5 aylıq işi 45 dəqiqəyə…

ahmadƏhməd Şahidov: «Ən böyük planım Azərbaycanla bağlıdır»
«Idmanla yanaşı, elm də dövlətin əsas prioritet sahələrindən olmalıdır»

Hər zaman öz görkəmli alim və ziyalıları ilə tanınan Azərbaycanda indi elmə maraq göstərənlərin sayı olduqca azdır. Söhbət ali məktəblərin saysız-hesabsız tələbə və məzunlarından getmir. Bu, hələ elm və təhsilə olan marağın göstəricisi sayıla bilməz. Çünki Azərbaycan reallığında ali təhsil və onun yüksək pillələrinə yiyələnmək elmi biliklərə yiyələnmək anlamına gəlmir. Bu gün gənclər daha çox dəb və “qonşudan geri qalmamaq” prinsipinə əsaslanaraq ali təhsil ocaqlarına üz tuturlar. Düzdür, bunun obyektiv səbəbləri də var. Amma istənilən halda acı gerçəklik bundan ibarətdir. Lakin bütün dövrlərdə olduğu kimi indi də elmə həqiqi maraq göstərən gənclərimiz var. Müsahibimiz 27 yaşlı Əhməd Şahidov bu yaxınlarda filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Gəlin, gənc alimin fikirləri və gələcək planları ilə birgə tanış olaq.
— Elm sahəsinə maraq səndə hardandır? Belə gənc yaşlarında özünü elmə həsr etmək bir qədər çətin deyilmi?
— Bilirsiz, hər bir insanın həyatda arzuları olur. Çalışır ki, o arzulara çatsın. Həmişə hər şeyə məhz gənc yaşlarında nail olmağa, çalışdığım sahədən asılı olmayaraq, həmişə birincilər sırasında olmağa, bir sözlə yaşıdlarımdan fərqlənməyə can atmışam. Həyatda ucalmaq üçün isə şübhəsiz ki, elmli olmaq, bilik, savad sahibi olmaq gərəkdir. Həmişə müəyyən ixtisas üzrə yüksək səviyyəli mütəxəssis olmağa, bu sahənin alimi olmağa çalışmışam. Həyatda asan heç nə yoxdur. Əsası odur ki, çətinliklə əldə edilən nailiyyətdən sən və sənin yaxınların, xalqın xeyir götürə bilsin.
— Müasir Azərbaycan gəncliyinin intellektual səviyyəsi və elmə marağı səni qane edirmi?
— Azərbaycan təkcə təbii sərvətləri ilə deyil, eyni zamanda insan resursu ilə də zəngindir. Gələcəyin şəxsiyyətləri indi də yetişməkdədir. Ümumilikdə deyə bilmərəm, amma mənim ətrafımda olan gənclərin intellektual səviyyəsindən razıyam. Mənim ən yaxın dostum olan Seymur Həziyevi götürək. O da Milli Elmlər Akademiyasının aspirantıdır, lakin indi hərbi xidmətdədir, Vətənə xidmət edir. Onunla söhbət etməkdən həmişə zövq almışam. Gənc olmasına baxmayaraq, çox fəlsəfi bir insandır. Həmişə onun düşüncə tərzinə həsəd aparmışam. Bu cür gənclərimiz çoxdur. Məncə, belə gənclərə şərait yaratmaq və onlara güvənmək lazımdır.
— Azərbaycan elmində hansısa alimləri özünə ideal seçmisənmi, hansı alimə bənzəmək istərdin?
— Azərbaycanın istedadlı alimləri olub və indi də var. Ümumiyyətlə, həyatda kiməsə oxşamağı qarşıma məqsəd qoymamışam. Lakin, ayrı-ayrı alimlər var ki, onlara simpatiyamı gizlədə bilmirəm. Məsələn, Lütfizadə kimi savadlı alim, Ziya Bünyadov kimi vətəndaş və Kamal Abdulla kimi gözəl insan olmaq istərdim.
— Bu yaxınlarda filologiya elmləri namizədi elmi dərəcəsini almısan. Ixtisasın dilçilikdir, gələcəkdə bu ixtisas istiqamətində daha geniş tədqiqatlar aparmaq niyyətin varmı? Ümumiyyətlə, gələcək elmi planların nədən ibarətdir?
— Bəli, ixtisasca linqvistəm. Namizədlik dissertasiyamın mövzusu rus və Azərbaycan dillərində heca anlayışı ilə bağlıdır. Çox maraqlı mövzudur, lakin gələcəkdə bu istiqamətdə tədqiqatlar aparmaq fikrində deyiləm. Belə ki, doktorluq dissertasiyamı Türk dövlətlərinin təhlükəsizlik probleminə həsr etmək fikrim var. Artıq bu sahədə ilkin araşdırmalara start vermişəm, bu mövzuyla bağlı bir-neçə beynəlxalq konfranslarda uğurlu çıxışlarım da olub. Gələcək planlarım isə çoxdur. Ən böyük arzum və planım Azərbaycanla bağlıdır.
— Əcnəbi dil öyrənmək çətindirmi? Ümumiyyətlə, hansı əcnəbi dilləri bilirsən?
— Hər hansı əcnəbi dili öyrənmək üçün ilk növbədə öz ana dilini mükəmməl bilməli, onun fonetik xüsusiyyətlərini, tələffüz qaydalarını yaxından mənimsəməli, ümumiyyətlə dilin spesifik cəhətlərinə yaxından bələd olmalısan. Uşaqlıqdan xarici dillərə böyük həvəs göstərmişəm. Ana dilindən başqa, rus, ingilis, alman və təbii ki, türk dillərində sərbəst danışıram.


