləyicilərin üzündə bir təəccüb hissini duyurdum. Sanki bir rusun türkcə gözəl danışmasından heyrətə gəlmiş kimi idilər. Lakin sonradan ayaqüstü söhbətlər zamanı əslən Azərbaycandan olduğumu, yəni bir türk olduğumu, sadəcə Moskvada təhsil aldığımı çatdırdım. Onu da qeyd edim ki, Rusiyada təhsil almağım türklərin çox xoşuna gəldi. Mənə  Rusiya-Türkiyə münasibətləri, o cümlədən Rusiya dövlətinin Balkanlarla bağlı siyasətindən çoxlu suallar verildi. Bir professor mənim daha çox hansı yönümlü olduğumu soruşdu. Heç fikirləşmədən Türk olduğumu və kimliyimlə də qürur duyduğumu bildirdim. Çıxışımdan daha çox məhz bu kəlməm gurultulu alqışlara səbəb oldu. Sonda Celal Bayar Universitetinin xüsusi ödülü ilə mükafatlandırıldım. Ümumiyyətlə, bu səfərimdən çox razı qaldım və bu səbəbdən özümü çox mutlu hiss edirəm”.

Sonda Əhməd Şahidovun gələcək planları ilə də bağlı maraqlandıq. 29 May — 06 İyun 2010-cu il tarixlərində Balkan ölkələrinə səfər edəcəyini bildirən gənc alim Kosovoda düzənlənəcək beynəlxalq konfransda oxşar mövzuda çıxış edəcəyini, daha sonra Albaniya, Herseqovina, Çernoqoriya və Xorvatiyaya səfər edəcəyini bildirdi.

[flickr-gallery mode=»photoset» photoset=»72157623934710191″]

Комментарии на Фейсбуке