— Bilirsən ki, bir çox azərbaycanlı alimlər Azərbaycandan kənarda fəaliyyət göstərməyi üstün tuturlar. Sənin gələcəkdə ölkəni tərk edib xaricdə işləmək fikrin varmı?

— Düzdür, bu gün Azərbaycanda bir çox alimlərimizin maddi durumu heç də ürəkaçan deyil. Bir vətəndaş kimi bu məsələ məni də ciddi narahat edir. Lakin Vətəni tərk edib xaricdə fəaliyyət göstərmək fikrim yoxdur. Türkiyədə olarkən, orada yaşamaq və çalışmaq barədə “Türk Dünyası Araşdırmaları Vakfı” tərəfindən təkliflər almışam. Hətta Mərmərə Universitetində rus dilindən dərs demək təklifi də almışam. Lakin razılıq verməmişəm. Mən ilk növbədə azərbaycanlıyam, öz bilik və savadımı Vətənimdə tətbiq etmək, çətin olsa da öz ölkəmdə yaşamaq və fəaliyyət göstərmək niyyətindəyəm. Burada mənim ailəm, yaxınlarım, dostlarım və məni sevənlər var.
— Azərbaycanda elmə marağın artırılması məqsədilə hansı işlər görülməlidir?
— Məncə Azərbaycanda gənclərin elmə daha çox maraq göstərməsi, ticarəti bir kənara atıb ciddi elmi araşdırmalar aparması üçün dövlət ilk növbədə gənclərin sosial durumunu yaxşılaşdırmalı, elm sahəsinə daha çox diqqət yetirməli, elmi tədqiqatların həyata keçirilməsi üçün dövlət büdcəsindən daha çox vəsait ayrılmalıdır. Idmanla yanaşı, elm sahəsi də dövlətin əsas prioritet sahələrindən biri olmalıdır.


— Sən kibernetika sahəsində peşəkar proqramçısan. Ümumiyyətlə, elmi araşdırmalarda kibernetik biliklərin nə dərəcədə rol oynayıb?

— Bilirsiniz, mən özümü dərk edəndən kompüterim olub. Uşaq vaxtlarımdan kompüterə ciddi sahə kimi yanaşmışam. Elə günlərim olurdu ki, fasiləsiz 8-10 saat kompüter arxasında otururdum. Bu, bir növ xroniki hala çevrilmişdi. Elə indinin özündə də 3 gün kompüterdən, xüsusən də internetdən kənar gəzsəm, dəli olaram. Real həyat qədər, bəlkə də ondan daha çox əhəmiyyət kəsb edən öz virtual həyatım mövcuddur. Virtual dostlarım və düşmənlərim də var. Əlbəttə ki, dissertasiyamın yazılmasında kibernetikanın imkanlarından maksimum istifadə etmişəm. Bu səbəbdən də namizədlik işimi cəmi 4 ay ərzində yazıb bitirdim. Belə ki, rus və Azərbaycan dillərindəki bütün ikihecalı sözləri (23 000 ikihecalı söz) lüğətlərdən seçib yazmağa cəmi 45 dəqiqə vaxt sərf etdim. Hörmətli elmi rəhbərim isə bu tapşırığın yerinə yetirilməsi üçün mənə düz beş ay vaxt vermişdi.
— Bu səviyyəyə gəlib çatmağına görə özünü kimlərə borclu bilirsən?
— Ilk növbədə Allahıma şükürlər edirəm ki, məni məhz bu cür yaradıb — ağlım yerində, canım sağlam, gözlərim görür, qulaqlarım eşidir. Sonra valideynlərimə və müəllimlərimə minnətdaram ki, məni böyüdüb boya başa çatdırıblar və təhsil veriblər. Və bir də bir neçə dostum var ki, onlara təşəkkürümü bildirirəm. Çünki, həyatda ayaq üstə durmaqda, özümü tapmaqda, həyatda nə üçün yaşadığımı dərk etməkdə o insanlar mənə çox kömək ediblər.
Bilirsiz, həyat elə özü bir fəlsəfədir. Bu fəlsəfənin nüvəsində elə arzu dayanır. Arzu olmasa, həyat olmaz, sevgi olmaz, inkişaf olmaz. Hər bir insan kimi mənim də arzularım var. Əvvəlcə, hər hansı bir şeyi arzulayıram. Həmin arzuya yaxınlaşdıqda, artıq arzu plana çevrilir, konkret məqsəd və vəzifələr bilinir.
— Azərbaycanın gələcəyini necə görürsən və ya necə görmək istərdin?
— Azərbaycanı inkişaf etmiş, müasir və demokratik bir ölkə kimi görmək istərdim. Istərdim ki, Azərbaycan təkcə təbii sərvətləri, neft və qazı ilə deyil, həm də insan kapitalı ilə — musiqiçiləri, alimləri, idmançıları, diplomatları, qəhrəmanları ilə tanınsın bütün dünyada. Istərdim ki, Rusiya prezidenti gələcəkdə Azərbaycana təkcə qaz üçün deyil, hansısa azərbaycanlı alimi Moskvaya dəvət etmək üçün də gəlsin. Istərdim ki, Israil prezidenti Azərbaycana təkcə siyasi məqsədlər üçün deyil, dahi bir Azərbaycan musiqiçisinin konsertində iştirak etmək üçün də gəlsin…

02 İyul 2009-cu il, «Azadlıq» qəzeti

Комментарии на Фейсбуке